Məşhur tanışlıq saytı “Tinder”in adı Rusiyanın mediaya nəzarət idarəsi olan “Roskomnadzor”un rəsmi qeydiyyat siyahısına daxil edilib. Bu o deməkdir ki, tələb olunacağı halda “Tinder” istifadəçilərin şəxsi məlumatlarını Rusiyanın təhlükəsizlik xidmətləri ilə bölüşməli olacaq.
Sputnik yazır ki, siyahıda adı olan saytlar və qurumlar istifadəçilərinin şəxsi məlumatlarını və yazışmalarını ən az 6 ay Rusiya serverlərində mühafizə etməlidirlər.
Adıçəkilən siyahıda Rusiyanın ən böyük bankı – “Sberbank” və populyar sosial şəbəkələrdən biri olan “VKontakte” də daxil olmaqla 175 sayt və qurum yer alır.
“Tinder” məlumatı təsdiqləyib, amma qeyd edib ki, bu, istifadəçilərin məlumatlarının Rusiya hökumətinə təqdim olunmağı demək deyil.