Boris Conson. Foto: Frank Augstein / AP

İngiltərənin yeni baş naziri Boris Conson ölkənin Avropa İttifaqından (Aİ) razılaşma olmadan çıxması məsələsi ilə bağlı hazırlıqların sürətləndirilməli olduğunu deyib. Eurnoews yazır ki, Boris Conson ölkəsinin Aİ-dən bu formada ayrılmağa hazır olduğunu hesab edir.

Baş nazir kimi ilk dəfə çıxış edən Conson deyib ki, Aİ-dən ayrılmaq üçün qalan 98 gün ərzində çalışacaqlar ki, bu, insanların həyatına mümkün olduğu qədər az təsir etsin.
Ölkənin Aİ-ni tərk etməsinin ən qatı tərəfdarlarından olan yeni baş nazir deyib:

Oktyabrın 31-dən etibarən “amma”sız, “lakin”siz Aİ-ni tərk edəcəyik. Brexitin yenidən müzakirəsi variantı gündəmdə deyil.

Nə baş verib: İngiltərə Parlamenti bu günə qədər Aİ-ni razılaşma olmadan tərk etmək təklifini 3 dəfə rədd edib. Ölkədə müxalifət partiyaları ilə yanaşı hakimiyyətdə olan Mühafizəkarlar Partiyasının da daxilində bir çox adam razılaşma olmadan Aİ-ni tərk etməyin əleyhinədir.