
Bir neçə il əvvəl İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qoşulanlar peşmandır və ölkələrinə geri qayıtmaq istəyirlər.
BBC yazır ki, onlardan biri Böyük Britaniya vətəndaşı Şamima Bequmdur. Banqladeş əsilli Şamima 2015-ci ildə, 15 yaşı olanda İŞİD-ə qoşulub. İŞİD cihadçılarından birinə ərə verilən Şamimanın həyat yoldaşı bir müddət əvvəl əsir düşüb. Onunla bir yerdə terror təşkilatına qoşulmaq üçün Suriyaya gedən rəfiqələrindən biri də bombardman zamanı ölüb.
Hazırda Suriyada qaçqın düşərgəsində olan və yenicə uşağı doğulan Ş.Bequm Britaniyaya geri qayıtmaq istəyir.
Ötən gün isə Daxili İşlər Nazirliyi onun vətəndaşlığını ləğv edib. Nazir Sacid Cavid deyib ki, İŞİD-ə qoşulanların Britaniyaya qayıtmaması üçün əlindən gələni edəcək.
Şamima BBC-yə müsahibəsində belə deyib:
Mənim ikili vətəndaşlığım yoxdur, ancaq bir ölkənin vətəndaşıyam. Ümid edirəm ki, Britaniya hökuməti mənim böyük səhv etdiyimi başa düşəcək
Ölkəsinə geri qayıtmaq istəyən digər bir keçmiş İŞİD-çi isə Hoda Mutana adlı ABŞ vətəndaşıdır. 19 yaşı olanda bu təşkilata qoşulan H.Mutana 5 il ərzində 3 dəfə ailə həyatı qurub. Deyir ki, təşkilata qoşulduğuna görə peşmandır və ölkəsinə geri qayıtmaq istəyir.
Hoda yazılı müraciətində bunları deyib:
Suriyada olduğum illər ərzində yaşadığım həyat təcrübəsi, müharibənin dəhşətli təsirləri, ana olmaq məni dəyişdi.
ABC-ə müsahibəsində keçmiş İŞİD-çi deyib ki, Amerikanın onu özləri üçün təhlükə kimi görməyəcəyinə ümid edir.







