1
Şəhərin Baş Planı nədir, nəyə lazımdır?
Baş Plan şəhərin uzun müddətli perspektiv inkişafını təyin edən əsas şəhərsalma sənədidir. Bir qayda olaraq, şəhərsalma planı 20 il ərzində olan bir dövrü hədəfə alır, şəhərsalma proqnozu isə 30-40 il ola bilər.
2
Bakının Baş Planı sonuncu dəfə nə vaxt hazırlanıb?
Bakı hələ də sovet dövrünün planı ilə tənzimlənir. Paytaxtın ilk perspektiv Baş Planının müəllifi 1898-ci ildə o dövrün məşhur memarı N.A. fon der Nonne olub. İkinci Baş Plan 1932-ci ildə, üçüncüsü isə 1964-cü ildə hazırlanıb. Azərbaycan SSR Nazirlər Soveti 1986-cı ildə şəhərin 4-cü planını təsdiqləyib və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.
Hazırda paytaxt Bakı bu sənədə əsasən tənzimlənir. Sənədin vaxtının bitməsindən 14 il keçsə də hələ də qüvvədədir. Mütəxəssislər baş planın hazırlanmasını və tikinti işlərinin bunun əsasında həyata keçirilməsini zəruri hesab ediblər.
3
Baş Planla bağlı nə planlaşdırılır?
2016-cı ilin fevral ayında “Böyük Bakının Regional İnkişaf Planı” adlı layihənin hazır olduğu və Nazirlər Kabinetinə təqdim olunduğu açıqlanıb. Hazırlanan layihənin 2030-cu ilə qədər olan dövrü əhatə edəcəyi bildirilirdi.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma şöbəsinin müdir müavini Fəxri Aydəmir həmin planda nəzərdə tutulanlar haqqında demişdi: Yeni plana əsasən, 282 hektarlıq ərazisi olan Bakı 5 inzibati ölçü vahidinə (yəni rayonlara) bölünəcək; bura mərkəzi Bakı, ətraf, şimal-şərq və cənub rayonları daxil edilib. Paytaxtın inkişafına Abşeron yarımadası, Sumqayıt və Xırdalan şəhərlərinin prizmasından baxılacaq.
Layihəyə görə,
Dəmiryol vağzalının ərazisi kiçildiləcək
Dənizkənarı Milli Park böyüdüləcək
Xırdalana metro, Sumqayıta sürət qatarları çəkiləcək
Bakı metrosunun genişləndirilməsi
“Ağ şəhər” layihəsinin həyata keçirilməsi də planlaşdırılır.
Baş plana əsasən, Bakıda pərakəndə tikililərin söküləcəyini, o dövrdə söküntüsü davam edən “Sovetski” ilə yanaşı “Xutor”, “Kubinka”, “Beşmərtəbə” adlanan zona və “20-ci sahə”də söküntü işləri aparılacaq.
Planda “Qara şəhər”də fəaliyyətsiz sənaye müəssisələrinin ləğv edilib həmin ərazinin məskunlaşma üçün mənimsənilməsi və ali təhsil müəssisələrinin mərkəzdən köçürülməsi də nəzərdə tutulurdu.
Bu plan təsdiqlənmədi, amma nəzərdə tutulan bəzi söküntü işləri, məsələn, Ağ Şəhərin salınması reallaşdı.
4
Astronomik məbləğli Baş Plan
2016-cı ilin dekabrında daha bir planın hazır olduğu açıqlanır.
Bu planda isə Bakı və Abşeronun ayrılıqda öz mərkəzi olan 9 zonaya – Cənub, Şimal, Şərq, Mərkəzi və beş periferiya – bölünməsi nəzərdə tutulurdu. Plan 248 min hektar sahəni əhatə edəcəkdi. 2035-ci ilədək 121 min 919 binanın sökülməsini nəzərdə tutan Baş Plan lazım olan məbləğin 283,97 milyard manat olduğu deyilirdi. Həmin vəsaitlərin mənbəyi isə göstərilmirdi.
Amma bu Baş Plan da təsdiqlənmir və əsas səbəblərdən biri kimi planın 284 milyard manata yaxın vəsait tələb etməsi göstərilir.
5
Bakının Baş Planını hazırlamaq üçün hansı xarici şirkətlər cəlb olunur?
2018-ci ilin iyul ayında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin baş planının hazırlanması işinin təşkili prosesinə yenidən start verib.
Komitənin yaydığı məlumatda deyilir ki, prosesin beynəlxalq standartlara uyğun təşkil edilməsi məqsədilə Komitə dünyanın “Böyük Üçlük” adlanan ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən birini – “The Boston Consulting Group” (“Boston Konsaltinq Qrup”) şirkətini cəlb edib.
Şirkətin “CV”-si
“The Boston Consulting Group” şirkəti son 5 il ərzində bu şirkət dünyada 550-dən artıq belə layihəni uğurla həyata keçirib. Şirkət Moskva, Kiyev, Pekin, Stokholm, Boston, Nyu-York və s. iri şəhərlər üçün belə layihələr reallaşdırılıb.
6
Baş Plan necə hazırlanacaq?
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “The Boston Consulting Group” şirkəti ilə birgə Bakı şəhərinin baş planının hazırlanması işininin iki mərhələdə təşkil edilməsini planlaşdırırdı.
Birinci mərhələ
Birinci mərhələdə paytaxt ilə bağlı bugünədək hazırlanmış bütün səhərsalma və ərazi planlaşdırılması sənədlərinin, o cümlədən “Böyük Bakının Regional İnkişaf Planı” və “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı” layihələrinin təhlil edilməsi nəzərdə tutulurdu.
Eyni zamanda, birinci Azərbaycandakı qanunvericiliyin, müvafiq şəhərsalma norma və qaydalarının nəzərdən keçirilməsi, təkmilləşdirilməsi zərurətinin dəyərləndirilməsi planlaşdırılır.
Gələcəkdə baş planın reallaşdırılması prosesində iştirak edəcək aidiyyatı dövlət qurumlarının Bakı şəhərinin inkişafı ilə bağlı cavabdeh olduqları sahələr üzrə planları öyrəniləcək, dəqiqləşdirilmə və uyğunlaşdırılma işləri də birinci mərhələdə aparılacaq.
Ötən ilin noyabrnda Bakı şəhərinin Baş Planının hazırlanmasının birinci mərhələsinin nəhayət tamamlandığı açıqlandı.
İkinci mərhələ
Komitə ikinci mərhələdə isə “The Boston Consulting Group” şirkəti ilə birgə birinci mərhələdə müəyyənləşdirilmiş tələblər əsasında nüfuzlu şəhərsalma, memarlıq, mühəndislik şirkətlərini və aidiyyəti ekspertləri əməkdaşlığa cəlb etməklə paytaxtın baş planının yekunlaşdırılmasını nəzərdə tutur.
Bu ilin yanvar ayında birinci mərhələnin nəticələri əsasında beynəlxalq səviyyədə tanınmış şəhərsalma şirkətinin müəyyənləşdirilməsi üçün açıq tender elan olundu. Tenderin nəticələrinin mart ayında elan olunacağı gözlənsə də tenderin qalibi apreldə bəlli oldu. Almaniyanın tenderdə qalib gələn “AS+P” şirkəti ilə 6 milyon 391,2 min ABŞ dolları (10 milyon 865 min manat) məbləğində satınalma müqaviləsi bağlandı.
Şirkətin “CV”si
Qərargahı Almaniyanın Frankfurt şəhərində yerləşən “AS+P” dünyanın ən aparıcı şəhərsalma və memarlıq şirkətlərindəndir. Şirkət 1964-cü ildə yaradılıb və bu günədək dünya üzrə 2000-dən çox uğurlu layihə icra edib. Şirkətin portfoliosu Münhen, Köln, Frankfurt, Qahirə, İskəndəriyyə (Misir), Zürix, Tbilisi, Şanxay, Moskva, İstanbul və s. şəhərlərin ərazi planlaşdırılması sənədlərinin hazırlanmasını əhatə edir.
7
Baş Planın hazırlanmasının ikinci mərhələsi nə vaxt bitəcək?
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi paytaxtın Baş planının hazırlanmasının ikinci mərhələsinə bu ilin mayında başlayacaq. Komitənin beynəlxalq əlaqələr və informasiya texnologiyaları departamentinin direktoru Rüfət Mahmud deyib ki, bu proses növbəti 18 ayı əhatə edəcək.
İkinci mərhələdə şəhər ərazisinin strateji və çoxsəviyyəli planlaşdırılması, habelə əsas inkişaf göstəriciləri üzrə modelləşdirmə ilə bağlı texniki işlər aparılacaq.
“Ərazilərin tarazlı istifadəsi və inkişafı”, “Yol-nəqliyyat infrastrukturunun və ictimai nəqliyyat sisteminin inkişafı”, “Ətraf mühitin və ekoloji durumun yaxşılaşdırılması”, “Mühəndis-kommunikasiya sisteminin inkişafı”, “İctimai məkanların inkişafı”, “Əsaslı tikinti və tikinti sıxlığının tənzimlənməsi” və digər proqramlar paytaxtın Baş planı üzərində işin əsas tərkib hissələri hesab edilir.
8
Yeni Baş Plan Bakıda nələri dəyişəcək?
Yuxarıda qeyd edilənləri nəzər alaraq, demək olar ki, keçmişdə həyata keçirilməyən söküntü işlərinə yenidən start verilə bilər.
Mütəxəssislər deyir ki, Bakının Baş Planı 2000-ci illərin əvvəlində, ölkəyə neft pullarnın axını zamanı hazırlanmalı və təsdiqlənməli idi. Hazırda həyata keçiriləcək hər hansı dəyişiklik həm böyük pul vəsaiti tələb edir, həm də hündür mərtəbəli binalarla dolu olan şəhəri alt-üst etmək mənasını verir.
Paytaxtda son 20 il ərzində çoxlu sayda göydələn tikilib və mütəxəssislər də bildirir ki, şəhərin relyefi çoxmərtəbəli binalar üçün əlverişli deyil, bu, sürüşmə təhlükəsi yaradır. Çoxmərtəbəli binaların əksəriyyəti şəhərsalma qaydalarına da uyğun deyil. Belə ki, iki bina arasıda məsafə onların hər ikisinin hündürlüyünün yarısına bərabər olmalıdır. Bakıda isə binalar arasında çox az məsafə saxlanılır və bu da bir sıra təhlükəsizlik qaydalarının pozulmasıdır. Baş Plan hazır olandan sonra sənədə uyğun olmayan plansız tikililərin aqibəti də məlum olacaq.
Bakının Baş planının hazırlanması işinin 2020-ci ilin sonunadək başa çatdırılması və sənədin yekun layihəsinin təsdiqi üçün Azərbaycan hökumətinə təqdim olunması nəzərdə tutulub.
Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq baş plan təsdiq olunduqdan sonra 20 il ərzində qüvvədə olacaq. Bu isə o deməkdir ki, qarşıdakı 20 ildə şəhərin inkişafında iştirak edəcək bütün qurum və təşkilatlar bu istiqamətdə görüləcək işlərdə bu sənədi rəhbər tutacaq.