Noyabrın 6-da libertarian aktivist və siyasətçi Mixail Svetovun adı yetkinlik yaşına çatmayan şəxslə münasibətə girmək ittihamı ilə ağır cinayət işində hallandı.
Svetov hazırda istintaqda şahid qismindədir, lakin polis onun evində axtarış aparıb və çərşənbə günü rəsmilər onu 12 saat ərzində dindirib. Bundan əlavə, 2019-cu ilin avqust ayında Rusiyanın federal senzura orqanı olan Roskomnadzor, uşaq pornoqrafiyası hesab etdiyi bir sıra paylaşımlara görə Svetovun İnstaqram səhifəsini (faktiki olaraq blok etmədən) qadağan olunmuş saytların siyahısına əlavə etdi. Mixail Svetov Rusiyanın qeydiyyata alınmayan Libertarian Partiyasının bəlkə də ən görkəmli üzvüdür və o, bu yay Moskvadakı müxalif etirazlarına cavabdeh olan əsas məruzəçilərdən və təşkilatçılardan biridir.
Onun Youtube-dakı kanalının 164.000 abunəsi olan kanalı var və ölkə daxilində yerli polisin tez-tez mane olduğu tədbirlərdə mühazirələr deyir. “Meduza” istintaqda adının hallanması barədə Svetovun nə düşündüyü ilə maraqlanıb. Mikroskop müsahibəni təqdim edir.
Bu barədə ilk reportajı hazırlayan REN TV idi. Sizin əvvəlcədən xəbəriniz var idi?
Hər axşam elektron poçtumu yoxlayıram və [reportaj çıxmamışdan] əvvəlki gecə bununla bağlı heç bir şey yox idi. Ertəsi gün səhər REN TV-yə sızan xəbərlər barədə zənglərlə oyandım. Həmin ana qədər heç nə bilmirdim. Bir neçə dəqiqədən sonra REN TV-nin jurnalistləri artıq dəhlizdə məni gözləyirdilər.
Məhkəmə işinin mühazirələrinizdəki uğurunuza cavab olduğunu deyirsiniz, amma niyə yayda olan mitinqlərdəki rolunuzla əlaqəli hesab etmirsiniz? Axı onlar sizi yaydakı mitinqləri təşkil etdiyinizə görə həbs etmişdilər.
Düşünürəm ki, hamısı boğaza yığılmadan ibarətdir və mühazirə turu son damcı oldu. Libertarianlar həmişə marginallaşdırılıblar; elə göstərirdilər ki, sanki ideyalarımız yalnız paytaxtdakı yenilikçilərə aiddir, ölkənin qalan hissəsi üçün isə həyat tamamilə fərqli olduğundan sırf Moskvaya aid bir hərəkat olduğumuzu göstərməyə çalışdılar. Mən də açıq şəkildə gedib bütün ölkənin mənim fikirlərimlə maraqlandığını göstərdim. [Hökumət nümayəndələri] vacib nəyinsə əldən getməyinə icazə verməyəcəklərini başa düşdülər və buna görə də indi mənə hücum edirlər.
Yüzlərlə insan mühazirələrinizdə iştirak etdi, lakin həmin mühazirələr yüz minlərlə insanın yaşadığı regional şəhərlərdə təşkil olunmuşddu. Bunu nəzərə alsaq, iştirak səviyyəsi o qədər də təsiredici görünmür. Hökumət nümayəndələri niyə qorxsun ki?
Vacib olan rəqəmlərin deyil, marağın artmasıdır. Bir il yarım əvvəl Moskvada 150 nəfərlik bir salon doldurmaq yaxşı iştirakçılıq səviyyəsi olardı. Bu gün Moskovadan 1165 km uzaqda yerləşən bir şəhər – Ufada 250 nəfəri bir yerə yığıram və bu, üç saatlıq fəlsəfi mühazirə üçündür! Bu rok konserti və ya film deyil, qatı intellektual məzmun deməkdir. Dünyada belə uğur qazanmağı bacaran çox az adam var və mən bunu bacardım.
Amma bu mühazirələrdə təhlükəli olan nədir axı?
Mən fikirlər yayıram, gələcəyə baxış təklif edirəm və obyektiv siyasi səbəblərə görə ölkəmizin yoxsul olduğunu insanlara açıq şəkildə izah edirəm. Ən əsası, mən yalnız indiki hakimiyyətə deyil, daha geniş şəkildə güc fikrinə qarşı mübarizə aparıram. Bu, onlar üçün ən qorxulusudur; bu, onları cinayət perspektivlərindən məhrum edir. Sadəcə parlamentdə yer istəyən bir müxalifətçi ilə sövdələşə bilərsiniz və ölkəni birlikdə qarət etməyə davam edə bilərsiniz. Ancaq mən insanlara gedirəm və güclü nomenklatura kristallaşmasına imkan verməyən bir cəmiyyət izah edirəm. Onlar isə bundan hər şeydən daha çox qorxurlar.
İstintaq hansısa şəkildə Aleksey Navalnının Anti-korrupsiya Fonduna (FBK) qarşı çirkli pulların yuyulması işi ilə əlaqələndirilə bilərmi? Moskvadan kənarda, bir çox libertarian fəal tez-tez Navalnının təşkilatına könüllü olurlar.
Mən heç vaxt şəxsən FBK üçün işləməmişəm və bizi birləşdirən yeganə şey müstəqilliyimiz və Rusiyaya olan sevgimizdir. Mövcud hakimiyyətin nöqteyi-nəzərindən, bu, ən böyük günahdır, buna görə də bütün siyasi subyektiv və müstəqil oyunçulara hücum edirlər. Hər dəfə fərqli bir səbəb ortaya qoyurlar- buna görə heç kim onların hakimiyyətlərini davam etdirməsinə və ölkəni məhv etməklərinə qarışa bilmir.
Şahid qismində dindirildiyiniz cinayət işi, çox güman ki, Anastasiya Starodubovskayanın İnstaqram hesabınızda yerləşdirilən şəkli ilə bağlıdır. İkiniz ilk dəfə tanış olanda o neçə yaşında idi?
Biz onla ilk dəfə 16 yaşında (Rusiyada yetkinlik yaşı hüquqi olaraq 16 yaşdır) əlaqə saxlamağa başladıq. Münasibətimiz haqqında ətraflı açıqlama verib. İstintaq Komitəsi həqiqəti rəsmi şəkildə ortaya qoymağa çalışmır. Hazırda təzyiq birbaşa Nastyaya yönəldilir. [Müstəntiqlər] ona elə iyrənc şeylər deyir ki, onları təkrar etmək istəmirəm. Düşünürəm ki, bu haqda o özü daha çox məlumat verəcək.
Əgər dediyiniz təqib siyasi xarakter daşıyırsa, bəs niyə yetkinlik yaşına çatmayan şəxslə münasibətə girməyinizi araşdıran məmurlar, Rusiyanın ictimai məclis nizamnamələrini dəfələrlə pozduğunuza görə sizi mühakimə etmirlər?
[Hökumət nümayəndələri] hesab edir ki, ittihamlar açıq şəkildə siyasi olmaq əvəzinə “çirkli” olduğu təqdirdə vətəndaş cəmiyyəti müdafiəmə daha az həvəsli olacaq. Xoşbəxtlikdən, bu işə yaramır. İşin sırf siyasi olduğu hər kəsə aydındır.
Dindirilmə zamanı siyasətlə bağlı suallar var idi?
Bəli, əksəriyyəti siyasətlə bağlı idi. Və bu sualların çoxunu Nastyaya da verdilər.
Müxalifətin yaydakı mitinqlərində iştirakına görə ağır ittihamlarla üzləşən Eydır Qubaydulın həbsxanaya düşməmək üçün Rusiyadan qaçmağa qərar verdi. Simpatiya bəsləyirsiniz?
Anlaşılandır, amma mən (Svetov 2016-cı ilə qədər Yaponiyada işləyib) Rusiyaya yenidən tərk etmək üçün qayıtmamışam. Rusiya üçün mübarizəyə davam edəcəm və ümid edirəm ki, Rusiya mənim üçün mübarizəyə davam edəcək.
Bu işin necə bitəcəyini gözləyirsiniz?
Hazırda hər şeyin hansı istiqamətə yönəldiyini ehtimal etməyə qorxuram. Siyasi işlərin öz yolu var.
Tərcümə etdi: Bilal Ashrafov, @bllshrfv