Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycandakı siyasi məhbus sayılan şəxslər üzrə məruzəçisi Torhildur Sunna Evarsdottir dünən Azərbaycana gəlib. Səfəri çərçivəsində o, bir qrup hüquq müdafiəçisi ilə görüşüb. Görüşdə iştirak edən hüquq müdafiəçisi Rəsul Cəfərov məruzəçinin Azərbaycan səfəri ilə bağlı Mikroskop-un suallarını cavablandırıb.
1
Torhildur Sunna Evarsdottir Azərbaycana niyə gəlib?
Görüş zamanı o, açıq qeyd etdi ki, 2018-ci ilin iyun sessiyasında ona verilən mandat daxilində gəlib. Bu mandatdan kənar hər hansı fəaliyyətdə, məsələnin həllində və ya qaldırılmasında maraqlı deyil. Ümumiyyətlə heç bir məsələyə münasibət bildirmədi.
Dünən başalyan səfəri sırf məlumatların toplanması ilə bağlıdır. Siyasi məhbus problemində tərəflər var və bunlar hökumət,siyasi məhbuslar, onların ailələri, onların hüquqlarını müdafiə edən vətəndaş cəmiyyəti və ayrı-ayrı hüquq müdafiəçiləridir. Məruzəçinin də bu səfərdə məqsədi hazırlayacağı hesabatın hərtərəfli və obyektiv olması üçün hər bir tərəfi, o cümlədən də hökuməti, dövlət orqanlarını və onların təmsilçilərini dinləmək, məlumatları dəqiqləşdirməkdir.
2
Hesabat necə və nə vaxt hazırlanacaq?
Məruzəçinin bu problemlə bağlı hazırlayacağı hesabat yalnız bu səfər əsasında olmayacaq. Orada yəqin ki başqa addımlar da atılacaq. Məsələn sənədlərin, hesabatların analizi, işlərlə birbaşa tanışlıq, görüşlərdən çıxarılan nəticələr və s. Yenə də səfər bu hesabatın hazırlanmasında əsas mərhələlərdən biri hesab olunur.
Siyasi məhbus problemi ilə bağlı məruzəçinin hesabatı böyük ehtimalla 2020-ci ilin yanvarında hazırlanacaq. Bu, Avropa Şurası Parlament Assambleyasının Plenar İclasında təqdim edəcəyi “Azərbaycanda siyasi məhbuslarla bağlı” hesabat olacaq.
Məruzəçinin funksiyası o hesabatı hazırlayıb Hüquqi Məsələlər Komitəsinə təqdim etmək və komitədə təsdiq edildikdən sonra AŞPA-nın rəsmi sənədinə çevrilməsi üşçün Plenar İclasa tövsiyə etməkdən ibarətdir. Biz də hüquq müdafiəçisi olaraq çox ümid edirik və inanırıq ki, hesabat AŞPA-da qəbul olunacaq. Əgər qəbul olunsa, ondan sonra mandat daha bir il ərzində həmin hesabatda qeyd edilən tövsiyələr və çağırışlara Azərbaycan hakimiyyəti tərəfindən əməl edilib-edilməməsini təftiş edəcək, ona uyğun da öz əlavə mövqeyini bildirmiş olacaq.
3
Məruzəçinin siyasi məhbus probleminə reaksiyası nə oldu?
Səfərin məqsədi sırf sırf məlumatların toplanması ilə bağlı olduğuna görə, dünənki görüşümüzdə də kənar mövzu olmadı. Xüsusi detallara grimədik. Onun məqsədi siyasi məhbus məsləsi ilə bağlı bizim fikirlərimizi öyrənmək idi, bizim təqdim etdiyimiz sənədləri toplamaqla məşğul idi və hansısa bir məsələ üzrə dəqiqləşdirici sualı var idisə, o sualları ünvanlamaqla məşğul oldu. İndiki mərhələdə hansısa məsələyə münasibət, onun qiymətləndirilməsi, reaksiya, aparılmadı. Əslində aparılmaması da tamamilə doğru yanaşmadır.
Məruzəçinin mövqeyi hazırlayacağı hesabatda öz əskini tapacaq. O hesabatın qəbul edilməsi artıq məruzəçinin funksiyası deyil.
4
Başqa kimlərlə görüşəcək?
Gəlməmişdən qabaq məlumatlar var idi ki, səfər çərçivəsində Milli Məclis, Ali Məhkəmə, Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Prezident Administrasiyasında görüşləri olacaq. Həmçinin siyasi məhbus hesab edilən şəslərdən də bəziləri ilə görüşü nəzərdə tutulub.
Səfər sabah başa çatır və onun nəticələri 2020-ci ilin yanvarında və ya ən geci aprelində hazırlanacaq hesabatda ortaya çıxacaq.
5
Məruzəçi Torhildur Sunna Evarsdottir kimdir?
İslandiyadan olan deputat T.S.Evarsdottir ötən il iyunun 25-də Avropa Şurasının Hüquq və insan haqları komitəsinin sədri seçilib. Həm də məruzəçi təyin edilən deputat Azərbaycana ilk dəfədir səfər edir. Bundan əvvəl o, iyun ayında Azərbaycana səfər etmək istəsə də baş tutmayıb. Azərbaycan hökuməti bayram günləri ilə əlaqədar onun səfərini əlverişsiz hesab edib və təxirə salıb.