Hüquq müdafiəçisi Oqtay Gülalıyev 29 oktyabrda axşam saatlarında Səməd Vurğun bağının yanında qəzaya uğrayıb. Avtomobillə vurulan O. Gülalıyevin vəziyyəti hazırda kritikdir və əməliyyat olunmalıdır.
Mikroskop bu dəqiqəyə qədər qəza ilə bağlı baş verənlər və hüquq müdafiəçisinin hazırkı vəziyyəti ilə bağlı məlumatları bir yerə toplayıb.
https://www.facebook.com/avtomobil.elanlar/videos/2364081920510819
Qəza necə baş verib: Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) yaydığı rəsmi məlumata görə, hadisə dünən 17:20 radələrində Nəsimi rayonunda, 28 may və Puşkin küçələrinin kəsişməsində baş verib. “Hyundai Accent” markalı avtomobillə taksi sürücüsü işləyən Kənan Abdullayev O.Gülalıyevi maşınla vurub.
Taksi sürücüsü onu dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə – “Semaşko”ya çatdırıb.
Səhiyyə Nazirliyi nə deyir: Nazirliyin yaydığı məlumata görə, həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar.
Xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb. Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan City Hospitala köçürüblər. Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır.
Hazırda vəziyyəti necədir: Jurnalist Ramin Dekonun yaydığı məlumata görə, Oqtay Gülalıyev əməliyyat edilir. Həkimlər əməliyyatın təxminən 3 saat davam edəcəyini deyib.
Hansı maddə ilə cinayət işi açılıb: Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci naddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. BŞBPİ-nin məlumatına görə, Nəsi RPİ-nin əməkdaşları hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirib, sürücü K.Abdullayevin izahatını alıb, o, sərxoşluq və narkoloji müayinələrdən keçirilib.
263.1-ci maddə nədir: Cinayət Məcəlləsinin bu maddəsinə görə şəxs avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda həmin maddəyə əsasən təqsirli bilinir. İttiham sübuta yetirilərsə, sürücü iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə
5-7 min manatadək miqdarda cərimə və ya
İki ilədək müddətə islah işləri və ya
İki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
Nələri bilmirik: İctimai fəal Bəxtiyar Hacıyev, vəkillər Yalçın İmanov və Elçin Sadıqovun qəza ilə bağlı şübhələri var. Onlar və daha bir neçə nəfər hesab edir ki, hadisə qəsdən törədilib.
Bəxtiyar Hacıyev bunu necə əsaslandırır:
Birbaşa və düz üstünə, hətta, Oqtay bəy hərəkət etdikcə, həmin trayektoriyada sürür. Piyada zolağına təxminən 45 dərəcə ilə girir, hətta, Oqtay bəyi vurduqdan sonra da təkərin azca da olsa, sola döndüyü görünmür. Bu sürətlə, bu bucaq altında, piyadanı görərək, vurandan dərhal sonra saxlamağı bacaran, amma, vurana qədər əyləcə basılmayan hal təsadüfə oxşamır. Sürücü hələ qəza işıqlarını yandırır, əl əyləcinə basır, sonra maşından rahat şəkildə düşür.
Vəkil Elçin Sadıqov isə yazır: Oqtay Gülalıyevin vurulması anına dəfələrlə baxdım və belə qənaətə gəldim ki, bu etiyasızlıq deyil qəsddir!
Baş verənlərlə bağlı yeni məlumatlar:
Daxili İşlər Nazirliyi Oqtay Gülalıyevin qəzaya uğradığı anın yeni, başqa rakursdan olan video görüntülərini yayıb.
Dünən baş verən hadisənin başqa rakursdan görüntüləri. pic.twitter.com/2fDRVDIw1U
— Mikroskop Media (@MikroskopMedia) October 30, 2019
Əməliyyat necə keçib: Oqtay Gülalıyevin aldığı beyin travması ilə bağlı keçirdiyi əməliyyat başa çatıb. Həkim Adil Qeybullanın sözlərinə görə əməliyyat uğurlu keçib və hazırda o, narkozun təsiri altındadır. Bir neçə saat sonra O.Gülalıyev reanimasiya şöbəsinə köçürüləcək və bundan sonra onun reabilitasiyası başlayacaq.
Həkim deyir ki, hüquq müdafiəçisi üçün kritik dövr bir neçə gün ərzində davam edəcək, ona görə də 3-5 gün müşahidə olunmalı, reanimasyon tədbirlər görülməlidir.
A.Qeybullanın sözlərinə görə, O.Gülalıyevdə beynin sıxılma əlaməti var, amma yalnız o ayılandan sonra bəlli olacaq ki, bu sıxılma ilə əlaqədar əlində və ayağında zəiflik qalacaq, yoxsa yox.
Cavan adamdır, yaşına görə hər hansı fəsadı bərpa imkanı, resursları var. Hazırda isə beynin necə bərpa olunmağını proqnazlaşdırmaq çətindir.