Azərbaycanda narkomoniyanı təbliğ etməkdə ittiham olunan meyxanaçı İlkin Hüseynli saxlanılıb. Report yazır ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları 25 yaşlı meyxanaçını həbs edib.
DİN-in yaydığı məlumata görə, Tərtər Rayon Məhkəməsi meyxanaçı İ.Hüseynlini 20 gün müddətinə azadlıqdan məhrum edib.
Nə baş verib: İlkin Hüseynlidən əvvəl bu ay ərzində digər meyxanaçı və bir reper oxşar ittihamla həbs olunub. “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev aprelin 1-i oxuduğu meyxanaya görə saxlanılıb. Rəsmi məlumatda deyilir ki, onun üstündə marixuana aşkar edilib. O, 30 sutkalıq inzibati həbsə məhkum edilib.
“Rüzgar” ləqəbli reper Aydın Hüseynov aprelin 15-i saxlanılın və onun üzərində 1,21 qram marixuana tapılıb. Reper 30 sutka müddətində inzibati qaydada həbs edilib. Reperin produserinin dediyinə görə saxlanılan zaman onun “Yenə gedirəm mal-mal dalınca” repinə görə həbs edildiyi bildirilib.