“Gəncə işi” ilə bağlı həbs olunanların yaxınları bu gün Prezident Administrasiyasının qarşısında aksiya keçirməyə cəhd ediblər.
Meydan TV yazır ki, onlar Azərbaycan və ingilis dillərində şüarlar səsləndiriblər.
Hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib ki, həbsdə olan Elmir Hüseynzadənin atası Natiq Hüseynov və Abbas Abbaszadənin atası saxlanılıb.
Hazırda bu şəxslərin övladlarının prosesi Sabunçu Rayon Məhkəməsində gedir.
Nə baş verib: Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və polis əməkdaşı Qasım Aşbazov güllələnib. Ardınca iyulun 10-da Gəncədə iki polis əməkdaşı qətlə yetirilib. Hər iki faktla bağlı cinayət işi başlanıb. Ümumilikdə təxminən 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var. Həbs olunanlardan bir qisminin məhkəməsi başa çatıb.