Tez-tez ölkə prezidentləri arasında telefon danışığı olduğu ilə bağlı xəbərlər dərc olunur. Bəs bu zənglər necə təşkil olunur və məxfilik necə qorunur?
Sputnik-in bununla bağlı araşdırmasını təqdim edirik:
Protokol
Ölkə başçıları və eləcə də yüksək səlahiyyətli dövlət məmurları arasındakı telefon danışığının baş tutması üçün bir sıra zəruri proseduralar baş tutmalıdır. Bu telefon danışıqları ən az üz-üzə görüş qədər hazırlıq tələb edir və hər şey diqqətlə hazırlanır.
Sovet İttifaqının son lideri Mixail Qorbaçov və müstəqillikdən sonra Rusiyanın ilk lideri Boris Yeltsinin dövründə 10 il ərzində Kremldə protokol xidmətlərinə rəhbərlik edən Vladimir Şevçenko deyib ki, “bir qayda olaraq telefonla zəng etmək təklifi diplomatik kanallar vasitəsilə (yəni Xarici İşlər Nazirliyi və ya səfirlik) çatdırılmalıdır”.
Təklif edilərkən telefon danışığının nə zaman ediləcəyi və söhbətin mövzusu da deyilir. Təklif olunan vaxt uyğun deyilsə, başqa bir vaxt təyin edilir. Liderlərin telefon zəngi üçün uyğun olmamasının səbəbləri isə müxtəlif ola bilər:
İşlərin çoxluğu və ya liderin səhhəti ilə bağlı problemlər.
Ancaq bu səbəblərdən telefon danışığını təxirə salmaq və ya bunun heç baş tutmaması üçün bəhanə kimi istifadə edilə bilər.
Əvvəllər Rusiyanın Cənubi Koreya, Yaponiya, Norveç səfiri, həmçinin Rusiyanın xarici işlər nazirinin köməkçisi vəzifələrində çalışan Aleksandr Panov isə deyir ki, “telefon danışığının baş tutması üçün razılaşma prosesi bir neçə saat və ya bir neçə gün vaxt ala bilər. Razılaşma üçün sərf edilən vaxtın müxtəlifliyi liderlərin işlərinin çoxluğu, müzakirə ediləcək mövzu barəsindəki anlaşmazlıqları və ya aralarındakı gərgin münasibət ilə bağlı ola bilər. Əslində hər şey liderlər arasındakı münasibətlərdən asılıdır. Ancaq Rusiya prezidentləri bir çox məsələlərdə ortaq məxrəcə gələ bilmədikləri dünya liderləri ilə də telefon danışıqları edir”.
“Qırmızı xətt”
Qırmızı xəttlə görüş istisna təşkil edir. Belə ki, yuxarıda bəhs etdiyimiz səbəblər liderlərin təcili “qırmızı xətt”lə görüşməli olduğu hallar üçün keçərli deyil. Bu halda telefon danışığı sürətli şəkildə, hərhansı ön danışıqlar olmadan baş tutur. Məsələn, Kreml ilə Ağ ev arasında belə əlaqə yaradılır. Əvvəllər G7 liderlərinin hamısı ilə belə əlaqə yaradılırdı. Moskva ilə Vaşinqton arasında yazışma üçün nəzərdə tutulan “qırmızı xətt” mütəmadi olaraq açıq vəziyyətdədir.
Məsuliyyət tərcüməçidədir
Liderlər telefon danışığı zamanı tək olmurlar. Onlar hətta bir-birlərini rahat şəkildə başa düşsələr belə, protokola əsasən, mütləq yanlarında tərcüməçi olur.
V.Şevçenkonun sözlərinə görə, üz-üzə görüş ilə telefon danışığı arasında kəskin fərq var:
“Danışıq lakonik və dəqiq olmalıdır. Hər hansı yanlış bir ifadə, ikimənalı söz istənilməyən nəticələrə gətirib çıxara bilər. Tərcüməçi liderin sözlərini ildırım sürətilə tərcümə etməli, bəzən isə məsuliyyəti öz üzərinə götürməli, risk etməli və söhbət zamanı baş verən səhvləri düzəltməlidir”.
Onun sözlərinə görə, telefon danışığı zamanı ölkə başçısının yanında tərcüməçi ilə yanaşı, xəttlərdə problem olmaması və səsin aydın eşidilməsi işinə nəzarət edən texniki işçilər də olur.
Təhlükəsizlik
Ölkə başçıları arasındakı telefon danışıqları müasir telefon xətti ilə həyata keçirilir və yüksək səviyyədə təhlükəsizlik tədbirləri altında baş tutur. Bu söhbətləri dinləmək və ya müdaxilə etmək demək olar ki, mümkünsüzdür. Çünki səs bir ucdan digər uca kodlanır. Analoq siqnal diaqona çevrilir və zəng zamanı müxtəlif vaxt aralıqlarında davamlı olaraq dəyişən kompleks kriptoqrafik parol ilə kodlanır. Bütün parollar kompüterlər tərəfindən təsadüfi ədədlərə çevrilir və alqoritm anında dəyişir. İcazəsiz giriş olarsa, zəng avtomatik olaraq dayandırılır.
Bütün bu ciddi tədbirlərə baxmayaraq, vaxtaşırı olaraq liderlərin dinlənildiyi ilə bağlı xəbərlər gündəmə gəlir. 2015-ci ildə “Wikileaks” ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) Avropa ölkələrinin liderlərini, xüsusilə də Almaniyanın baş naziri və Fransa prezidentinin telefon danışıqlarını dinlədiyini sübut edən sənədləri dərc etdi. ABŞ-ın keçmiş kəşfiyyat işçisi Edvard Snouden də 2 il əvvəl bu barədə məlumat yaymışdı. Ancaq o dövrdə ABŞ-ın prezidenti olan Barak Obama müttəfiq ölkələrin liderlərinin dinlənilməsinə son qoyulduğunu açıqlamışdı.
Bütün bunlara baxmayaraq, liderlərin söhbətinə qulaq asmaq heç də asan deyil. Çünki telefon danışığının təhlükəsizliyini təmin edən kodları qırmaq üçün ən az 1 il yarım vaxt lazımdır. Həm də bu kodlar bir neçə dəqiqə aktiv qalır, daha sonra isə dəyişir.
Məqalənin müəllifi: Vladimir Ardayev