Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp ilə Şimali Koreya lideri Kim Çen İnin Vyetnamda baş tutan zirvə görüşü nəticəsiz qalıb.
Euronews yazır ki, bu barədə Ağ Ev rəsmi məlumat yayıb. Məlumata görə 2 günlük zirvə görüşündə nüvə silahları ilə bağlı ortaq məxrəcə gəlmək mümkün olmayıb.
Ağ Evin mətbuat katibi Sara Sanders mətbuata açıqlamasında, hələlik, müqavilə imzalanmasa da, gələcəkdəki görüşlər barədə ümidli olduğunu deyib.
D.Tramp Kim Çen İn ilə təkbətək görüşdən sonra baş tutan mətbuat konfransında qeyd edib ki, Şimali Koreya ilə nüvə müqaviləsi imzalamaq mövzusunda tələsmir. Əsas məqsəd lazımlı mövzularda razılığa gələ bilməkdir.
Kim Çen İn isə “Şimali Koreyanın nüvə silahından təmizlənməsinə hazıram. Əks təqdirdə bu görüşə gəlməzdim”, -deyə bildirib.