Çərşənbə axşamı, 20 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Müharibədən sonra yarımçıq qalan ailələr – Doğmalarını itirənlər danışır

03 Fevral 2022
A A
Müharibədən sonra yarımçıq qalan ailələr – Doğmalarını itirənlər danışır

Solda Orxan Bəxtiyarov, sağda Vahe Baqdasaryanın xatirə guşəsi Foto: İsmayıl Fətəliyev/ Anahit Harutyunyan/ OC Media

2020-ci ilin sentyabr-noyabr aylarında 44 gün davam edən İkinci Dağlıq Qarabağ müharibəsi ailələri güllə qəlpəsi kimi darmadağın etdi. Hər iki tərəfdən minlərlə insan oğlunu, qardaşını və həyat yoldaşını itirib. Bir çox uşaq öz atasını heç vaxt tanımadan böyüyəcək.

OC Media həmin müharibədə ən yaxınlarını itirən qadınlarla söhbətləşib. Onlardan ikisi azərbaycanlı, ikisi isə ermənidir. Qadınlar yaxınlarını itirməyin əzabı, hələ doğulmayan və ya yeni doğulmuş uşaqları üçün ümidlərindən, övladlarının nəhayət sülhə qovuşacağı bir gələcəyi necə təsəvvür etdiklərindən danışıb.

Fəhimə

37 yaşlı Fəhimə Abdullayeva dul qalanda hamiləliyinin 6-cı ayında olub. Onun həyat yoldaşı, hərbi həkim kimi Azərbaycan ordusunda xidmət edən 40 yaşlı Eldar Abdullayev 2020-ci il oktyabrın 18-də Dağlıq Qarabağın Hadrut şəhərində həlak olub. Həmin gün Fəhimə və Eldarın evliliklərinin 11-ci ildönümü idi.

Eldarın 22 illik hərbçi kimi fəaliyyəti dövründə Abdullayevlər ailəsi qızları 15 yaşlı Asya və 9 yaşlı Aysunla birlikdə ezamiyyətlərə görə Azərbaycanın müxtəlif bölgələrində yaşayıblar. 2020-ci ilin avqust ayında müharibənin başlamasına 1 ay qalmış təhlükəsizlik məqsədilə və daha yaxşı təhsil imkanlarına görə Eldar ailəsinin təmas xəttinə yaxın kənddən təxminən 300 km şərqə getmələrini istəyib. Ailəsi tezliklə Eldarın da onlara qoşulacağını düşünüb. Növbəti ilin yazında isə Eldar təqaüdə çıxmağı planlaşdırırdı:

O, məni əmin etdi ki, o döyüşə getməyəcək sadəcə yaralılara qulluq edəcək. Mən həyat yoldaşımın ölümünə hazır deyildim.

Fəhimə Abdullayeva

Eldarın ölümündən sonra Fəhimə dərin depressiya keçirib. Yemək yeyə, yata bilməyib. Beləliklə də şəkər xəstəliyinin simptomları artıb. Onu bu vəziyyətdən qızı Ahunun dünyaya göz açması xilas edə bilib:

Uşaq doğulanda bu dünyaya qayıtdım. Mən əsəbləşəndə ​​yuxudan qalxır, gözlərini mənə zilləyir. Ağlayanda onu qucağıma götürürəm və ağrılarım keçir. Elə bil ki, Eldarın özü yanımdadır.

Fəhimə Abdullayeva

Müharibədə yaxınlarını itirmiş bir çox ailə üçün sülh mümkündür, barışıq etmək isə dözülməz birşeydir.

Barışıq nədir? Bu bizə lazım deyil. Heç vaxt. Eldarın uğrunda canından keçdiyi torpaqlarda nəzarəti ələ keçirməyimizdən bir az təsəlli tapıram. Ahu bir az böyüyən kimi onu ora aparacağam.

Fəhimə Abdullayeva

Fəhimənin fikrincə, ermənilərlə azərbaycanlılar bir-birinə çox yaxınlaşsalar, bir gün bütün bunlar yenidən yaşana bilər.

Lusina

Lusina Arsenyanın 18 yaşlı oğlu David Çakryan müharibə başlayanda təxminən bir ay idi ki, Ermənistan ordusunda xidmət edirdi. O, demək olar ki, hər gün ailəsinə zəng edərək yaxşı olduğunu xəbər verib. Oktyabrın 14-də isə zənglər kəsilib. Daha sonra Davidin cəsədi tapılıb.

Oğlunun ölümündən sonra səhhətində yaranan digər problemlərlə yanaşı, həm də xroniki bronxitdən əziyyət çəkən Lusinanın vəziyyəti pisləşib. O, həm də yeni simptomların üzə çıxdığını hiss edib. Davidin ölümündən qırx gün sonra Lusina tibb bacısı kimi işlədiyi müəssisəyə geri qayıdıb və həmkarları onu tibbi müayinəyədən keçirib. O, hamilə olduğunu öyrənib. Daniel iyunun 8-də qeysəriyyə əməliyyatı ilə doğulub.

Lusina xatırlayır ki, Davidin başına gələn hadisədən əvvəl bir yuxu görüb:

Evimizdəki çiçək qurudu və yerə düşdü. Mən onu götürüb günəşin altına qoydum və böyüməyə başladı. Düşünürəm ki, bu uşaq idi. Daniel dünyaya gəldi və bizə yeni həyat verdi. O, Davidi əvəz etməyəcək, sadəcə ümid və təsəllimizdir.

Lusina Arsenyan

Lusina Danielin gələcək həyatında müharibə olmayacağına ümid etdiyini və növbəti müharibənin qarşısının alınması üçün lazım olan “hər şeyin” edilməli  olduğunu deyir:

Övladını itirmiş bir valideynin başqa bir insanı itirməyə haqqı yoxdur. Uşaqların böyüdükdən sonra bir-birlərinin qanını tökməsi faciədir.

Lusina Arsenyan

Nərmin

23 yaşlı Nərmin Bəxtiyarova İkinci Dağlıq Qarabağ müharibəsinə son qoyan üçtərəfli sazişin imzalanması ərəfəsində dul qalıb. İki uşaq anası olan Nərmin həmin vaxt üç aylıq hamilə idi.

Onun həyat yoldaşı Orxan müharibənin dördüncü günü-sentyabrın 30-da könüllü olaraq Azərbaycan ordusunda qoşulub. O, hərbiçi deyildi, sadəcə vətəni uğrunda döyüşmək istəyən meyvə-tərəvəz alverçisi olub.

Nərmin deyir ki, Orxan Şuşa şəhəri yaxınlığında snayper gülləsinə tuş gələn gün, noyabrın 6-dək onunla əlaqə saxlayıb. Müharibə bitəndən sonra bir həftə ərzində ailəsi, dostları onu axtarıb və bu zaman qəfildən axşam tərəfi telefon zəngi gəlib və hər şey məlum olub. Orxan Bakıdan təxminən 400 km qərbdə yerləşən, dünyaya gəldiyi Daşkəsən rayonunda Şəhidlər Xiyabanında dəfn edilib.

Müharibə başlamamışdan öncə Bəxtiyarovlar ailəsinin artıq 6 aylıq oğlu var idi. Nərmin deyir ki, həyat yoldaşı qız atası olmaq arzusunda idi. O, qızının adını Nəfəs qoymaq istəyib və uşaq doğulduqdan sonra ailə onun arzusunu yerinə yetirib:

 Adı kimi bu qız bizim üçün nəfəs olub. Həyat yoldaşım üçün darıxanda heç olmasa qızımı qucaqlayıram.

Nərmin Bəxtiyarova

Atalarının başına gələnlərə baxmayaraq, Nərmin övladlarının bir gün əsgərliyə getməsinə etiraz etməyəcəyini bildirir. Lakin Nərmin etiraf edir ki, mərhum atalarının istədiyi kimi oğlunun polis, qızının isə həkim olmasına üstünlük verir.

O, ümid edir bir gün sülh gələcək və daha “tək valideynli ailələr” olmayacaq. Əgər bu sülh həm də ermənilərin Azərbaycana, azərbaycanlıların isə Ermənistana getməsi üçün sərhədlərin açılması deməkdirsə, bu daha yaxşı olar. Beləliklə ölümlər də bitər:

Oğlunu itirən ana ilə həyat yoldaşını itirən arvad eyni deyil. Körpələr ata himayəsindən məhrum olurlar. Heç vaxt istəməzdim ki, istər Azərbaycanda, istərsə də qarşı tərəfdə bir uşaq atasını itirsin.

Nərmin Bəxtiyarova

Stella 

Stella Baqdasaryanın oğlu Vahenin Ermənistan ordusunda hərbi xidmətdə olan zamanı tutduğu təqvim var və orada xidmətin bitəcəyi günə kimi keçirdiyi günlər barədə qeydlər yazıb.

Sentyabrın 30-da Vahenin tərxis olunmasına və İkinci Dağlıq Qarabağ müharibəsinin başlamasına 3 gün qalmış Stella oğlu ilə əlaqəni itirib. Onun cəsədi 2 aydan sonra tapılıb.

Təqvim Baqdasaryanın ailəsinin evinin işıqlı küncündə saxlanır. Onun yanında Vahenin qeyd dəftəri, uşaq vaxtı çəkdiyi rəsmlər, saatı, diplom və şəkilləri var. Vahe hər fotoda gülümsəyərək baxır. Stella deyir ki, oğlu vətəni uğrunda canından keçib. Vahe onların tək oğlu idi və bacısı artıq evli olduğu üçün hələ də evdə yaşayan yeganə uşaq idi. Evləri boş qalan Stella və əri daha bir uşaq dünyaya gətirmək qərarına gəliblər. Onlar bu yaxınlarda Stellanın hamilə olduğunu öyrəniblər:

44 yaşım var, səbirsizlənirəm. Qızım evlidir və ərimlə tək qalacaqdıq. Bu addımı atdığım üçün sevincliyəm və bu, ağır kədərimə bir işıq saçır.

Stella Baqdasaryan

Stella deyir ki, əgər dünyaya oğlan gətirsə, onun adını qəhrəman oğlunun şərəfinə Vahe qoyacaq:

Mən həmişə onu qucaqlayacam və Vahenin yenidən doğulduğunu xəyal edəcəm.

Stella Baqdasaryan

Lakin Stella istəmir ki, gənc Vahe yetkinlik yaşına çatanda ​​hərbi forma geyinsin:

Mən artıq qərar vermişəm ki, o, Ermənistanda xidmət etməyəcək. Mən onu verməyəcəm, əsgərliyə daha bir oğul verməyəcəyəm. Onun qardaşı canından keçdi ki, balaca Vahe sülh içində yaşaya bilsin. Lakin mən bir azərbaycanlı ilə sülh şəraitində yaşamağı gözləmirəm. Bu mümkün deyil. Ancaq növbəti müharibə istəyəcəyim son şeydir. Heç kimin qanının tökülməsini istəmirəm.

Valideyn həmişə valideyn olaraq qalacaq. Mən və ya azərbaycanlı anasının nə fərqi var? İkimiz də 9 ay oğullarımızı bətnimizdə saxlayıb onlara həyat  vermişik, 20 yaşına kimi böyütmüşük.

Stella Baqdasaryan
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia