Mühafizəkar Partiyanın liderliyindən istefa verən Böyük Britaniya baş naziri Tereza Meyin yerinə keçəcək yeni lider namizədlərinin müəyyənləşdirilməsi üçün ayrılan vaxt dünən bitib.
Partiyanın qaydalarına görə, namizəd olmaq istəyən şəxsi ən azı 8 millət vəkili dəstəkləməli idi.
Anadolu Agentliyi yazır ki, partiya liderliyi üçün namizədlərin 10 nəfər olduğu açıqlanıb.
Həmin namizədlər kimlərdir və nə vəd edirlər?
1
Boris Conson

Ən güclü namizədlərdən biri hesab edilən 54 yaşlı Boris Conson 2008-2016-cı illərdə London meri, 2016-2018-ci illərdə isə xarici işlər naziri kimi fəaliyyət göstərib.
B.Consonu ölkənin Avropa Birliyindən (AB) sazişsiz belə olsa, mütləq ayrılmasını istəyənlər dəstəkləyir. O, AB-dən ayrılmaq üçün 40 milyard funt sterlinq məbləğində ödənişi etməməyi, orta təhsil büdcəsini və polis sayını artırmağı vəd edir.
B.Conson 2016-cı ildə o vaxtkı baş nazir Devid Kameronun istefa verməsindən sonra da liderlik üçün namizəd olub, amma son anda bu fikirdən daşınıb.
2
Ceremi Hant

Hazırkı xarici işlər naziri, 52 yaşlı Ceremi Hant 2012-2018-ci illərdə səhiyyə naziri kimi fəaliyyət göstərib.
O, Brexit baş tutmayacağı təqdirdə Mühafizəkar Partiyanın siyasət səhnəsindən silinəcəyini iddia edir. C.Hantın vədi yenidən müzakirə qrupu yaradaraq AB-ni Böyük Britaniya parlamentinin təsdiqləyəcəyi yeni bir sazişə razı salmaqdır. O, həmçinin, qurumların vergisini 19 faizdən 12 faizə endirməyi vəd edir.
Müdafiə naziri Penni Mordont və əmək və pensiya məsələləri üzrə nazir nazir Ember Radd bu namizədi dəstəkləyənlər arasındadır.
3
Metyu Henkok

Hazırda səhiyyə naziri olan 40 yaşlı Metyu Henkok Böyük Britaniyanın daha gənc baş nazirə ehtiyacı olduğunu deyir. Onun vədi Brexit sazişinin parlamentdən keçməsinə mane olan maddələrə dəyişikliklər etməkdir.
M.Henkok Çinin “Huawei” şirkətinə rəqib olacaq şirkətlərin meydana çıxmasına imkan verəcək bazar şəraiti formalaşdıracağını deyir.
M.Henkokun keçmiş baş nazir Devid Kemeron və keçmiş maliyyə naziri Corc Osbornla dostluq münasibətləri var.
4
Maykl Qouv

51 yaşlı Maykl Qouv hazırda ətraf mühit naziridir. Bundan əvvəl təhsil naziri kimi də fəaliyyət göstərib.
2016-cı ildə Boris Consonun namizədliyini dəstəkləyən M.Qouv daha sonra bu dəstəyini geri çəkib və öz namizədliyini irəli sürüb. Bu, B.Consunun namizədliyini geri çəkməsində əsas səbəblərdən biri kimi göstərilir.
M.Qouv kariyerasındakı ani qərarlarının səbəbini belə izah edir:
Siyasətçi kimi təkamül keçirmişəm
Siyasətə jurnalistikadan gələn M.Qouv narkotika əleyhinə məqalələr yazdığı dövrdə özünün narkotika istifadəçisi olduğu üzə çıxıb və buna görə çətin günlər yaşayıb.
M.Qouv B.Britaniyanın AB-dən sazişsiz ayrılmasının tərəfdarı deyil. O, bunun növbədənkənar seçki ilə nəticələnəcəyini və İşçi Partiyasının hakimiyyətə gələcəyini iddia edir.
M.Qouv heç bir razılıq əldə olunmayacağı təqdirdə Brexit tarixini 31 oktyabrdan sonrakı bir tarixə qədər təxirə sala biləcəyini vəd edir. Onun vədlərindən biri də B.Britaniyada yaşayan AB vətəndaşlarına ödənişsiz vətəndaşlıq verməkdir.
5
Dominik Raab

Keçmiş Brexit naziri, 45 yaşlı Dominik Raab da güclü namizədlərdən biridir. O, 6 ay nazir kimi fəaliyyət göstərdikdən sonra T.Meyin AB ilə əldə etdiyi sazişə etiraz edərək istefa verib.
D.Raab AB ilə yenidən müzakirələrə başlamağın tərəfdarı olsa da Brexit tarixinin yenidən təxirə salınmasını dəstəkləmir. Onun vədləri arasında sazişdən Şimali İrlandiya sərhədi ilə bağlı maddəni çıxarmaq, sərhəd problemini müasir texnologiyaların köməkliyi ilə həll etmək var. Namizəd həm də istehlakçı hüquqlarının yaxşılaşdırılması və gəlir vergisinin azaldılması üçün çalışacağını deyir.
6
Sacid Cavid

Əslən pakistanlı olan 49 yaşlı Sacid Cavid seçilərsə, B.Britaniyanın ilk müsəlman baş naziri olacaq. Hazırda daxili işlər naziri olan S.Cavid Brexit böhranının həlli üçün gündəmə gətirilən yeni referendum, növbədənkənar seçki və Brexitin ləğvi kimi təkliflərə qarşı çıxır. O, Brexit sazişinin yenidən müzakirə edilməsini istəyir.
S.Cavidin vədləri D.Raab ilə oxşardır. Amma S. Cavid parlamentin Brexiti təxirə salmağı təklif edəcəyi təqdirdə buna etiraz etməyəcəyini deyir.
Onun digər vədləri isə 20 min polis işə götürmək və dəmiryollarına 100 milyard funt sterlinq pul ayırmaqdır.
7
Andrea Ledsom

İcmalar Palatası sədrliyindən istefa verərək T. Meyin istefa prosesini sürətləndirən 56 yaşlı Andrea Ledsom artıq ikinci dəfədir ki, partiya liderliyinə namizəd olur.
A.Ledsom D.Kameronun istefasından sonra namizədliyini verərək T.Meyə rəqib olub. T.Meyin vəzifəsini icra etməsinə mane olacaq amil kimi onun ana olmadığını əsas gətirərək fikir səsləndirməyi ictimai qınağa səbəb olub. Buna görə də A.Ledsom namizədliyini geri çəkib.
Qatı Brexitçilərdən biri olan A.Ledsom vəd edir ki, oktyabrın 31-i ölkəni AB-dən ayıracaq. O, hazırkı Brexit sazişini mənasız hesab edir və təklif edir ki, saziş əvəzinə müxtəlif məsələlərdə kiçik razılaşmalar əldə olunsun. A.Ledsomun vədinə görə, o, seçiləcəyi halda ayda bir dəfə canlı yayımda və ya sosial mediada xalqın suallarını cavablandıracaq, 2020-ci ildə BMT-nin Ətraf Mühit Konfransına ev sahibliyi etmək üçün Böyük Britaniyanın namizədliyini irəli sürəcək.
8
Ester Makvi

T.Mey kabinetində əmək və pensiya məsələləri üzrə nazir olan, amma Brexit siyasətinə görə istefa verən 51 yaşlı Ester Makvi növbəti qadın namizəddir.
O, da AB-dən sazişsiz ayrılmağın tərəfdarıdır. E.Makvi təhsil və təhlükəsizliklə bağlı büdcənin artırılmasını, beynəlxalq yardımlar üçün ayrılan büdcənin azaldılmasını vəd edir.
9
Rori Stüart

Beynəlxalq inkişaf naziri, 46 yaşlı Rori Stüart Brexit ilə bağlı milli razılaşma əldə edəcəyini deyir. Xalqa böyük vədlər verilməyinin əleyhinə olan R.Stüart 99 üzvdən ibarət vətəndaş məclisi qurmağı təklif edir.
AB-dən sazişsiz ayrılmağa qəti qarşı çıxan R.Stüart bəyan edib ki, yeni lider B.Conson olacağı halda kabinetdə yer almayacaq.
O, iqlim dəyişikliyi ilə mübarizə üçün xarici dövlətlərə edilən yardımları artırmağı, ölkənin xarici siyasətində yaxın şərqi yox, Asiya və Afrikanı ön plana çəkməyi planlaşdırır.
10
Mark Harper

Devid Kameron dövründə partiya sədrinin müavini vəzifəsində olan 49 yaşlı Mark Harper İrlandiya sərhədi ilə bağlı maddənin yer almadığı yeni bir saziş imzalamağı vəd edir. Belə bir sazişin 31 oktyabr tarixinə qədər əldə edilməsinin çətin olduğunu deyən M.Harper Brexiti yenidən təxirə salacağını açıqlayıb.
O, sazişsiz ayrılmaq və ya Brexitin ləğvi təkliflərindən birini seçməli olarsa, birinciyə üstünlük verəcəyini deyir.
Harperin digər bir vədi isə peşə təhsili müəssilərinin fəaliyyətini gücləndirməkdir.
Səsvermə necə reallaşacaq: 13 iyunda İcmalar Palatasında namizədlər üçün səsvermə baş tutacaq. Ən az 17 səs toplaya bilənlər növbəti səsvermədə iştirak etməyə haqq qazanacaq. Növbəti səsvermə isə 17 iyunda keçiriləcək. Bu dəfə namizədlər ən az 33 səs toplamalı olacaqlar. Namizədlərdən 2-si səs çoxluğu əldə edə bilməsə, 19-20 iyunda sonuncu səsvermə keçiriləcək.
Namizədlərin sayı 2-yə düşdükdən sonra 125 min partiya üzvü poçt vasitəsilə səsvermədə iştirak edəcək. Səsvermə 22 iyuna qədər davam edəcək. Nəticə isə iyulun 23-ü açıqlanacaq. Yeni lider həm də ölkənin yeni baş naziri olacaq.
Nə baş verib: Tereza Mey AB ilə əldə etdiyi Brexit sazişi parlamentdən 3 dəfə rədd cavabı aldıqdan sonra istefa verməli olub.
Böyük Britaniyada 2016-cı ildə keçirilən referendumun nəticələrinə əsasən ölkə bu ilin martın 29-da AB-dən ayrılmalı idi. Ancaq parlament sazişi təsdiqləmədiyinə görə, Brexit 31 oktyabr tarixinə qədər təxirə salınıb. Parlamentin İcmalar palatasının narazılığına səbəb isə sazişdə yer alan “ehtiyat maddəsi”dir. Bu maddə B. Britaniyanın tərkibində olan Şimali İrlandiya ilə AB üzvü olan İrlandiya Respublikası arasına sərhəd çəkilməməsi üçün hazırlanıb. Maddəyə əsasən B.Britaniya qeyri-müəyyən müddət ərzində Gömrük İttifaqı daxilində qalmalıdır.