Hüquq müdafiəçisi Oqtay Gülalıyevin hazırkı vəziyyəti ilə bağlı onun həkimi – neyrocərrah Adil Qeybulla “Qafqazinfo”ya danışıb. Deyib ki, Hüquq müdafiəçisi 2-ci dərəcəli koma vəziyyətindədir. Bu, o deməkdir ki, vəziyyəti stabildir.
Komanın hansı dərəcələri var: Komanın 4 dərəcəsi mövcuddur, ən ağır dərəcə 4-cü dərəcə (tam arefleksiya vəziyyəti) sayılır. Mətbuatda gedən bəzi məlumatlara aydınlıq gətirmək məqsədilə sabah Oqtay bəyin ilk daxil olduğu 1 saylı Kliniki Tibbi Mərkəzdəki tomoqrafiyasının şəklini əldə etməyi və travmanın bütün dinamikasını detallarla izah etməyi planlaşdırıram.
Nə baş verib: O.Gülalıyev oktyabrın 29-u Bakının Nəsimi rayonu ərazisində – 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi 90-PZ-543 dövlət nömrə nişanlı “Hyunadi Accent” markalı avtomobillə yolu keçərkən vurulub. Sürücü hadisədən dərhal sonra Gülalıyevi 1 saylı Təcili Tibbi yardım mərkəzinə çatdırıb.
Oktay Gülalıyev kimdir: Hüquq müdafiəçisi Oqtay Gülalıyev Azərbaycan hakimiyyətini kəskin tənqid edən şəxsləndəndir. O, İşgəncələr əleyhinə komitənin üzvlərindən biridir və siyasi məhbusların hüquqlarının müdafiəsi ilə məşğul olur.
Təxribat, yoxsa təsadüf: Müxalif mövqeli şəxslər onun vurulmasının sifariş olduğunu istisna etmir.