Avro-2020-nin seçmə mərhələsində iyunun 11-i keçirilən oyunda Slovakiya ilə qarşılaşan Azərbaycan millisi 5-1 məğlub olub. Millinin uduzduğunu görən azarkeşlər isə “istefa” şüarları səsləndiriblər. Nəticədə 26 nəfər saxlanılaraq Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə aparılıb.
Saxlanılanlardan biri – İmran Hacıbəyli bildirib ki, onları polis bölməsinə mülki geyimli şəxslər aparıblar. Polis İdarəsində azarkeşlərə deyiblər ki, istefa tələbinin yığmanın baş məşqçisinə (xorvatiyalı mütəxəssis Nikola Yurçeviç) ünvanlanması barədə açıqlama yazsınlar. Əslində isə “İstefa!” şüarı AFFA rəhbəliyinə ünvanlanıb. Saat 23.00-a yaxın saxlanılanların hamısı buraxılıb.
Niyə AFFA rəhbərliyinin istefası tələb olunur və AFFA nə edə bilər ki, milli komanda məğlub olmasın? Mikroskop Media bu suallara cavab tapmağa çalışıb.
1
Niyə AFFA rəhbərliyinin istefası istənilir?
Bu barədə sosial şəbəkədə yazan azarkeşlər və futbol mütəxəssisləri bu səbəbləri sadalayır:
Azərbaycan milli futbol komandaları son illərdə uğursuz gedişat göstərir.
Azərbaycan daxilində olan liqalar (Topaz Premyer liqası, Birinci Dəstə futbol liqası, Regional liqa) çox zəif və baxımsızdır.
Son illərdə region və bölgələrdə yeni stadion və futbol meydanları inşa edilmir.
Xaricdən gətirilən oyunçular diqqətli seçilmir.
2
AFFA nə deyir?
12 iyunda “Bakcell Arena”da AFFA-nın İcraiyyə Komitəsinin təcili toplantısı keçirilib. AFFA-nın rəsmi saytında verilən məlumata görə, Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin də dəvət olunduğu iclasda millinin son iki oyunda göstərdiyi uğursuz nəticələr müzakirə olunub.
Bu, Azərbaycanın seçmə oyunlarında üçüncü məğlubiyyətidir. Bundan öncə Xorvatiyaya 1:2, Macarıstana 1:3 hesabı ilə məğlub olub.
İcraiyyə Komitəsinin ümumi rəyi belə olub ki, Azərbaycan milli komandasına dəvət olunan futbolçular üzərlərinə düşən məsuliyyəti dərk etməli, bütün oyunlarda var gücləri ilə mübarizə aparmalı, heç bir halda imkanlarından aşağı səviyyədə çıxış etməməlidirlər.
3
Məğlubiyyətin səbəbkarlarından hesab edilən baş məşqçi kimdir?
Milli yığmanın baş məşqçisi Nikola Yurçeviç Azərbaycana gələnə qədər cəmi bir dəfə baş məşqçi kimi çalışıb. Uğursuz nəticələrə görə Zaqreb “Dinamo”su 2 ay, yəni cəmi 11 oyundan sonra onunla yollarını ayırıb.
4
AFFA nə etməlidir ki, milli komanda uduzmasın?
İdman yazarı Rəşad Ərgündən xahiş etdik ki, bu sualı cavablandırsın.
AFFA konkret onu edə bilər ki, rəhbərlikdə olanlar istefa verər və Azərbaycanda futbolun inkişafı ilə bağlı yenidən ümid yaranar. AFFA rəhbərliyi niyə istefa verməlidir? Birincisi, Azərbaycanda əsas futbol çempionatı – Premyer Liqanın səviyyəsi məhəllə çempionatının səviyyəsinə düşüb. 8 komandalı çempionat keçirilir və bu 8 komandanın 7-si Bakını və paytaxtətrafı qəsəbələri təmsil edir.
Bu “məhəllə çempionatı”nda oynayan futbolçu milli komandada hansı uğura imza ata bilər? Azərbaycan çempionatını bu günə kimi salıb? Təbii ki, AFFA rəhbrəliyi.
Azərbaycanın 21 yaşlılardan ibarət milli komandası dünya futbolunda heç bir mövqeyi, rolu olmayan Lixtenşteynin eyni yaşdan olan futbolçularına uduzur, Azərbaycanın 16 yaşlılardan ibarət milli komandası Şimali Makedoniyadan olan həmyaşıdlarına məğlub olur, Azərbaycanın əsas millisi macarların, slovakların qarşısında rüsvayçı oyunla uduzur. Bütün bunların günahkarı kimdir? AFFA rəhbərliyi, xüsusilə də baş katib Elxan Məmmədov. Xüsusilə də AFFA İcraiyyə Komitəsində yer alan qorxaq, pulgir insanlar, “futbol adamları”.
AFFA milli komandanın yaxşı oynaması üçün bundan sonra heç nə edə bilməz. Bu komanda artıq məğlubiyyətlərə öyrəşib, məğlub psixologiyasını mənimsəyib. Yaxın 10-15 il ərzində Azərbaycan milli komandası heç nə əldə edə bilməyəcək. Sonrakı 10-15 ildə nələrisə dəyişmək üçün isə AFFA rəhbərliyi dəyişməlidir.