Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə Azərbaycanda rəhbər vəzifələrdə çalışan qadınların sayca çox az olduğunu deyib.
Report yazır ki, “Azərbaycanda İnsan Kapitalı üzrə Forum”da danışan M.Abbaszadənin sözlərinə görə, rəhbər vəzifələrdəki qadınların sayı heç 10 faiz də deyil:
“On yaşından başlayaraq gənclər imtahan verirlər. 26 il ərzində apardığımız statistik təhlillər göstərir ki, bütün mərhələlərdə orta statistik Azərbaycan qadını kişilərlə eyni səviyyədədir və hətta bəzi sahələrdə üstündür. Amma dövlət qulluğunda inzibati vəzifələrdə 30-40 faiz qadınlardır, rəhbər vəzifələrdə isə heç 10 faiz də qadın yoxdur. Mən hesab edirəm ki, Azərbaycan qadınlarının çox yüksək intellektual potensialı var. Azərbaycan qadınları sosial-iqtisadi inkişafa cəlb edilməlidir”.