Ələkbər Məmməd
Ev əşyalarından sonra dünyada ən çox istifadə olunan texnoloji cihaz smartfonlardır. Smartfon bazarında ən böyük yeri də Samsung, Huawei və Apple şirkətləri tutur.
2018-ci ilin üçüncü rübündə ən çox telefonu hansı şirkət satıb?
İlin üçüncü rübü – yəni iyul-sentyabr aylarında təqdim olunan satış hesabatlarına görə, Samsung şirkəti 19%-lik bir bazar payı ilə birinci yeri tutub. 14%-lik bazar payı ilə dünyanın ən bahalı şirkəti olan Apple-ı geridə qoyan Huawei isə ikinci yerin sahibi olub. Üçlüyün sonuncu yerində isə 12%-lik bazar payı ilə Apple şirkəti qərarlaşıb.
Ümumilikdə isə bu üç şirkət bazar payının 45%-inə, yəni təxminən yarısına malikdir və buna əsasən də digər istehsalçı şirkətləri geridə qoya bilirlər. Üçüncü rüb də daxil olmaqla, ümumilikdə 380 milyon cihaz satılıb, ki bu da keçən ilin satış sayından 5% çoxdur.
Bazarın digər hissəsinə dominantlıq edən şirkətlərin payında isə ciddi azalmalar qeydə alınıb. Xüsusilə Çin bazarında ciddi dominantlıq etməyə çalışan Oppo və Xiaomi bazarın ayrı-ayrılıqda 9%-lik hissəsinə sahib olublar. Siyahının növbəti yerlərində isə 8%-lik bazar payı ilə Vivo və 3%-lik bazar payı ilə Lenovo yer alır.
Qitələrə görə alınmış hesabatlarda isə nəticələr daha fərqlidir. Uzun illərdir Asiya bazarında bazar dominantlığı edən Samsung belə görünür ki, Çin istehsalçıları ilə bacara bilməyib. Belə ki, şirkətin burada bazar payı 10%-ə qədər geriləyib. Sözügedən bazara isə 16% ilə Oppo başçılıq edir.
Avropa bazarında isə bazarın normal vəziyyətdə fəaliyyət göstərdiyi görünür. Hesabata görə, qitəyə 31% bazar payı ilə Samsung başçılıq edir. Öz növbəsində Huawei – 22%, Apple – 19%, Xiaomi – 4% və Alcatel – 2% bazar payına sahibdir.