Günlərdir ki, “Salaam Cinema Baku” təşkilatçıları yerləşdikləri binanın sökülmək təhülkəsi qarşısında olduğunu deyir və dəstək üçün çağırış edir. Gənclər istəyir ki, tarixi bina sökülməsin və dövlət tərəfindən qorunsun.
“Salaam Cinema Baku”nun yerləşdiyi bina ilə bağlı narazılıq nə vaxt, niyə və necə başlayıb? Mikroskop baş verənlərin qısa icmalını təqdim edir:
1
“Salaam Cinema Baku” nədir və nə işlə məşğuldur?
Rəsmi Facebook hesablarında bildirilir ki, onlar yaradıcı filmlər, audio-vizual və performans incəsənəti üçün məkana çevrilmək, bərabərlik, birlik və müxtəlifliyə həsr olunmuş sərgilər və maarifləndirici seminarlar keçirməyi hədəfləyir. Məlumat bölməsində qeyd edilir:
Salaam Cinema-nın digər önəmli hədəfi yerli kinematoqrafiya və film tarixini araşdırmaq və dəstəkləməkdir. Kinoteatrın tamaşaçıları yeni Azərbaycan filmlərini kəşf etmək və Azərbaycan kino tarixini yazmış keçmiş filmləri bir daha nəzərdən keçirmək şansı əldə edəcəklər.
2
Kinoteatrın yerləşdiyi binanın əhəmiyyəti nədir?
Bakıda Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 10 ünvanında yerləşən bu qədim bina 1900-cü illərin əvvəllərində tikilib. Sənətşünaslar bu binanın 1913-cü ildə molokanların ibadət evi kimi tikildiyini deyir. Sovet dönəmində Rabitə Nazirliyinin Radio Evinin yerləşdiyi bina müstəqillik dövründə boş qalıb və faktiki sahibsiz olub. 2018-ci ilin axırında bina özəlləşdirilib.
Son vaxtlar “Salaam Cinema”nın entuziastları oranı sahmana salıb və kino nümayiş etdiriblər. Burada tədbirlər, sərgilər təşkil edilir, film nümayişləri keçirilir. Həvəskar kinoteatrın üzvləri düşünürlər ki, burada keçirilən tədbirlər bu qədim binaya yeni ruh qatacaq.
3
Bina niyə sökülür?
Bir ay əvvəl binanın söküləcəyi barədə məlumat yayılandan sonra kinoteatrın əməkdaşları ictimaiyyəti binanı qorumağa, sökülməsinə yol verməməyə çağırıb.
Mayın 2-də binanı sökməyə cəhd ediblər. Özünü mülk sahibinin səlahiyyətli nümayəndəsi kimi təqdim edən Bəhruz Əhmədov deyib ki, kirayə müqaviləsini onlar yox, mühafizəçi imzalayıb və bu işin üstü açılan kimi mühafizəçi işdən çıxarılıb. Həmin gün binanın elektrik enerjisini kəsməyə və ikinci mərtəbəyə aparan pilləkəni sökməyə çalışıblar.
Etirazlardan sonra söküntü cəhdi dayandırılıb və kinoteatrın əməkdaşlarına binanı tərk etmək üçün iyunun 15-nə qədər vaxt verilib. Lakin mayın 6-ı mülk sahibinin nümayəndəsi bu dəfə polislə birlikdə binaya gəlib. Bu zaman binada Avropa “İmagine” festivalı çərçivəsində seminar keçirilirdi və hollandiyalı sənədli film rejissoru Robert Romboutun mühazirəçi kimi çıxış etdiyi tədbir yarımçıq qalıb. Polis və mülkiyyətçinin nümayəndələri binanın boşaldılmasını tələb etsə də onun söküləcəyindən ehtiyat edən gənclər məkanı tərk etməyib. Onlara qarşı güc tətbiq edilib və bir neçə nəfər xəsarət alıb. Hadisə yerində olan icra hakimiyyəti nümayəndələri binanın sökülməyəcəyini, amma qəzalı vəziyyətdə olduğundan oranı dərhal boşaltmaq lazım olduğunu deyib.
Sahibkarın nümayəndəsi B.Əhmədov deyib ki, bina icarəyə verilməyib və ona görə kinoteatrın təşkilatçılarının binadan çıxmağını tələb edir:
Boşluqdan istifadə edib, xəbərsiz binanı tutublar. Bina və onun yerləşdiyi torpaq özəl mülkdür. 2018-ci ilin dekabr ayında bizə satılıb. Biz də mülkümüzdən istifadə etmək istəyirik, lakin istifadəyə məhdudiyyət yaradırlar. Dediklərinə görə, yaxınlıqdakı ərazidə yerləşən maklerlərin biri ilə müqavilə bağlayıblar, müqaviləni tələb etsək də, göstərmirlər.
Gənclər isə tələb edib ki, binanın sökülməyəcəyi, tarixi abidə olub-olmamağı araşdırılacağı barədə onlara rəsmi sənəd verilsin və ona qədər binanı tərk etməyəcklər:
Tələbimiz bu tarixi binanın məhv edilən onlarla digər tarixi binalar sırasına qoşulmasına imkan verməməkdir. Biz sadəcə dua evinin dağıdılmayacağına dair hər hansı rəsmi sənəd təqdim edilməsini tələb edirik.
Oarada gecələyən fəallar bu barədə kinoteatrın rəsmi hesabından gənclərə çağırış edilib:
Biz bu gün Salaam Cinema-da qalırıq. Bizdə artıq kifayət qədər su və yemək var. Sadəcə gəlib bizə qoşulmağınız yetərlidir.
4
Rəsmilər nə deyir?
Gənclərdən ibarət təşəbbüs qrupunun üzvləri mayın 5-də Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər. Onların açıq məktubunda bildirilir ki, binadan aktiv istifadə edən, ictimaiyyət nümayəndələri, qonşular və şəhər sakinləri onun tarixi abidə siyahısına salınmasında və ictimai rolunun təyin edilməsində maraqlı və israrlıdırlar. Məktuba hələlik cavab verilməyib.
Dünən Avropa İttifaqı rəhbəri, səfir Kəstutis Yankauskas və onun müavini Denis Daniilidis də hadisə yerinə gəlib. Onlar “Salaam Cinema” nümayəndələrini dinləyib, amma diplomatlar mediaya şərh verməyiblər.
Nəsimi Rayon Mənzil Kommunal Birliyinin mühəndisi Nəsimi Malilov isə binanın qəzalı vəziyyətdə olduğunu deyib:
Əlaqədar təşkilatlar müəyyənləşdirsə ki, bina tarixi əhəmiyyətlidir, o zaman saxlanılacaq. Hazırda isə bina boşaldılmalıdır.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Fariz Hüseynov də bildirib ki, bina tarixi abidələr siyahısına daxil deyil:
Molokanların ibadət evi tarixi abidə kimi dövlət qeydiyyatında deyil. Abidənin tarixi, memarlıq üslubu nəzərə alınaraq, məsələ Dövlət Xidməti tərəfindən nəzarətə götürülüb və hazırda söküntü yoxdur. Bina tarixi abidələr siyahısına salınsa, dövlət tərəfindən qorunacaq.
Həvəskar kinoteatrın üzvləri bu gün də binanın sökülməsinə qarşı mübarizəni davam etdirəcəklər.