Bu gün jurnalistlər Aytən Fərhadova, Tural Əsədi və Aytac Əhmədova Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı Mübarizə İdarəsinə dəvət olunub.
Onlara 4 il (2015-ci ildən) qüvvədə olan ölkədən çıxış qadağasının ləğv edildiyi bildirilib. Aytac Əhmədovadan müsadirə olunan kompüteri ona geri qaytarılıb.
Nə baş verib: Baş ofisi Berlində yerləşən Meydan TV internet resursu ilə əməkdaşlıq edən bir qrup jurnalistə qarşı cinayət işi ilə əlaqədar ölkədən çıxış qadağası tətbiq edilib. Bu illər ərzində 10-dan çox jurnalist vaxtaşırı Baş Prokurorluğa dindirməyə çağırılıb, burada onlardan Meydan TV-nin maliyyələşmə mənbəyini açıqlamaları tələb olunub.
Daha kimlərin “stop”u götürülüb: Meydan TV ilə əməkdaşlıq etmiş jurnalist Aynur Qəmbərovadan (Elgünəş) sonra mayın 6-ı daha 3 jurnalist – Natiq Cavadlı, İzolda Ağayeva, Səlimə Cəlilova və yazar Rasim Qaracanın ölkədən çıxış qadağası ləğv edilib.