BBC-nin “Hard Talk” verilişinin qonağı 2014-cü ildə qısa müddət porno aktrisa kimi fəaliyyətinə görə məşhurlaşan Mia Khalifa olub. Aktirsaya ən çox şöhrət qazandıran əsas səbəb onun hicabda çəkildiyi porno film idi. Buna görə İŞİD-in ölüm təhdidi ilə üzləşib. O, müsahibədə həm də porno sənayesindəki istismardan, özünün bu sahədə çalışmağa necə qərar verdiyindən danışıb.
Stephen Sackerlə müsahibəni təqdim edirik.
Mia, sən çox məşhur qadınsan, məsələn, Instagramda 16 milyon izləyicin var. Amma şöhrətinin əsas səbəbi qısa müddətli porno kariyerandır. Bu, sənin üçün çətindir?
Əlbəttə. Mən porno sahəsini tərk edəndən sonra İŞİD tərəfdarları mənim Instagram hesabımı oğurladı və ancaq propaqanda dərc olundu. Sonra Instagram o hesabı sildi. Bundan sonrakı bir il ərzində mən porno ulduz kimi məşhur olmaq taleyini və bunu dəyişməyə çalışmağı qəbul edənə qədər hesabımı yenidən yaratmadım. Sonra yenidən hesab yaratdım və fenomen olmaq üçün çalışdım.
Çünki sənin adını Google-da yazanda dərhal “porno ulduz” sözü çıxır. Bu, elə bir şeydir ki, sən yəqin heç vaxt bunun öhdəsindən gələ bilməyəcəksən.
Birincisi, bu, çox kobud səslənir. Mən öhdəsindən gəlməyə çalışıram.
Mənim nəzərdə tutduğum internet texnologiyasının iş prinsipidir. …Necə oldu ki, valideynlərinin Livandan ABŞ-a gətirdiyi, oxumuş, Texasda tarix üzrə ali təhsil alan qız porno sənayesinə daxil oldu?
Məncə bunun bir fərqi yoxdur ki, sən böyük ailədə doğulmusan, ya da kiçik. Mən bütün uşaqlığım ərzində çəkimə görə əziyyət çəkmişəm və heç vaxt kişilərin diqqətini cəlb etdiyimi hiss etməmişəm. Qəfildən, kollecin ilk ilində mən kiçik dəyişikliklərlə o çəkini itirməyə başladım. Məzun olmağa az qalmış artıq böyük dəyişiklik etməyə hazır idim. Əvvəllər döşlərimə görə özümdən çox razı idim, çəki itirəndə isə ilk gedən onlar olur. Mən onda 22 kilo itirmişdim.
Bu, kifayət qədər böyük rəqəmdir. Səni fiziki olaraq dəyişdi.
Tamamilə. Mənim yeganə narahatlığım döşlərimlə bağlı idi. İstəyirdim ki, həmişəki ölçüyə bir az daha yaxın olsunlar. Mən bunu bir dəfə edəndə kişilərin diqqətini cəlb etməyə başladım və bu heç öyrəşmədiyim bir şey idi. İstəyirdim ki, bu, belə qalsın və məndən gözləniləni elədim. Dəyərli olmağı hiss edəndən və komplimentlər eşidəndən sonra bunu itirmək istəmirdim.
Yeni məzun kimi iş axtaranda sənlə işləmək istədiyini və bu sahənin porno olduğunu açıq-aşkar deyən bir adam tərəfindən kəşf edildin. Nə oldu ki, qaçıb uzaqlaşmaqdansa, səni bu sahənin içinə saldı?
Heç kim sənə yaxınlaşıb “hey, sənlə porno çəkmək istəyirəm” demir. Bu, adətən belə olur ki, “Hey, sən çox qəşəngsən, model olmaq istəyərsən? Sənin çox yaxşı bədənin var, bəlkə nude (çılpaq) modellik etmək istəyərsən?” – bu tip şeylər. Sonra çox yaxşı vəziyyətdə olan və möhtəşəm yerlərdə yerləşən studiyaya gəlirsən, məsələn, Mayamidə. Ora çox təmizdir, orada işləyənlərin hamısı çox yaxşıdır, ailə fotoları ilə bəzənmiş kublar formasında ortaqlardır. Orada şübhəli və məni narahat edəcək heç nə yox idi. Studiyaya ilk dəfə gedəndə porno filmə çəkilməmişdim. Bu, ikinci gedişimdə olub. İlk gedişim daha çox tanışlıq idi ki, sən bunu etmək istəyirsənmi, onda sənəd imzala və s.
Sən bir dəfə gənc qadınları ovlayanlar barədə danışmısan. Mənə maraqlıdır ki, səndə qurbanlıq hissi varmı? Sənin indi 26 yaşın var, o vaxt 21 yaşında idi. İndi düşünürsən ki, o qız istifadə olunub, o, qurbandır?
Düşünürəm ki, o qızın ona deyilənlərin yalan olduğunu və ondan faydalanıldığını müəyyən etmək üçün kifayət qədər imkanı yox idi. Bəlkə də yalan yox, manipulyasiya edilmək. Məni onların istədiyini etmək üçün manipulyasiya edirdilər. Həqiqətən özümü qurban kimi görmürəm və bu sözü sevmirəm. Bunlar çox bərbard qərarlar olsa da öz qərarlarımı vermişəm. Düşünürəm ki, qadınların bu sahəyə cəlb edilməsi tərzi dəyişilməlidir.
Bu, milyardlarla dollarlıq bir sənayedir və onun ürəyi kamera qarşısında sekslə məşğul olmaq üçün razılıq verən gənc qadın və kişilərdir. Milyardlarla dəfə baxılan həmin videoların çəkilişi zamanı sənin əlində nə qədər nəzarət olur?
Heç bir. Çox cuzi, məsələn hansısa geyimə “hə”, ya da “yox” demək qədər. Hansı film, hansı mövzuda, harada çəkilir, bu, səndən asılı deyil.
Əgər onlar hansısa konkret seks hərəkətini etməyini istəyirlərsə və sən qətiyyən etmək istəmirsənsə?
Yox, onlar səni məcbur edə bilməz.
Bu yaxınlarda həmin videoların çəkilişi zamanı ondakı zehni vəziyyətinlə bağlı maraqlı bir şey demişdin ki, sanki özündən getmiş halda olmusan və indi geriyə baxanda nələrin olduğunu tam dəqiqliklə xatırlaya bilmirsən. İzah edə bilərsən ki, beynində nə baş verirdi?
Məncə bu, adrenalin idi. Adrenalinim çox yüksək idi, çünki mən bilirdim ki, heç vaxt ağlıma gətirmədiyim bir şey edirəm. Yaxud da elə bir şey ki, heç vaxt təsəvvür edə bilməzdim. Buna görə də adrenalin tavanda idi və ona görə də o vaxt olanları dəqiq xatırlamaq çətindir.
Sən ərəbsən və ərəb mədəniyyəti çox mühafizəkardır. Hesab edirsən ki, bu biznesə qoşulmaqla sən həm də bu qatı soymalı oldun?
Ola bilsin ki, hə. Məncə bunun bir hissəsi də üsyan idi və hətta özümü də şoka salacaq nə isə etmək istəyi idi.
Məncə bu, çox axmaq sualdı; sənin ailənin nə iş gördüyünlə bağlı heç bir fikirləri yox idi, hə?
Yox. Xəbərləri olanda məndən imtina etdilər.
Yəqin ki, bu, çox ağır olub.
Bəli çox çətin idi. Mən özümü ailəm və ətrafım tərəfindən tamamilə yadlaşmış hiss edirdim. Xüsusilə də bu sahəni tərk edəndən sonra da özümü çox tək hiss edirdim. Başa düşdüm ki, bəzi səhvlər bağışlanmazdır. Zaman bütün yaraları sağaldır və indi hər şey daha yaxşıdır.
Hicabda olduğun video çəkilən ərəfə barədə soruşmaq istəyirəm. Onda sən bir nömrəli ulduz idin və indi bu sahədə çox məşhur olan “Pornhub”da yüz milyonlarla baxış var idi. Amma sənə 12 video üçün cəmi 12 min dollar ödənib. Amma sən işlədiyin “BangBros” və “Pornhub” üçün milyonlarla dollar qazandırdın. Bu necə olur?
Bu elə belə də olur. Bu, təkcə məndə belə deyil. Bu ona görə deyil ki, mənim müqaviləm və ya menecerim bərbad idi. Mənim işlədiyim hansısa menecer ya da agentlik yox idi. İnsan beyni 25 yaşda tam formalaşır və onda mənim beynimin qərar verən hissəsinin formalaşmağına ehtiyac var idi. Mənə nəyi etməli olduğumu ya da bunun səhv olduğunu deyən heç kim yox idi.
Səni ən çox məşhurlaşdıran həmin videoda siz üç nəfər idiz və sən İslam dinində hicab adlanan baş örtüyü geyinmişdin. Çox güman bilirdin ki, bu nə qədər provakativdir.
Mən onlara sözbəsöz demişdim ki, uşaqlar, siz məni öldürtmək istəyirsiz. Onlarsa, sadəcə güldülər.
Bəs niyə demədin ki, bunu etmək istəmirsən?
Təhdid. Mən qorxurdum. Bilirdim ki, mən yox desəm… Yox desəm, onlar məni məcbur etməyəcəkdilər ki, sekslə məşğul olum, çünki bu artıq təcavüzdür. Amma yenə də qorxurdum. Bu, ona bənzəyir ki, siz restoranda yemək yeyirsiz və onu bəyənmirsiz, amma ofisiant sizdən onun necə olduğunu soruşanda bunu ona deməyə çəkinirsiz. Mən də elə narahat idim, çəkinirdim.
Yəni daha çox kişilərin nəzarətində olan porno sənayesində icazə qavramı mənasız bir şeydir.
Əlbəttə. Ağdərili kişi prodüsserlərə belə şey deyəndə onlar sadəcə gülürlər. Bu, məhv edicidir. Sən müqavilə imzalayanda şirkətin prezidenti və CEO-su sənlə bir yerdə otaqda oturur və müqaviləni oxumağını gözləyir. Bu gərginlikdə isə sən oxuduğunu başa düşmürsən, çünki insanlar sənə zillənib.
Həmin filmin çəkilişi bitəndən sonra ürəyində hiss edirdin ki, bu, fəlakət olacaq?
Növbəti günə qədər yox, çünki hələ də adrenalin yüksək idi. Amma film yayımlananda mənim bütün dünyam məhv oldu. Düşünürdüm ki, heç kimin bundan xəbəri olmayacaq. Çünki milyonlarla qız var idi ki, seks videosu çəkir və onları heç kim tanımır. İstəyirdim ki, bu mənim balaca, pis sirrim olsun.
Amma bu, filmi çəkənlərə milyonlarla dollar qazandıran zəfər idi. Reallıq isə odur ki, sənin siman hicab geyinən porno ulduz kimi bütün dünyada tanındı və sən təhdid olundun.
Bəli. Mən İŞİD demək istəmirəm, çətin ki, hansısa İŞİD-çinin Tvitter hesabı olsun.
Amma İŞİD-i dəstəkləyən insanlar…
Eynilə. Onlar mənim şəklimi fotoşopla başı kəsilmiş bir insanın şəklinə birləşdirmişdilər və yazmışdılar ki, növbədə sənsən.
Təsəvvür edə bilmirəm ki, bu vəziyyətdə özünü nə qədər tək hiss etmisən. Çünki bunu ailənlə də müzakirə edə bilmirdin.
Bu dəhşət idi, amma mən o təhdidə cavab yazdım ki, döşlərimi kəsməyin onlar çox bahalıdır.
Bu qərara görə məsuliyyətin nə qədərini özündə görürsən?
100%-ni. Mən qərar verdim və bu sektorun qüsurlu olduğunu aşkarladım və başqa qızları mənim düşdüyüm tələyə düşməkdən qorumaq üçün nə isə etmək lazımdır. Yenə də bu, mənim seçimim idi.
Təhlükəsizliyə görə evini dəyişməli oldun?
Artıq dəyişmişəm, çünki kimsə “Google Maps”dən evin adresinin skrinşotunu götürmüşdü.
Səncə o adamlar səni pul maşını hesab edirdilər?
Əlbəttə.
Səndə bu təcrübədən qalma hər hansı travma sonrası stressin olduğunu düşünürsən?
Bəli. Bu daha çox ictimaiyyət arasına çıxanda olur. İnsanlar mənim geyimimə diqqətlə baxır və mən utanıram. Bu, məni elə hiss etdirir ki, elədiklərimə görə bütün şəxsi gizlilik haqqımı itirmişəm. Çünki cəmi bir “Google” axtarışı uzaqlıqdayam.
Və sən o fotoları sildirə bilmirsən. Buna heç bir haqqın yoxdur, hətta bu tamamilə şəxsən sənə aid olsa da. Bu həm də tək sənin yox, bu sahədə olan başqa aktyor və aktrisaların da taleyidir.
Həqiqətən son müsahibədən sonra insanlar mənlə əlaqə saxlamağa çalışdı və menecerim onları seçir və mənə yönləndirir. Orada seks trafikində olan və pornoya çəkilməyə vadar edilən qızların yazdıqlarını oxudum. Onlardan faydalanan kişilər bu qadınların heç jarqonunu belə anlamadığı müqavilərlələ onların bütün həyatını məhv edib. Və düşündüm ki, deməli danışmaq lazımdır, bu müsahibə yayımlanmalıdır, çünki başqa insanlar da belə hiss edir. Hətta porno sahəsinin bu qədər içində olmasa da etmək istəmədikləri nəyəsə vadar edilirlər.
İndi sən başqa sahəyə yönəlməyə çalışırsan. Geriyə baxanda və indi hansısa kampaniya aparan və ya fəal olmağa çalışmaq sənin cəmiyyətin pornoya baxışını, insanların bu sahədəki adamlara davranışını dəyişmək missiyanın bir hissəsidir?
Hamı pornoya baxır. Siz bütün həyatınız boyu pornoya baxmısız?
Bəli, baxmışam.
Düşünürəm ki, bu sahədə dəyişilməli olan qadınların bura necə daxil edildikləridir. Onlara imkan vermək ki, nəyisə etməyə məcbur edilmək əvəzinə özləri nə etmək istədiklərini axtarsın. Yaxud da ki, nəzarət altında müqavilə imzalamağa məcbur edilməsin. Onlar vəkil tapa bilməlidirlər, qərar vermək hətta bir neçə gün çəksə belə onu evdə dəfələrlə oxuya bilməlidirlər.
Bir çox ölkədə əsasən gənclər pornoqrafiyaya məruz qalır və bu, qadınların və kişilərin bir-birinə münasibətini, münasibətlərə yanaşmasını dəyişir. Sən bunla bağlı nə düşünürsən?
Əlbəttə ki, bu, münasibətlərə təsir edir. Porno asılılığı Amerikada geniş yayılıb və əminəm ki, bu, Böyük Britaniyada da belədir. Kişilər porno videolarda gördüklərini həyatlarında olan qadınlardan gözləyirlər, amma o, reallıq deyil. Heç kim elə mükəmməl ola bilməz, heç kim öz sevgilisi ilə hansısa çərşənbə gecəsi o filmlərdəkini edə bilməz.
Əgər Floridada küçədə gedən və ona bir kişinin yaxınlaşıb sən çox gözəlsən, səninlə işləmək istəyirəm deyən 21 yaşlı Mia ilə danışa bilsəydin ona nə deyərdin?
Çantanda bibər qazı var, istifadə elə. Qaç.