Nazirlər Kabineti fevralın 11-də bakalvr səviyyəsi üzrə ixtisasların təsnifatını təsdiq edib. Həmin təsnifata əsasən bir sıra ixtisaslara qəbul bu ildən ləğv edilib.
Təhsil eksperti Kamran Əsədov ləğv olunan ixtisasların siyahısının nəyə əsasən hazırlandığını və həmin sahələrdə mütəxəssislərin necə əvəz olunacağı barədə Mikroskop-un suallarını cavablandırıb.
Siyahı nəyə əsasən hazırlanıb?
Ali təhsil müəssisələrində kadr hazırlığı həyata keçirilən bir sıra ixtisasların adları Avropa universitetlərinin təcrübəsinə uyğun müasirləşdirilib. Hazırda ali təhsil müəssisələrində bir birini təkrar edən, yaxın ixtisaslar var. Onların ayrı ayrı ad altında fəaliyyət göstərməsi məqsədə müvafiq deyil. Müasir tələbata uyğun olmayan ixtisaslar təsnifatdan çıxarılıb və əmək bazarının tələbatına uyğun bir sıra yeni ixtisaslar əlavə edilib. Məqsəd müasir əmək bazarının tələblərinə uyğun yeni məzmunlu təhsil proqramlarının hazırlanmasıdır. Əvvəllər hər bir sahədə yalnız insanların əməyi lazım olurdusa, texnologiyanın inkişaf etdiyi bir zamanda çox işçi qüvvəsinə ehtiyac qalmır.
2019-cu ildə abituriyentlər necə ixtisas seçəcək?
Ləğv olunan bir sıra ixtisaslar yaxın olan digər ixtisaslara birləşəcəklər. Bu proses əlbətdə ki, 2019-cu ildə ali məktəblərə sənəd verəcək abituriyentlər üçün müəyyən qədər çaşqınlıq yaradacaq. Həm 2019-cu ildə qəbul imtahanlarının yeni formatda keçirilməsi, həm də yeni ixtisaslar ixtisas seçimi zamanı daha diqqətli olmasını tələb edir.
Bu dəyişikliklər ali məktəbərə qəbul zamanı plan yerlərinin də sayına təsir göstərəcək. Nəzərə alsaq ki, 2018-ci ildə ali məktəblərə plan yeri 43 min olub, bu ləğv olma prosesindən sonra plan yerlərinin sayında azalma olacaqdır.
Bəzi ixtisasların ləğvi mütəxəssis qıtlığı yarada bilərmi?
O adlı ixtisaslar başqa ixtisasların tərkibində olacaq. Bir də ki, ehtiyatda kifayət qədər bu ixtisasları bitirib işsiz olan şəxslər, kadrlar var.