Yəhudi əsilli yazıçı Franz Kafkanın indiyə qədər nəşr olunmamış əsərləri işıq üzü görə bilər. The Guardian yazır ki, İsveçrə məhkəməsi illərdir Sürix şəhərində Kafka əlyazmalarının saxlanıldığı seyflərin açılması və içindəkilərin İsrailin Milli Kitabxanasına göndərilməsi barədə hökm verib.
İsrailin Milli Kitabxanasının rəhbəri David Blumberg deyib ki, kitabxana bütün əlyazmaları qəbul etməyə və onların İsrail ilə yanaşı dünya ictimaiyyətinə təqdim edilməsinə hazırdır.
Seyflərin içindəkilərlə bağlı məlumatlar dəqiq deyil. Ancaq mütəxəssislər Kafkanın ölümündən sonra yarımçıq formada nəşr edilən bəzi əsərlərin son hissəsinin bu seyflərdə ola biləcəyini düşünür.
İsrail Ali Məhkəməsi daha öncə Kafkanın İsraildə bir ailənin bank seyflərində və Tel-Əvivdəki köhnə mənzildə gizlədiyi əl yazmalarından ibarət kolleksiyanı müsadirə edib. Amma Kafkanın nəşr olunmamış demək olar ki, bütün əsərləri Sürixdəki seyflərdə olduğu üçün İsveçrə onları İsrailə vermək istəmirdi.
10 ildir davam edən məhkəmə prosesini təqib edən Qüdsdəki Van Leer İnstitutunun əməkdaşı və eyni zamanda da “Kafka’s Last Trial”ın müəllifi Balintin sözlərinə görə, bu prosesin ən maraqlı cəhəti Kafkanın “Məhkəmə” əsərini xatırlatmasıdır. Çünki hüquqi mübarizə əslində içində nə olduğunu bilmədiyimiz seyflərdən ibarət miras üstündə gedirdi.
Balintə görə, Sürix məhkəməsinin qərarı bu hüquqi mübarizəyə son qoysa da, Kafkanın mədəni irsinin kimə məxsus olduğu ilə bağlı müzakirələr hələ uzun illər davam edəcək.
Nə baş verib: Kafka 1924-cü ildə, 40 yaşında vərəm xəstəsi kimi vəfat etməmişdən əvvəl əsərlərini dostu Maks Broda verir və onları yandırmasını istəyir. M. Brod isə “The Trial”(Məhkəmə), “The Castle”(Qəsr) və “Amerika” adlı romanlar da daxil olmaqla Kafkanın bəzi əsərlərini yayımlayaraq onu 20-ci əsrin ən çox tanınan yazıçısına çevirir. Lakin M.Brod Kafkanın bütün yazılarını nəşr etdirmir.
O, 1968-ci ildə ölmədən əvvəl əlyazmaları köməkçisi Esther Hoffeyə verir və onları akademik qurumlardan birinə bağışlamasını istəyir. E.Hoffe isə əlyazmaların bir qismini gizlədir, bir hissəsini isə satır. Məsələn, “The Trial”ın orijinal əl yazması Londondakı Sotheby’s hərrac evində 1 milyon funta satılır və Ştutqard yaxınlığındakı Alman Ədəbiyyat Arxivinə gedir.
E.Hoffe 2008-ci ildə 101 yaşında vəfat edəndə kolleksiyanı iki qızına – Eva Hoffe ilə Ruth Wieslerə bağışlayır. Bundan sonra Kafkanın ədəbi irsinin yəhudilərə məxsus olduğunu iddia edən İsrail ilə mirasçılar arasında uzun müddət davam edən hüquqi mübarizə başlayır.
İki bacı öldükdən sonra miras R. Wieslerin qızına qalır. Onun vəkili müvəkkilinin əlyazmaları qanuni olaraq miras aldığını deyir və dövlətin bunları müsadirə etməsini rüsvayçılıq, oğurluq hesab edir.
Kafka Praqada yəhudi ailəsində doğulan almandilli yazıçı idi. Buna görə də illərdir onun mədəni irsi İsrail ilə Almaniya arasında da qızğın müzakirələrə səbəb olub.