Günlərdir ki, Honq Konqda etiraz aksiyaları keçirilir və minlərlə insan yeni təklif olunan qanun layihəsinin əleyhinə fikirlər səsləndirir. Təklif olunan qanun layihəsi cinayət və təcavüz kimi ittihamlarla Honq Konqda saxlanılan şüphəlilərin Çin, Tayvan və Makaoya ekstradisiya olunmasına imkan verəcək.
Honq Konq Çinin ərazisində yerləşir. Ok! Bəs idarəetmə necə fərqlənir? Bu o deməkdir ki, tam da Çinə tabe deyil? Getdik!

1
Honq Konq harada yerləşir və qısa tarixçəsi nədir?
Honkonq Çinin cənub şərqində yerləşən adalar qrupudur. XVIII əsrin sonlarında Böyük Britaniya Honq Konq adasından tiryək idxalı və ölkədən böyük həcmdə gümüşün ixracı üçün ilkin baza kimi istifadə edib. Çin hakimiyyəti narkotiklərlə dolu anbarları məhv edib və ingilis tacirləri oradan çıxarandan sonra London müharibəyə başlayıb və qalib gəlib.
Müharibədən sonra Honq Konqda baş verənlər:
Birinci Tiryək Müharibəsindən sonra, 1842-ci ildə imzalanan “Nankin” müqaviləsinə əsasən Honq Konq Böyük Britaniya imperatorluğuna verildi.
1860-cı ildəki İkinci Tiryək Müharibəsindən sonra, Koulun yarımadası və Honq Konq adasını Böyük Britaniya ələ keçirir.
1898-ci ildə isə yarımadaya bitişik ərazilər və ətrafdakı adalar da 99 il müddətinə Böyük Britaniyaya icarəyə verilir.
19 dekabr 1984-cü ildə icarə rəsmi sona çatır və ərazinin mərhələli şəkildə Çinə qaytarılmasına başlanılır.
1 iyul 1997-ci ildən sonra Honq Konq Çin Xalq Respublikasının tərkibində xüsusi inzibati bölgə (Special Administrative Region) olur.
2
Honq Konq nə qədər azaddır?
Londonla Pekin arasında əldə edilən razılığa əsasən, 2047-ci ilə qədər Honq Konq xüsusi idarəetmə sistemi olan ərazi kimi qalacaq və Çin bu adanın daxili işlərinə müdaxilə etməyəcək. “Bir dövlət, iki sistem” konsepsiyası çərçivəsində Çin yalnız Honq Konqun müdafiə və xarici siyasət məsələlərini həll edir. Bununla yanaşı, Honq Konq qanunvericilik, polis qüvvələri, milli pul, vergilər, miqrasiya siyasəti sahəsində müstəqilliyini qoruyur və beynəlxalq təşkilatlarda öz nümayəndəliklərini saxlayır.
Çinin materik hissəsi ilə Honkonq və digər inzibati rayon – Makao arasında sərhəd pasport nəzarəti də həyata keçirilir.

3
Honq Konqda insanlar nə qədər tez-tez etiraz edir?
Honq Konqda etiraz aksiyaları adi haldır. 2003-cü ildə müxalifətin çağırışı ilə küçələrə yarım milyon insan çıxıb. Buna səbəb isə rəsmi Pekinin Honq Konqda hüquq-mühafizə orqanlarının səlahiyyətlərini artırmaq istəyi olub. İrəli sürülən qanun layihəsində dövlət əleyhinə fəaliyyətin və separatçılığın qarşısının alınması nəzərdə tutulurdu, amma etirazlardan sonra qanun layihəsi qəbul edilməyib.
2014-2015-ci illərdə isə “Çətir inqilabı” baş verib. Bu, Honq Konqun demokratiya tərəfdarlarınının seçki sistemindəki dəyişikliklərə etirazları idi. Aksiyalar zamanı gənclər polisin mitinqi dağıtması zamanı istifadə etdiyi gözyaşardıcı qazdan qorunmaq üçün çətirlərdən istifadə etdikləri üçün belə adlandırılıb.
4
Honq Konqu kim idarə edir?
Yerli İnsanların Konqresi Komissiyasının qərarına görə, 2017-ci il Honq Konq İcraedici seçkilərində iştirak etmək istəyən üç namizəd xüsusi komissiya tərəfindən bəyənilməlidir. Seçkidən sonra isə İcraedici vəzifəsində çalışmağa başlamadan əvvəl mərkəzi hökumət tərəfindən tanınmalıdır. Qərar həm də diktə edir ki, “Baş İcraedici ölkəni və Honq Konqu sevən adam olmalıdır”.
Demokratiya tərəfdarları hesab edir ki, bu qərar Çin-Britaniya İkili Bəyannaməsinin və Honq Konq Əsas qanununun pozulmasıdır. Çin-Britaniya İkili Bəyannaməsində Baş İcraedicinin seçkilər yolu ilə seçilməsini, Honq Konq Əsas qanunu isə bu seçkilərin beynəlxalq seçki standartlarına uyğun keçirilməsini nəzərdə tutur.
Honq Konqun hazırkı lideri Keri Lam bu vəzifədəki ilk qadındır. O, 2017-ci ildə seçki komissiyasının 1194 üzvü arasında baş tutan səsvermədə rəqibləri Con Çzen və Vu Kvonk-hinqə qalib gəlib. K.Lamın qalibiyyəti Çinin mərkəzi hökuməti tərəfindən təsdiqləndikdən sonra, o, 1 iyulda vəzifəyə başlayıb.

5
Hazırda Honq Konqda nə baş verir?
Son günlər yenidən Honkonqu etiraz aksiyaları bürüyüb. Buna səbəb isə Çində müxalifət qüvvələrinin asanlıqla həbsinə şərait yaradan yeni qanun layihəsidir.
Xalqın “Şeytan layihəsi” adlandırdığı qanuna etiraz edən yüzlərlə etirazçı küçələrə axın edib. Təşkilatçılar bazar günü 1 milyon insanın küçələrə çıxdığını bildirib.
12 iyunda etirazçılar parlament binasına doğru yürüş edib, şəhərin mərkəzi küçələrindən biri olan “Lung Wo” küçəsini nəqliyyata bağlayıblar. Qara maskalı və əlcəkli aksiya iştirakçıları yollara barikadalar qurub, hökumət binalarını blokadaya alıblar.
Yüzlərlə polis aksiya iştirakçılarına bibər qazı ilə müdaxilə edib və onların ən qısa vaxtda küçələri boşaltmaları tələb olunub, əks halda daha sərt müdaxiləyə məruz qalacaqları barədə xəbərdarlıq edilib.
Honq Konq mediasının yazdığına görə, yeni qanun layihəsi 20 iyunda parlamentdə səsverməyə çıxarılacaq.
Yeni qanun nə deyir: Qanun layihəsi cinayət və təcavüz kimi ittihamlarla Honq Konqda saxlanılan şüphəlilərin Çin, Tayvan və Makaoya ekstradisiya olunmasına imkan verəcək. Layihədə siyasi və ya dini əsaslarla saxlanılanların ekstradisiyasının nəzərdə tutulmadığı iddia olunur.
Qanuna niyə etiraz olunur: Etirazçılar Böyük Britaniyanın keçmiş koloniyası olan Honq Konqun Çinin məhkəmə sisteminə uyğunlaşmasından ehtiyat edirlər. Onlar xüsusilə müxalif şəxslərin Çin həbsxanalarında işgəncəyə məruz qalacağından, həmçinin Honq Konqdakı məhkəmələrin müstəqilliyinə kölgə düşəcəyindən narahatdılar.
Etirazların nəticəsi: Honq Konq hakimiyyəti adıçəkilən qanunun qəbulunu dayandırıb. Yerli administrasiyanın rəhbəri Kerri Lam müxtəlif fikirləri dinləmək üçün ictimaiyyətin bütün təbəqələri ilə məsləhətləşmələr aparılacağını bildirib. İyunun 15-i bu barədə açıqlama verən K.Lamm onu da deyib ki, qanun layihəsinin qəbulundan hələ tam imtina edilməyib. Rəsmi müzakirələrin nə qədər davam edəcəyi ilə bağlı məlumat verilmir.