Honq Konqda hökumət əleyhdarları hava limanının girişlərini bağladığına görə bu gün də təyyarələrin havaya qalxması təxirə salınıb. Deutsche Welle yazır ki, polislə etirazçılar arasında qarşıdurma olub, təhlükəsizlik qüvvələri bibər qazı istifadə edib.
Çinin tərkibində muxtariyyət olan Honq Konqda yerli vaxtla 23:00 radələrində onlarla polis əməkdaşı hava limanındakı etirazçıları dağıtmaq üçün hərəkətə keçib. Aksiya iştirakçıları polisə barikadalar qurmaqla cavab verib və 15 dəqiqə sonra polis geri çəkilib. Gecə saatlarında etiraz aksiyası iştirakçılarının çox hissəsi hava limanını tərk etməyə başlayıb, bundan sonra təyyarələrin enişinə icazə verilib.
ABŞ prezidenti Donald Tramp Amerika kəşfiyyatının bölgədə baş verənlərlə bağlı hesabatını Tvitter vasitəsilə ictimaiyyətə açıqlayıb.
Our Intelligence has informed us that the Chinese Government is moving troops to the Border with Hong Kong. Everyone should be calm and safe!
— Donald J. Trump (@realDonaldTrump) August 13, 2019
“Kəşfiyyatımızın məlumatına görə, Çin hökuməti Honq Konqla sərhədə əsgər göndərib. Hamı sakit və təhlükəsizlikdə olmalıdır” – deyə yazıb.