Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunan 21 nəfərin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Virtualaz.org yazır ki, sabiq sədr prosesdə ifadə verəndə ona qarşı irəli sürülən ittihamları rədd edib və bunları “şou” adlandırıb.
Beynəlxalq Bankın Moskva filalının aktivləri 2 milyarda yaxın olub. Necə olur ki, mən 4.7 milyard manat pulu mənimsəmişəm? Ən azından rəqəmlərə baxın. Cinayət işini heç dövlət ittihamçıları tam oxumayıblar. Onlar ancaq ittiham hissəsi ilə tanış olublar. Xahiş edirəm ki, göstərərdiz görək həmin pullar mənim və ailə üzvlərimin hesabına necə köçüb? Belə bir sübut var? Guya mən həmin pullarla şəxsi əmlak almışam – deyə bankir ittihamı rədd edib.
C.Hacıyev deyib ki, ondan sonrakı rəhbərliyin dövründə bank zərərlə işləməyə başlayıb:
Mən banka ziyan vurmamışam, məndən sonra vurulub. 2015-ci ildən sonra kapital azalıb. Gedin yoxlayın. Bu, bankdır, rəqəmdir, sifarişlə cinayət işi qaldırmaq deyil.
Mənim vaxtımda Beynəlxalq Bankın aktivləri 7 milyard idi. Dövlət təşkilatlarına verilən kreditləri çıxsaq, özəl layihələrə 2 milyard qalır. İkinin üstə iki gələndə dörd eləyir, iyirmi dörd olmur. 2 milyarddan artıq israf etmək olmur. 2 milyard gedibsə, dövlətdən 12 milyard niyə götürülüb? 10 milyard hara gedib? Əsl cinayət budur. Cinayət bizdən sonra olub. O ziyanı mənə yazmaqla deyil.
Bankir dövlət ittihamçısının “Dünyamin Xəlilovun bankdan kredit götürməsi ilə bağlı nə deyə bilərsiniz” sualını belə cavablandırıb:
Məni o xətti keçməyə vadar etməyin, əgər elə olsa, onda buradakı cinayətkar dəstənin sayı artar.
Nə baş verib: C.Hacıyevə qarşı CM-nin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 213 (vergidən yayınma) və başqa maddələri ilə ittihamlar irəli sürülüb.