Norveçin paytaxtı Osloda ABŞ və Aİ ölkələri arasında Əfqanıstandakı “Taliban” hərəkatının nümayəndələri ilə danışıqlar aparılıb. Məlumatı jurnalistlərə “Talibanın”ın Xarici İşlər Nazirliyinin mətbuat katibi Əbdül Kahhar Bəlxi verib.
Onun sözlərinə görə, danışıqlar zamanı “Taliban” nümayəndə heyətinə müvəqqəti hökumətin xarici işlər naziri Əmirxan Müttəki rəhbərlik edib.
Görüşdə müzakirə edilənlər:
- Əfqanıstanda iqtisadiyyat, humanitar yardım, təhlükəsizlik;
- Mərkəzi bankçılıq və səhiyyə məsələləri.
Əbdül Kahhar Bəlxi qeyd edib ki, danışıqlar davam etdirilir.
Bundan başqa, Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai hesab edir ki, Osloda baş tutan danışıqlar ölkədə mövcud siyasi problemlərin həlli baxımından əhəmiyyətlidir.
Qeyd: “Taliban” nümayəndələrini Norveç yanvarın 23-dən 25-dək Osloya dəvət edib. Norveçin xarici işlər naziri Anniken Hyuitfeldt vurğulayıb ki, səfər “Taliban”ın legitimliyi və ya tanınması ilə bağlı deyil.