“Müsəlman Birliyi” Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə haqqında cinayət işinə xitam verilib.
Bu barədə AzadlıqRadiosuna L. İsmayılzadə özü bildirib.
“Sentyabrın 30-da müstəntiq mənimlə əlaqə saxlayıb, vəkilimlə birlikdə yenidən istintaq idarəsinə gəlməyimi istəmişdi. Bu gün getdik. Bizə bildirildi ki, cinayət tərkibi olmadığına görə cinayət işinə xitam verilir. Telefonu da özümə qaytardılar”.
L. İsmayılzadə onu da deyib ki, cinayət işinə xitam verilmə səbəbi baş verən hadisəyə ictimaiyyətin kəskin reaksiyası olub.
Nə baş verib: Penitensiar Xidmət martın 21-də Leyla İsmayılzadə haqda məlumat yayıb. Məlumatda bildirilib ki, o üç azyaşlı övladı ilə birlikdə həyat yoldaşının yanına gələndə mobil telefon və danışıq kartı gətirib. Leyla İsmayılzadə isə qayınatasına məxsus sözügedən telefonun işlək olmadığını, uşağın ondan oyuncaq kimi istifadə etdiyini və həbsxanaya məqsədli şəkildə gətirilmədiyini bildirib.