Taliban avqust ayında Əfqanıstanda idarəçiliyi ələ keçirdikdən sonra ölkədə məktəbli qızların, aktivistlərin, hüquqşünasların və idmançıların həyatı bir gecədə dəyişdi. Qızların orta təhsil alması qadağan edildi, Qadın İşləri üzrə Nazirliyin fəaliyyəti dayandırıldı, bir çox qadına iş həyatına qayıtmamaları deyildi.
BBC-nin 100 qadın lahiyəsinin bir hissəsi olan “Əfqanıstandan Təcili Məktublar” adlı bu yazıda həyatları tamamilə dəyişən əfqan qadınları təhsil aktivisti Malala Yusufzay, dəb ikonası Həlimə Aden və futbol ulduzu Meqan Rapino da daxil olmaqla, bir neçə lider qadınla öz peşələri və ya istəkləri barədə məktublarını görəcəksiniz. Onlar öz ümidləri və qorxuları,Talibanın qadın azadlığına qoyduğu məhdudiyyətlər, qadınların etiraz etmək, işləmək, oxumaq və ya nə geyinəcəyi libası seçmək hüququna malik olması barədə öz fikirlərini açıq şəkildə bölüşüblər. Bəzi qadınların və ailələrinin təhlükəsizliyi üçün adları anonim saxlanılıb.
Təhsil almaq hüququ
17 yaşlı orta məktəb şagirdi Rohila Talibanın Əfqanıstanda qızların orta məktəbdə təhsil almasını qadağa etdiyi üçün təhsildən məhrum olub . O, 2012-ci ildə qızların təhsil almaq hüququndan açıq şəkildə danışdığı üçün Taliban silahlılarının başından güllələdiyi Nobel Sülh Mükafatı laureatı Malala Yusufzaya məktub yazıb.
Hörmətli Malala,
Hər səhər yuxudan duranda ağlıma gəlir ki, dərsə gecikmişəm, ancaq sonra kədərli reallıq yadıma düşür ki, məktəbim bağlanıb. Hər gün qardaşlarımın məktəbə aparılmasına baxıram və məni arxada qoyurlar.
Yaşadığım ərazidə məktəblərin açılacağı, bəlkə də yenidən dostlarım və müəllimlərimlə söhbət etmək ümidi ilə xəbərlərə baxıram. Mən çox təəssüflənirəm ki, biz sırf qadın olduğumuz üçün bu sadə təhsil hüququndan məhrum edilmişik.
Keçmiş qadın müəllimlərim üçün narahatam. Onlar ailələrində maddi təminat üçün çalışan yeganə insanlardır və aylardır ki, maaş almırlar.
Özümə hər şeyi öyrətməyə çalışıram, amma müəllimsiz çox çətindir. Elmi laboratoriyamızda yenidən eksperimentlər aparmaq və vaxtilə həzz aldığım natiqlik müsabiqələrində iştirak etmək arzusundayam.
Uşaq olanda atam oxumağım üçün mənə ingiliscə cizgi film kitabları gətirərək və ya televiziyada elmi proqramlara baxmağa sövq etməklə məndəki öyrənmək sevgisini artırmışdı. Ona görə də elm və ingilis dili hazırda ən çox sevdiyim fənlərdir.
Ümid edirəm ki, dünya və beynəlxalq ictimaiyyət bizi unutmayacaq və zəhmətlə dolu illərimizin hədər getməsinə izin verməyəcək.
Ümid edirəm ki, dünya bizim adımıza danışacaq, Əfqanıstanda qadın və qızların hüquqlarını bərpa etmək üçün bizə kömək edəcək.
Hörmətli Rohila,
Sənə demək istəyirəm ki, tək deyilsən. Silahlı şəxslərin Pakistandakı evimə basqın etdiyi və qızların oxuduqları məktəbləri bağladıqları gözümün qabağına gəlir. Mən sabahın nə gətirəcəyini bilməmək və heç vaxt sinifə qayıda bilməməkdəm qorxmağın nə demək olduğunu bilirəm.
Taliban Kabili ələ keçirdiyi zaman mən onların güllələrinin vurduğu zərərdən qurtulmaq üçün 9 ildə keçirdiyim 6-cı əməliyyat üçün xəstəxanada yatırdım. Xəbərlərdə hüquqlarını tələb edən, bunun üçün küçələrdə etiraz edən əfqan qadın və qızlarını izlədim. Tarixin təkrarlandığını görmək ürəyimi parçaladı.
Əgər bütün qızlar məktəbə gedə bilsəydi, biz bütün sahələrdə lider vəzifələri öhdəliyimizə götürə bilərdik. Özümüzü daha yaxşı müdafiə edə bilərik. Biz də dünyanın daha yaxşı bir yerə çevrilməsi üçün köməklik göstərə bilərdik.
Daha savadlı qadınların olması peyvəndin hazırlanması və ya iqlim dəyişikliyinin həlli yollarının tapılması kimi məsələlərdə irəliyə getməyi sürətləndirə bilər. Mən belə gələcək görmək istəyirəm.
Hər gün təhsil və bərabərlik uğrunda mübarizə apardıqca, mən səni xatırlayacam. Sənin elmə olan sevgini və mənim atam kimi sənin atanın da sənin öyrənməyini və irəli getdiyini görmək istəməsini xatırlayacam. Hekayəni paylaşmağa və hərəkətə keçmək üçün çağırış etməyə davam edəcəyimə söz verirəm. Səndən tək xahişim budur ki, özünə olan inamını heç vaxt itirmə. Sən hər şeyin öhdəsindən gələrsən.
Malala Yusufzay
Oynamaq hüququ
Futbolçu Səhər Əfqanıstanda yerli komandaların birində oynayıb. lLakin Taliban nəzarəti ələ keçirdikdən sonra gizlənib və daha sonra başqa ölkəyə gedib. O, amerikalı futbol ulduzu Meqan Rapinoya “futbol ailəsi” ilə bağlı narahatlıqlarını yazıb. Meqan Rapino oyunlarda bərabər hüquqların təmin edilməsinin fəal müdafiəçisi olub, maaşların bərabər şəkildə ödənilməsi üçün ABŞ Futbol Assosiasiyasına qarşı məhkəmə iddiaları qaldırıb və futbolda LGBTQ+ hüquqlarının simasına çevrilib.
Hörmətli Megan,
Mən böyük arzuları olan əfqan futbolçuyam. Taliban gələndə hər şey dayandı. Çünki hamımız bilirdik ki, onlar dəyişməyib və artıq azadlıqlarımız yoxdur. [1996-cı ildən 2001-ci ilə qədər Talibanın son hakimiyyəti dövründə qadınların idmanla məşğul olması qadağan edilib.]
Futbol mənim üçün sadəcə idman demək deyil, mənim üçün sevdadır. Oyunlarda iştirak etdiyim 3 il ərzində taktika və texnikalar baxımından çox şey öyrəndim. Bizim futbol ailəmiz – dostlarım və məşqçilərim böyük bir komanda idik.
Taliban Kabili ələ keçirəndə mən futbola son qoymalı oldum və özümü çox pis hiss etdim. Hətta formama, idman ayaqqabıma, topa baxanda ağlayırdım. Özümə sual verdim ki, bu gənclərin bütün ümidləri, arzuları necə olacaq? Talibanın mənə və ailəmə hücum edəcəyi qorxusu həmişə olub. Bəzən dəhşətli səslər, silah səsləri və partlayışlar eşidirdik, bu da hamımızı həyatımızla bağlı narahat edirdi.
Mən Əfqanıstanda qalan qadın futbolçular üçün narahatam. Dünya bilməlidir ki, idmançılar ölkədə qalıblar və təhlükə altındadırlar. Xahiş edirəm onlara kömək edin.
Mən təhsilimi davam etdirmək istəyirəm ki, ailəm mənimlə fəxr etsin. Gələcəyimlə bağlı çoxlu ümidlərim, arzularım var. Uğur qazanmaq istəyirəm ki, heç kim qızların futbol oynaya bilməyəcəyini deməsin.
Hörmətli Səhər,
Böyüdükcə futbol mənə özümü ifadə etmək azadlığı verdi. Məndən daha böyük bir şeyə inanmaq mənə güc və inam bəxş etdi. Bu, məni insanların qeyri-mümkün hesab etdiyi şeylər üçün mənimlə birgə döyüşən komanda yoldaşlarım ilə birləşdirir. Mən istəyirəm gələcək nəsil oyunçular başa düşsünlər ki, onlar növbəti Meqan Rapino olmaq məcburiyyətində deyillər. Onlar özlərinin ən yaxşı versiyası olmalıdırlar və oyunun gözəl cəhətlərindən biri də böyük oyunçuların müxtəlif formalarda olmasıdır.
Kabilin çöküşünü seyr edərkən bütün Əfqanıstan xalqı, xüsusən də öz gələcəyinə çox ümid bəsləyən qızlar və qadınlar üçün ürəyim parçalandı.
Ən sevdiyim oyunu dayandırmalı olsaydım, bir parçamı itirmiş kimi hiss edərdim çünki sizin şəxsiyyətiniz və ürəyiniz bu idman növü ilə vəhddətə olur.
Yaşadıqlarınıza həqiqətən toxunacaq heç bir söz deyə bilmərəm. Bizə veriləndən fərqli bir hekayənin mümkünlüyünə inanmaq istəyirik. Ester Perelin dediyi kimi “Həbsdə olan azadlıq sizin təsəvvürünüzdən keçir”.
Futbolu sevən, lakin oynaya bilməyən bütün qadınlara deyirəm ki, bağlılıq hissini hələ də zehninizin dərinliklərində yaşayın və oynayın.
Siz bunu hər gün görməyə bilərsiniz, lakin qadın futbolu dünyası sizi dəstəkləmək və gücləndirmək üçün buradadır. Sən tək deyilsən.
Ən xoş arzularla,
Megan
Öz libasını seçmə azadlığı
Universitet müəllimi Aliyə Kazımi deyir, Taliban hakimiyyəti ələ keçirən kimi onun geyimi ilə bağlı hüquqları məhdudlaşdırılıb. O, rəngsiz libaslarla dolu olan qarderobunun şəklini sosial mediaya yerləşdirib. Daha sonra isə ölkəsini tərk edib ABŞ-a köçüb. O, ilk dəfə hicab geyinən model, dəb ikonası və qadın hüquqları müdafiəçisi Həlimə Adenə məktub yazıb. 2020-ci ildə Həlimə modellikdən uzaqlaşıb və əfqan qaçqınları haqqında əsl hekayəyə əsaslanan “Mən Sənəm” filminə prodüserlik edib.
Hörmətli Həlimə,
Mən həmişə müxtəlif rəngləri görməyi sevmişəm, ancaq qara rəngi daha çox sevirdim – geyinməyə məhkum olacağımı bilməmişdən əvvəl idi.
Bir anlıq təsəvvür edin ki, siz öz paltarınızın uzunluğunu və ya rəngini seçmək hüququnuz yoxdur. Belə olan halda özünüzü necə hiss edərdiniz? Müstəqil olmadığınızı hiss edirsiniz.
Bu, təkcə geyimin uzunluğu ilə bağlı deyil, həm də uğrunda mübarizə apardığımız hüquqlar, gəldiyimiz mövqeni əldə etmək üçün illər boyu qurban verdiyimiz həyatlar anlamına gəlir.
Necə geyinəcəyimizi seçmək hüququ sahib olduğumuz ən əsas hüquqdur. Mən hicabın əleyhinə deyiləm, hicabi sevirəm. Amma hicabı çıxaramağa məcbur edilməyin əleyhinə olduğum kimi onu məcburi geyindirməyin də əleyhinəyəm.
Bundan imtina etmək qadınların Əfqanıstanda yaşadıqlarının yalnız kiçik bir hissəsidir. Bu günlərdə Əfqanıstanda ölüm-dirim məsələsi var. Çörək üçün qızları satırlar. Bunu yazarkən xalqıma, ölkəmə görə ürəyim parçalanır. Amerika Birləşmiş Ştatlarında təhlükəsiz olduğumu bilsəm də, ruhum əziyyət çəkir. Ürəyim Əfqanıstan, onun xalqı və ailəm üçün döyünür.
Aliya
Hörmətli Aliyə,
Mən bir uşaq qaçqın olaraq üzləşdiyiniz problemlərlə hər hansı formada əlaqəliyəm. Mən podiumlarda və moda jurnallarının üz qabığında yer alan ilk hicab taxan model kimi tanınıram. Lakin mənim hekayəm dünyanın ən böyük qaçqın düşərgələrindən biri olan Keniyanın Kakuma şəhərində başlayıb.
Başıma hicab yerinə başıma cins şalvar geyindim, dini inancıma uyğun gəlməyən işlər gördüyüm üçün moda dünyasını tərk etdim. Mən bu sahədən uzaqlaşa bilmək şansına sahib olduğum üçün xoşbəxtlik hiss edirəm.
Mən insanların bədənimizə nəzarət etməməli olduğunu ciddi şəkildə müdafiə edirəm. Bu, insan hüquqlarının pozulması deməkdir. Mən özümü hicab taxmayan, lakin sonradan bunu geyinməyə məcbur edilən qadın kimi təsəvvür edə bilmirəm.
Səni və bir vaxtlar geyindikləri rəngli libasları gizlətmək məcburiyyətində qalan dostlarını düşünəndə, demək istəyirəm ki, bir paltarını yenidən geyinə biləcəyiniz gün üçün, özünüz üçün, yalnız sizin bildiyiniz bir yerdə saxlayın.
Qaçqın olanda adama bəzən elə gəlir ki, dünya buna göz yumur. Çətinliklə vətənindən ayrılmaq qərarı verən ailələrə səslənirəm ki, ölkənizi arxada qoyub tərk etdiyinizi düşünməyin, onu özünüzlə getdiyiniz yerə aparırsınız. Ümid edirəm ki, tanış olduğunuz insanlar vasitəsilə mədəniyyətinizi başqalarına tanıdacaqsınız və o beləliklə yaşayacaq.
Həlimə
Ədalət üçün işləmək hüququ
Baroness Helena Kennedy QC tanınmış britaniyalı hüquqşünas və Əfqanıstanda risk altında olan qadınlara yardım edən Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının İnsan Hüquqları İnstitutunun direktorudur. O Əfqanıstanda prokuror olan Məsuməyə məktub yazıb. Taliban avqust ayında Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra Masumə kimi qadın hüquqşünaslar gizləniblər. Bir vaxtlar həbsinə qərar verdikləri cinayətkarlar azad olunub və bu da onları böyük təhlükə qarşısında qoyub.
Hörmətli “bacım”,
Əfqan qadın hüquqşünaslar və hakimlər mənim bacılarımdır. Onlar da mənim kimi hüquqi təcrübəni sevirlər və bilirlər ki, qanun ədalətli cəmiyyət üçün kritik nöqtədir. Nəyin qəbul edilib, nəyin qəbul edilmədiyi barədə mesajlar verirlər.
Onlar başa düşür ki, qadın ailə həyatı qurmağa məcbur edilərsə, təhsil almaq imkanından məhrum edilərsə, onlarla ikinci dərəcəli vətəndaş kimi rəftar edilərsə, onlara layiq olduğu kimi davranılmadan zorakılıq və lazımı qanunlara müraciət etmədən hər növ şiddətin qurbanı olarsa, onlar heç vaxt həyatda xoşbəxt ola bilməyəcəklər.
Mən öz ölkəmin məhkəmələrində qadınlar üçün mübarizə aparmışam, öz parlamentimdə qadınlar və uşaqlar üçün hüquq islahatçısı olmuşam. İşlərimin çoxu indi beynəlxalq arenadadır. Yanvar ayında ekstremistlər Ali Məhkəmənin iki gözəl qadın hakimini öldürəndə gözyaşlarına boğuldum. Bu, baş verəcəklərin xəbərçisi idi.
Taliban Kabili ələ keçirəndə mən bilirdim ki, müharibə cəsarətli, kişiləri mühakimə edə bilən, ictimai rollara sahib olan cəsur qadınlarla elan ediləcək.
Siz bizim üçün qadınların və kişilərin azadlıq, bərabərlik şəraitində, ləyaqət və qarşılıqlı hörmətlə yaşaya biləcəyi bir dünya arzusunu təmsil edirsiniz. Cəsarətinizi yüksək qiymətləndirir və sizi dəstəkləyirik.
Baronessa Helena Kennedy QC
Hörmətli Helena,
Hər səhər olduğu kimi adi bir gün olduğunu düşünürdüm, amma işə gedərkən mənə tərəf qaçan insanları gördüm. Cavan oğlandan nə baş verdiyini soruşdum. O mənə dedi ki, “Bacı, bu gün işə getmə. Taliban Kabilə girib.” Elə bu vaxt bütün arzularım, ümidlərim gözümün qabağında canlandı, sanki öz gələcəyim haqqında film izləyirdim.
Mən ədliyyə orqanlarında çalışmış qadın prokuror olmaqdan qürur duyuram, hər zaman xalqıma xidmət etməyə çalışmışam. Amma indi sevdiyim işimə qayıda bilmirəm və bu fikir məni yeyir. Rejiminin dəyişməsiylə Əfqanıstanda qadınların parlaq gələcəyə ümidləri yoxdur.
Məhkəmə və prokurorluqdakı qadın həmkarlarımız ölkəni tərk etməyə çalışırlar. Deyəsən, hər an ölümümüzü gözləyirik. Bəlkə sabah mənim növbəmdir.
Əgər imkan verilsə, qadınlar da kişilərlə bərabər vətənlərinə xidmət edə bilərlər. Biz ədliyyə sistemində milli sərvətə çevrilmişik və qadınların son 20 ildə qazandıqları təhsil və biliklər yaxşı işlərdə istifadə edilməlidir.
Beynəlxalq ictimaiyyət zəhmətkeş qadınların mübarizəsinə ciddi yanaşmalı və bizə dəstək olmalıdır ki, tarixin qurbanına çevrilməyək.
Məsumə
Eşidilmək hüququ
Melinda French Gates dünyanın ən böyük xeyriyyə təşkilatlarından biri olan Bill & Melinda Gates Fondunun həmsədridir. O, Kabil və digər şəhərlərin küçələrində dünyanın şahid olduğu cəsarətli əfqanıstanlı qadın və qızlara çağırış yazıb.
Əfqanıstanın qadın və qızlarına,
Son bir neçə ay ərzində əfqan qadınlarının cəsarəti və dözümlülüyü haqqında məni həqiqətən ruhlandıran hekayələrə rast gəldim. Etirazçılar böyük risk altında hüquqlarının bərpasını tələb etmək üçün küçələrə çıxırlar. Gələcək xəyallarından imtina etmək istəməyən tələbələr ümidsizlik yerinə ümidin xəyalını qurur və onu seçir.
Onilliklər boyu bərabərlik uğrunda mübarizə aparan fəallar yaşayarkən bunu görməyəcək olsalar belə, dəyişikliyin mümkün olduğunu bilirlər.
Bu hekayələr əsas universal həqiqəti təsdiqləyir. Qadınlar öz səslərinin gücünü kəşf etdikdə, cəmiyyətlər və ölkələr qadınların gücü və potensialından qorxmağı dayandırdıqda dəyişiklik başlayır.
Mən Əfqanıstan qadınlarına özlərinin bildiyi ən dərin həqiqəti təkrar edə bilərəm: cəsarətiniz, ümidiniz dünyanın ən gözəl gücüdür.
Melinda French Gates
Aksiya keçirmək hüququ
Aktivist Raziyə Barakzay Kabildə qadın hüquqlarına qarşı keçirilən etiraz aksiyalarında iştirak edib. Dünyaya yazdığı bu məktubunda o, qorxunun əfqan qadınlarını sosial mediadan uzaqlaşdırdığını göstərmək üçün #AfghanWomenExist kampaniyasını yaradıb.
Dünyaya və beynəlxalq ictimaiyyətə
Taliban Kabildə nəzarəti ələ keçirəndə sosial mediada gəzməyə başladım. Bir çox qadın könüllü olaraq profil şəkillərini, hesab adlarını dəyişdirdi və ya hesablarını tamamilə ləğv etdi. Bu narahatedici idi: qadınlar buradan yoxa çıxdılar. Həmin gecə dostlarımla birlikdə #AfghanWomenExist həştəqi açdıq.
Ertəsi gün birlikdə şəhərin mərkəzində nə baş verdiyini görmək qərarına gəldik. Biz kişilərin şəhər meydanına yığışdığını gördük, sanki heç qadın yox idi.
Hiss etdim ki, nəsə etməliyəm və başqalarının hərəkətə keçməsini gözləməyəcəm. Bütün risklərə baxmayaraq, nümayişlərə getməyə qərar verdim.
Küçələrə çıxdığımız ilk gün sarayın qapısı ətrafında hücuma məruz qaldıq, lakin medianın gözü bizdə olduğundan nümayişi davam etdirə bildik.
Qadınlar qışqırırdılar “Taliban, sizin legitimliyiniz yoxdur”. Başqa bir qadın isə oturaq aksiya keçirib “Bura mənim vətənimdir, məni asa bilərsiniz, amma mən dayanmayacağam” deyirdi.
Əyalətlərdən aksiyalarda iştirak etmək istəyən qadınlardan mesajlar aldım. O vaxtdan bəri əyalətlərdə vətəndaş nümayişləri keçirilir.
Bu məmləkətin əsl sahibləri ən qara günlərdə çıraq kimi olan bu döyüşçü qadınlardır. Bir gün bu azad ruhlu, ədalət axtaran qadınların xəyal etdiyi Əfqanıstanı görmək istəyirəm.
Yazını hazırlayanlar: Georgina Pierce, Lara Owen, Kavun Khamuş, Zuhal Əhəd, Mahfuz Zubayde
Redaktə: Valeria Perasso
İllustrasiyalar: Jilla Dastmalchi
Əlavə vizuallar: Joy Roxas