İran prezidenti Həsən Ruhani paytaxt Tehranda Nazirlər Kabinetinin iclasında nüvə sazişi və ölkəsinin bu sahədə atacağı addımlar haqqında danışıb. Prezidet nüvə sazişini imzalayan ölkərə verilən və iyulun 7-də başa çatan 60 günlük müddətdən sonra İranın atacağı addımlar barədə Avropa Birliyi (AB) ölkələrinə müraciət edib:
İyulun 7-dən etibarən zənginləşdirilmiş uranın səviyyəsi artıq 3.67% olmayacaq. Bu göstərici artacaq. Bununla bağlı vədimizi kənara qoyub istədiyimiz qədər uran istehsal edəcəyik. Əgər yenə də buna təəssüflənəcəksizsə, buyurun. Bəyanat yayacaqsınızsa, buyurun.
Ruhani nitqində onu da deyib ki, İran bu sahədə atdığı istənilən addımı 1 saat ərzində əvvəlki versiyasına qaytara bilər, narahatlığa heç bir əsas yoxdur.
Qərar verin, nüvə razılığı yaxşıdır, yoxsa pis? Əgər yaxşıdırsa, onda hamımız vədlərimizə əməl edək. Əgər Avropa Birliyi ölkələri vədlərini yerinə yetirməsə, Arak şəhərindəki reaktoru əvvəlki halına qaytaracağıq.
H.Ruhani AB ilə yanaşı Amerika Birləşmiş Ştatlarına da çağırış edib. Onun sözlərinə görə, bütün tərəflər nüvə razılığına sadiq olacağı təqdirdə İran da razılığı pozmayacaq.
Nə baş verib: H.Ruhani mayda nüvə sazişini imzalayan digər ölkələrə – Britaniya, Fransa, Almaniya, Rusiya və Çinə 60 gün vaxt vermişdi ki, İranın neft və bank sənayelərini ABŞ-ın iqtisadi sanksiyalarından qorusunlar. Həmin tarix iyulun 7-də başa çatır.