Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Baş Prokurorluğunun Mətbuat xidmətləri 162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı birgə məlumat yayıb.
Məlumatda bildirilir ki, Elina Hacıyevanın intiharı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanılan cinayət işi üzrə ibtidai istintaq davam edir. E. Hacıyevanın təhsil aldığı məktəb və sinifin rəhbərliyi, habelə digər şahidlər dindirilib, müxtəlif növ ekspertizalar təyin edilib.
Məlumata görə, Elina Hacıyevanın ölümü ilə bağlı qaranlıq qalan və əhəmiyyət kəsb edən halların aydınlaşdırılması üçün komisyon məhkəmə-tibb ekspertizası təyin edilib. Ekspertizaya yüksək ixtisaslı, böyük elmi və iş təcrübəsi olan ekspertlər, peşəkar mütəxəssislər cəlb olunub.