Baş Tibb İdarəsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Fuad Əhmədlinin səhhəti ilə bağlı “Amerikanın səsi”nə məlumat verib. İdarənin rəis müavini İftixar Qurbanov deyib ki, ki, onun vəziyyəti stabildir:
O, hərəkət zamanı bel nahiyəsində ağrıların olmasından və tək-tək öskürəkdən narahat olduğunu bildirir. Müayinələr, həkim mütəxəssislərin baxışları nəticəsində bel nahiyəsində və ağciyərlərində ciddi patologiya aşkar edilməyib.
Hazırda stasionar müalicəyə ehtiyac olmadığını deyən İ.Qurbanov Fuad Əhmədlinin müayinəsi 2-3 günə başa çatacağını bildirib.
Fuad Əhmədli kimdir: AXCP üzvü Fuad Əhmədli 2016-ci ilin avqustunda “Əməliyyat- axtarış fəaliyyəti haqqında qanun”un pozulması və “Azerfon” mobil telefon istifadəçilərinin şəxsi məlumatlarının yayılması ittihamı ilə həbs edilib. Bundan əlavə, o, vəzifə səlahiyyətini aşmaqda ittiham olunub. 2017-ci il iyunun 16-da 4 il azadlıqdan məhrum edilib. Sonradan Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıblar.
2019-cu ilin mayında Suraxanı Rayon Məhkəməsi F.Əhmədlinin cəzasının yarıdan çoxunu çəkməsilə əlaqədar şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması barədə müraciətini təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi iyulun 5-də onun vaxtından əvvəl şərti azadlığa buraxılmasından imtina ilə bağlı şikayətinə baxılıb və təmin edilməyib.
Partiya Fuad Əhmədlinin həbsinin onun siyasi fəaliyyəti ilə bağlı olduğunu deyib. Onun həbs müddəti 10 ay sonra bitəcək.