Bazar ertəsi, 5 İyun 2023
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
No Result
View All Result

Diktaturaya dönüş bileti: Almaniya müxalifləri qovur, Azərbaycan həbs edir

31 Oktyabr 2022
18 min read
Diktaturaya dönüş bileti: Almaniya müxalifləri qovur, Azərbaycan həbs edir

İllustrasiya: Mikroskop Media

Müəlliflər: Sabrina Winter və Fatimə Kərimova

Rejim tənqidçilərindən Azərbaycana deport olunub həbs olunanların izinə düşdük. Paralel olaraq Almaniya öz ölkəsi üçün Azərbaycan qazını almaq istəyir.

“Həyatım təhlükədədir” – Samir Aşurov alman hakimə belə deyir. 2021-ci ilin noyabrında o, Almaniyanın Reqensburq İnzibati Məhkəməsində izahat verir ki, əgər Azərbaycana deportasiya edilsə, həbs ediləcək. 

Azərbaycan hökuməti tənqid edənlərin təqib olunduğu və azad mətbuatın çətinlik çəkdiyi bir diktatura ölkəsidir. Buna baxmayaraq, Almaniya mütəmadi olaraq Azərbaycandan qaçıb ora sığınanları geriyə – Azərbaycana deportasiya edir – hətta digər Avropa ölkələri ilə müqayisədə daha tez-tez. Üstəgəl, Almaniya təbii qazı da Azərbaycandan almaq istəyir. S.Aşurov illərdir Azərbaycan hakimiyyətinə və onun başçısı İlham Əliyevə etiraz edir. 

Əliyev rejimi onu ​​qara siyahıya salıb, orada təhlükəsiz deyil – məhkəmədə Aşurov deyir. Aşurov haqlı çıxır. Bu il Azərbaycana deport olunduqdan qısa müddət sonra həbs olunur. 

Məhkəmə zalından kənarda Aşurov tək deyil, ailəsi var. O, qızı ilə manqalda kabab bişirir, onunla birlikdə üç metr hündürlükdən hovuza tullanır və Bavariyanın şəhərkənarı yollarında maşın sürür.

Məhkəmə zalında isə Aşurov sığınacaq istəyən şəxsdir. Bu istəyinə artıq rədd cavabı verilmiş mühacir nə üçün heç bir halda ailəsi ilə birlikdə Azərbaycana qayıda bilməyəcəyini məhkəməyə izah etməlidir.

Onun vəkili hakimə fotolar göstərir. Fotolarda Aşurov etiraz aksiyalarında görünür. Hakim soruşur:

“Almaniyada mühacirət siyasəti ilə nə dərəcədə məşğulsunuz?”

“Azərbaycana qayıtsanız niyə risk altında olacağınızı düşünürsünüz?”

“Sizcə, bu siyasi fəallıq Azərbaycan hakimiyyətinin diqqətini nə dərəcədə çəkə bilərdi?”

Samir Aşurov bacardığı qədər cavab verir. O cavabını Azərbaycan dilində səsləndirir, tərcüməçi isə bunu alman dilinə tərcümə edir.

Hələ bundan əvvəl Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsi (BAMF) Aşurovlar ailəsinin Azərbaycana deportasiyası ilə bağlı qərar vermişdi. Samir Aşurovun təqdim etdiyi əsaslar “qeyri-müəyyən, ziddiyyətli, qeyri-real və ağlasığmaz” idi, məhkəmə BAMF qərarından sitat gətirərək deyir. 

2 saat 41 dəqiqə davam edən dinləmədən sonra hakim də eyni nəticəyə gəlir: Aşurov, həyat yoldaşı, qızı və oğlu Almaniyanı tərk etməlidir. Məhkəmə Aşurovun vəziyyətinin iddia etdiyi qədər təhlükəli olduğuna inanmır. Hökmün əsaslandırmasında yazılır: 

Aşurov Azərbaycana geri qayıtdıqda müvafiq təqib olunma riski […] [müəyyən edilə bilməz].

Beş ay sonra, 2022-ci ilin 29 martında alman polisi Aşurovlar ailəsini yuxudan oyadır. Gecə saat 3-də Samir Aşurovun qollarını qandallayaraq polis maşınına mindirirlər. Həmin günlərdə ailə Samirin bir neçə həftə sonra olacaq doğum gününü qeyd etməyə hazırlaşırdı. Həyat yoldaşı Nuranə Aşurova və uşaqlarının ona hədiyyələri var idi. Lakin bütün bunlar geridə, o vaxt yaşadıqları Bavariyanın Qrafenau şəhərində qalır, polisin evə gəldiyi gecənin səhəri dördü də təyyarə ilə Bakıya enir. 

Aprel ayında, deportasiyadan bir ay keçməmiş Azərbaycan polisi Samir Aşurovu həbs edir.

Almaniyadan deport olunduqdan sonra həbs olunan siyasi mühacir Samir Aşurov. Mənbə: şəxsi arxiv/Facebook

Samir Aşurov son il yarım ərzində Almaniyadan Azərbaycana qaytarılan və həbs edilən 8 nəfərdən biridir. Onlar siyasi təqiblərə məruz qalan şəxslər kimi Almaniyaya sığınacaq üçün müraciət etmişdilər. Bəs necə ola bilər ki, siyasi təqiblərə məruz qalan bu insanlar Almaniyada müdafiə olunmur, öz ölkələrinə deportasiya edilərək həbs olunurlar? 

VICE və Mikroskop Media aylarla həmin 8 nəfərin işlərini araşdırıb, qohumları və vəkilləri ilə danışıb və Almaniya rəsmilərini sorğulayıb. 

Diktator və qazı

Samir Aşurov hələ Almaniyaya gəlməmişdən əvvəl Azərbaycanda müxalif ReAl partiyasına üzv olub. Bakıda keçirilən etiraz aksiyaları zamanı o, Əliyevin diktator olduğunu bildirən plakatlar qaldırıb. Polis onu saxlayıb, bir aylıq həbs edib, buraxıb, sonra yenidən iki ay müddətinə inzibati həbs edilib. 

Polislər onu hədələyiblər ki, etirazını davam etdirsə, o da, ailəsi də əziyyət çəkəcək.

Həyat yoldaşı Nuranə Aşurova xatırlayır

Aşurov azadlığa çıxandan sonra ailəsi ilə birlikdə Almaniyaya üz tutur. 

2022-ci ilin yayında Almaniya qəribə asılı vəziyyətə düşdü; İndi Azərbaycandan qaz almaq istəyir ki, qışda heç kim donmasın. Rusiya qazından asılılıqdan xilas olmaq istəyir. Bununla da birdəfəlik enerji sövdələşmələri üçün bir diktatoru o birinə dəyişir: Vladimir Putinin yerinə İlham Əliyev. Rusiya əvəzinə Azərbaycan. Prioritet təbii qazdır! Bu asılılığa razı olduğu üçün, Almaniya hökuməti Azərbaycan haqqında heç bir tənqidi söz deyə bilməz. Hətta bu ilin sentyabrında Azərbaycan Ermənistana hücum edəndə də alman rəsmilər səssiz qaldı.

Almaniyanın Xarici İşlər Nazirliyi kimin kimə hücum etdiyi ilə bağlı konkret açıqlama vermir. Sentyabrın ortalarında nazirliyin sözçüsü hökumətin mətbuat konfransında deyib: 

Hər iki tərəfin verdiyi bəyanatlar yerlərdə müstəqil müşahidəçilərin olmaması səbəbindən müstəqil şəkildə təsdiq edilə və yoxlanıla bilməz. Buna görə də əlavə şərh verə bilmərəm.

Hətta həftələr keçsə də, Federal Xarici İşlər Nazirliyində vəziyyətin qiymətləndirməsi ilə bağlı heç bir irəliləyiş əldə olunmayıb. Sorğumuza cavab verən sözçü telefonda deyir ki, əvvəlki açıqlamalara əlavə edəcəkləri nə isə yoxdur.

Almaniya Xarici İşlər Nazirliyinin susduğu vaxt, Daxili İşlər Nazirliyi mühacirləri Azərbaycana deportasiya etməyə davam edir. Bu ilin təkcə avqust ayına qədər 141 nəfər deport olunub. 

Bu rəqəmlər deputat, Die Linke [red: Sol] üzvü Klara Büngerin VICE-ın xüsusi olaraq əldə etdiyi sorğusuna cavabında qeyd olunub. Qeyd olunan dövr ərzində BAMF sığınacaq müraciəti ilə bağlı 582 qərar qəbul edib. Bunlardan yalnız 46 müraciətə həmin şəxslərin ölkədə qala biləcəyi cavabı verilib.

Almaniyadan Azərbaycana deport olunanların illər üzrə sayı. Mənbə: Die Linke Partiyasının sorğusuna hökumətin cavabı. Müəllif:Philipp Sipos/VICE

Almaniya hökuməti bilir ki, müxaliflər, jurnalistlər və hüquq müdafiəçiləri deportasiya edildikdən sonra Azərbaycan hakimiyyətinin repressiyalarına məruz qalırlar. Bəs hökumət bununla bağlı nə edir? Hökumət qeyd edir ki, BAMF mütəmadi olaraq öz təlimatlarına düzəlişlər edir. Sadəcə olaraq, sonuncu dəfə bu, may ayında – Azərbaycanın hücumundan aylar əvvəl baş tutub. Görünür, Azərbaycanın Ermənistana aqressiyası da mühacirət prosedurlarında nəyisə dəyişmir. O cümlədən, deport olunmuş səkkiz müxalifətçinin həbs olunması da. 

Bir çox şey buna işarə edir ki, əksər hallarda müxaliflər Almaniyadan deport edilərək Azərbaycanın onları təqib edən orqanlarına faktiki olaraq təhvil verilir. Bu, çox rüsvayçı haldır və onu göstərir ki, BAMF-ın qərarlarında ciddi nöqsanlar var. 

deyə Klara Bünger bildirib.

O vurğulayır ki, təqibə məruz qalanların azad edilməsi və Almaniyaya qayıda bilməsi üçün federal hökumət əlindən gələni etməlidir.

“Bizə inanmadılar”

Nuranə Aşurova deyir ki, Azərbaycan polisi hədə-qorxu gələndən sonra həyat yoldaşı Almaniyaya bilet alıb. 2018-ci ilin avqust ayında onlar hamısı birlikdə Almaniyaya gəlib və dördü də sığınacaq üçün müraciət edib. 

Aşurovun o vaxt səkkiz və doqquz yaşları olan uşaqları alman dilini öyrənib, məktəbə gedib və yeni dostlar tapıblar. Nuranə Aşurova deyir ki, uşaq bağçasında tərbiyəçi olmağa hazırlaşırdı və bu istiqamətdə təhsil alırdı. Samir Aşurovun Instagram və Facebook profillərinin arxivinə göz atanda onun Almaniyadakı həyatı ilə bağlı təəssürat yaranır; sürücülük imtahanı verir, sahildə başmaqda dayanıb ördəkləri yemləyir, McDonald`sda ailəsi ilə yemək yeyir. Və etiraz edir. 

Aşurov Berlində bir neçə gecə Bundestaqın qarşısında çadırda yatıb. Münhendə o, üzərində “İlham Əliyevin diktaturası Avropa üçün təhlükədir!” sözləri yazılan plakatların yanında dayanıb. Məhkəmədə də o, aksiyalarda iştirak etdiyi şəhərləri sadalayır: Köln, Gissen, Nürnberq. Aşurov deyir ki, bir çox aksiya olub və onların bəzilərini o özü təşkil edib, digərlərində isə çıxış edib. Bir dəfə Nürnberqdə BAMF-ın qarşısında günlərlə etiraz edib. BAMF onun etirazını sığınacaq prosedurunda nəzərə alıb, sorğuya cavab verən səlahiyyətli orqan deyir. 

Həyat yoldaşı Nuranə Aşurova deyir ki, bütün bunlara baxmayaraq, onlara inanmadılar. 

O, Bakıda kiçik mənzilində Zoom vasitəsilə verdiyi müsahibədə Almaniyadakı həyatından danışır. Həmin vaxt o da məhkəmədə iştirak edib və ərinin orada siyasi fəaliyyəti barədə məlumat verib. Amma bu da onlara kömək etməyib. Bu gün Samir Aşurovun 38 yaşı var və Azərbaycanda həbsdədir. O, nədə ittiham olunur?

Birincisi, o, ağır dərəcəli hücuma görə həbs edilir. Daha sonra polis ittihamı belə dəyişdi: davaya ictimai təhrik. Sonra başqa bir ittiham əlavə edirlər: silahla hücum. Aşurov kimisə bıçaqla xəsarət yetirməkdə ittiham olunur. Aşurov xəsarət yetirməkdə təqsirləndirildiyi şəxsin adını ancaq həbsdə olarkən öyrənir, həyat yoldaşı deyir.

Korrupsioner dövlət, saxta maddələr?

Vaxtilə Almaniyada yaşamış və hazırda Azərbaycan həbsxanalarında olan digər şəxslər də oxşar əməllərdə ittiham olunurlar: Bıçaqlama və ya narkotik qaçaqmalçılığı – azərbaycanlı müxaliflərin adətən ittiham olunduqları maddələrdir. Azərbaycanın hökuməti tənqid edən azsaylı mediaları yazır ki, əvvəllər qanun pozuntusu etməyən adi adamlar birdən-birə narkobaron elan edilir. Bu məqalələrdə deyilir ki, rejim müxalifət adamlarını heç vaxt etmədikləri əməllərə görə cəzalandırır. Bu adamların həqiqətən də üstlərində narkotik maddə və ya bıçaq olub-olmadığını yoxlamaq mümkün deyil. Ailələri bunu inkar edir. Polis isə təsdiqləyir. Azərbaycan məhkəmələri dövlət nə deyirsə, ona qərar verir. 

Miqrasiya hüququ üzrə alman hüquqşünas Yudit Herbe hesab edir ki, bu maddələrin uydurma olması ehtimalı var: 

Hesab edirəm ki, deportasiya olunanların həbs səbəbləri barədə şübhələnməyə əsas var. Çox eşitmişəm ki, bəzi insanları mühakimə edə bilmək üçün onların üstünə narkotik maddə qoyulub. 

Herbe deyir ki, Azərbaycan dövlət rəsmiləri özlərindən “sübutlar” düzəldirlər.

Dövlət dünyaya göstərmək istəyir ki, cinayətkarı həbs edib. Əslində isə ittihamlarda həqiqət yoxdur.

Qanunun aliliyi reytinqləri də Azərbaycanda ədalətli məhkəmələrin olduğuna ümid bəsləməməyə əsas verir. Freedom House-un İnternet Azadlığı İndeksində də Azərbaycan “azad olmayan” ölkə kimi qiymətləndirilib. Ölkənin topladığı xal Yəmən və Çin qədərdir. Transparency International-ın korrupsiya indeksində də Azərbaycan kifayət qədər geridə, 180 ölkə arasında 128-ci yerdədir.

Əvvəlcə deportasiya, sonra məhkəmə

Keçmiş siyasi mühacirlərdən artıq ikisinə Azərbaycanda hökm oxunub. Onlardan biri Pünhan Kərimlidir və narkotik maddə satın almaqda ittiham olunub.  Pünhanın vəziyyəti xüsusilə absurddur: Kərimli artıq Azərbaycanda 6 illik həbs cəzasını çəkdiyi vaxtda, Almaniya inzibati məhkəməsi hələ də onun Almaniyada qalmasına icazə verilib-verilməməsi işinə baxır. “İddiaçının şifahi dinləmədən əvvəl artıq deportasiya edilməsi faktı sığınacaqla bağlı mübahisənin normal halı deyil” – Vürzburq inzibati məhkəməsinin sözçüsü izah edib. Nə Kərimli, nə də vəkili deportasiyanın təxirə salınması ilə bağlı ərizə vermədiyi üçün deportasiya baş tutub. Onlar sadəcə şikayət veriblər, lakin ərizə yox, sözçü izah edir.

Digər Avropa ölkələri ilə müqayisədə azərbaycanlıların ən çox deport olunduğu ölkə Almaniyadır. Bu, Mikroskop Medianın Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuradan əldə etdiyi rəqəmlərdir.

Almaniya hökuməti Azərbaycanda insan haqlarının vəziyyətinin necə pis olduğunu dəqiq bilir. 2020-ci il üzrə hesabatında yazılıb: “İnsanlar siyasi səbəblərə görə həbs edilir və hökuməti tənqid edənlərə təzyiq edilir. Məhkəmə müstəqil deyil”. 

Biz araşdırma apardığımız vaxt Samir Aşurovun Azərbaycandakı vəkili də həbs olunub. Daha sonra məhkəmə onun ev dustaqlığına buraxılması barədə qərar çıxarıb.

Almaniya hökuməti nə edir?

Alman hakimiyyət orqanları və məhkəmələri təhlükəni dərk etmədən risk altında olan insanları deportasiya edəcək qədər səhv edə bilərmi? VICE və Mikroskop Media Almaniya Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi və BAMF-dan şərh istəyib. Onların hamısı əvvəlcə susdu və sadəcə izah etdilər ki, ayrı-ayrı işlərlə bağlı şərh verə bilməzlər.

Bir daha soruşduqda isə məlum olub ki, Almaniya rəsmiləri Azərbaycana deportasiya edilənlərin nələrlə üzləşdiyini yaxşı bilir. BAMF yazır ki, müxalifətçilərin deportasiyadan sonra Azərbaycan hakimiyyəti tərəfindən siyasi motivli repressiyalara məruz qalmasından xəbərdardır. Almaniya Xarici İşlər Nazirliyi bildirir ki, Almaniyanın Azərbaycandakı səfirliyi deportasiya edilmiş şəxslərlə bağlı məhkəmə işlərinin monitorinqini aparır.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsünün sözlərinə görə, Azərbaycandan gələn xəbərlər nazirlik tərəfindən daxili işlər orqanları və inzibati məhkəmələrə təqdim olunur. Daxili İşlər Nazirliyinə də məlumdur ki, “ayrı-ayrı hallarda Almaniyadan deportasiya edildikdən sonra Azərbaycanda həbslər olub”. Beləliklə, alman hakimiyyət orqanları qərarlarının nəticələrini bilirlər. Amma onlar heç nə etmirlər. 

Bəs hakimiyyət həbslərin deportasiya edilənlərin siyasi fəaliyyəti ilə bağlı olduğunu bilirmi? Daxili İşlər Nazirliyi sorğumuza cavab olaraq yazır ki, əlaqəni nə təsdiq, nə də təkzib edə bilər. BAMF da deyir ki, təsdiqlənmiş əlaqə yoxdur. “Cənab Aşurovun irəli sürdüyü siyasi öhdəlik sığınacaq prosedurunda nəzərə alınıb”, – sözçü deyir.

“İndiki məqamda Samir Aşurovun deportasiya qərarını düzgün qiymətləndirirsinizmi?” BAMF-dan buna münasibət istədik. Bu, hə-yox sualıdır. BAMF isə buna cavab vermir. Əvəzində, deportasiya qərarında həlledici amilin o dövrdəki mövcud vəziyyət olduğunu vurğulayır.

“Salam. Niyə məktubuma cavab vermədiniz?”

Samir Aşurov həbsdə olduğundan həyat yoldaşı onun azadlığa çıxması üçün mübarizə aparır. O, digər həbs olunmuş müxaliflərin ailə üzvləri ilə birlikdə Almaniyanın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirir və plakatlar qaldırır. Aşurovun uşaqları da üzərində Samirin fotosu olan köynəklərlə həmin aksiyadadırlar. Fotonun altında alman dilində belə yazılıb: “Siyasi fəalların həbsinə susmayın!”.

Rückflug in die Diktatur: #Deutschland schiebt Oppositionelle ab, #Aserbaidschan sperrt sie ein. Wir haben einige der Regimekritiker aufgespürt. Währenddessen will die #Bundesregierung aserbaidschanisches Gas nach Deutschland pumpen.

Zur Reportage: https://t.co/no2JQkZBWp pic.twitter.com/CHZnuBFibc

— VICE auf Deutsch (@vice_de) October 28, 2022

Nuranə Aşurovanın qardaşı və bacısı ona və övladlarına maddi yardım edir. Hər on gündən bir Aşurovaya həbsdə olan ərinə baş çəkməyə icazə verilir. İkisi əllərində telefonla bir-birinin qarşısında oturur və icazə verilən 1 saat müddətində danışa bilirlər. Bir-birlərinə toxuna bilməzlər, çünki şüşə arakəsmə onları ayırır. Nuranə vaxtaşırı uşaqlarını da özü ilə həbsdəki atalarını görməyə gətirir. Bundan sonra Samir həmişə ruhdan düşür, o deyir.

“Xahiş edirəm, bu məktubu sona qədər oxuyun. Mən Samir Aşurovun həyat yoldaşıyam. Həyat yoldaşım siyasi fəaldır”.

“Samirin məsələsi ilə məşğul olmağınızı istəyirəm. Aidiyyatı orqanlara məlumat verin ki, Samir həbsdən azad olunsun. Sizdən kömək istəyirəm”.

Bunlar Nuranənin Azərbaycandan Almaniya hakimiyyət orqanlarına yazdığı elektron məktublardır. Bəziləri cavab verməyəndə o, yenidən cəhd edir:

“Salam. Niyə məktubuma cavab vermədiniz? Samir Aşurovun həbsdə olmasına məhəl qoymursunuz?”

“Xahiş edirəm Samir Aşurova kömək edin”.

Almaniyada yüzlərlə azərbaycanlı öz  mühacir statusu ilə bağlı qərar gözləyir. 

Bu, həftələrlə, aylarla, bəzən illərlə davam edir. Gözləyənlərdən biri də Ravil Həsənovdur. Dörd ildir ki, burada yaşayır və dəfələrlə Azərbaycan rejiminə qarşı aksiyalar keçirib. O da Samir Aşurovla eyni qorxunu yaşayır: Deportasiya olunsa, Azərbaycan dövləti onu həbs edəcək, – Həsənov deyir.

Almaniyadakı azərbaycanlılar narahatdır

Həsənov inşaatçı kimi Azərbaycanı gəzib, o zamankı Nəqliyyat Nazirliyində yol tikintisində işləyib. Həsənov ölkənin ən böyük müxalifət partiyalarından biri olan, Əliyevi davamlı olaraq tənqid edən AXCP-nin üzvü olub. Bəzən o, iş əvəzinə aksiyalara qoşulub. Rəhbərlik bundan xəbər tutanda Həsənovu işdən qovub. 

Ravil Həsənov deyir ki, o, polis bölməsinə çağırılıb və hədələnib. Bundan sonra həyat yoldaşı ilə birlikdə Almaniyaya qaçıb.

Burada da o, Əliyevə etiraz edir və bildirir: 

Rejim həbslərlə mesaj vermək istəyir: Əgər bizi tənqid etsəniz, Almaniyada yaşasanız belə, sizi həbs etməyə nail olacağıq. 

Ravil Həsənovun Fatimə Kərimovaya müsahibəsi. mənbə: Mikroskop Media

BAMF artıq onun Azərbaycana qaytarılması barədə qərar verib. Çünki BAMF Həsənovun partiyada sanballı vəzifə sahibi olmadığını düşünüb. Və: “Qayıdışdan sonra qorxulu bir təqib olacağı əsaslandırıla bilmədi.” Həsənov bu qərarı belə şərh edir: “Mənə inanmadılar”.

Miqrasiya hüququ üzrə hüquqşünas Yudit Herbe ümumilikdə bir azərbaycanlı kimi Almaniyada siyasi sığınacaq almaq şansının çox aşağı olduğunu deyir. Əgər kiminsə səhhətində problemlər varsa və ya mütəxəssis kimi mühacirət edirsə, burada qalma şansı daha böyükdür, hüquqşünas izah edir. 

Bacarıqlı işçilər hökumətə xoş gəlir; rejimi tənqid edənlər, görünür, uzaq durmalıdırlar.

Azərbaycanda insan hüquqlarının pozulduğu, müstəqil medianın məhdudlaşdırıldığı illərdir məlumdur. İşgəncə ittihamları da vaxtaşırı səslənir. Cəfər Mirzəyev həbsxanada işgəncəyə məruz qalanlar arasındadır. Bu barədə onun vəkili Nemət Kərimli məlumat verib. Mirzəyev deportasiya olunana qədər 7 il Almaniyada yaşayıb. Övladları burada doğulub, amma indi onlar Azərbaycanda, az qala tanımadıqları ölkədə yaşayırlar.

Mirzəyev Azərbaycana deportasiya edildikdən 3 ay sonra polis onu supermarketdə həbs edib. O, narkotik maddə satmaqda ittiham olunur, amma özü bunu təkzib edir. Vəkilinin sözlərinə görə, Mirzəyevin əvvəllər heç bir cinayəti olmayıb. Həm qardaşı, həm də vəkili onun siyasi fəaliyyətinə görə həbsdə olduğuna əmindir.

Təxminən bir il əvvəl Mirzəyevin sığınacaq ərizəsi rədd cavabı alanda o, alman vəkili ilə sonuncu cəhdini edib və Almaniya Bundestaqının Müraciətlər Komitəsinə məktub yazıb. Orada o, Almaniyada qalmağı xahiş edib – buna qarşı bütün qətnamələrə baxmayaraq. Ərizələr Komitəsi Mirzəyevə kömək edə bilərdi. 2022-ci ilin sentyabrında Mirzəyev deportasiya olunaraq kameraya salınanda komitə deyir: Edilə biləcək bir şey yoxdur.

Əməkdaşlıq: Paul Schwenn

Read the article in English on Mikroskop Media

Read the article in German on VICE

Son yazılar

Azərbaycanın Pegasus vasitəsilə Ermənistanın rəsmi şəxslərini izlədiyi ehtimal olunur

by Mikroskop
25 May 2023
0
Azərbaycanın Pegasus vasitəsilə Ermənistanın rəsmi şəxslərini izlədiyi ehtimal olunur

Rəqəmsal təhlükəsizlik üzrə mütəxəssislər və qeyri-hökumət təşkilatlarının birgə araşdırması nəticəsində məlum olub ki, Ermənistandan olan vətəndaş cəmiyyəti fəalları NSO Group...

Read more

Azərbaycandakı McDonalds-ın sahibi 230 milyon dollar çirkli pul yumaqda ittiham olunur

by Mikroskop
16 May 2023
0
Azərbaycandakı McDonalds-ın sahibi 230 milyon dollar çirkli pul yumaqda ittiham olunur

Böyük Britaniya Milli Cinayət Agentliyi İran əsilli britaniyalı biznesmen Cavad Marandinin şübhəli ofşor şirkətlərdən 230 milyon dollar aldığını aşkarlayıb. OCCRP...

Read more

Azərbaycan tərəfi açıqlamır, amma medianı nəzarətdə saxlamaq barədə İranla razılığa gəlinib

by Mikroskop
10 Aprel 2023
0
Azərbaycan tərəfi açıqlamır, amma medianı nəzarətdə saxlamaq barədə İranla razılığa gəlinib

7-8 apreldə Azərbaycan və İran Xarici İşlər Nazirliyinin rəhbərləri arasında son günlərdə iki ölkə arasındakı gərginliyi müzakirə etmək məqsədilə ilə...

Read more

Gürcü xalqı Aİ-yə üzv olmaq üçün hökumətin çalışdığına nə qədər inanır?

by Mikroskop
19 Mart 2023
0
Gürcü xalqı Aİ-yə üzv olmaq üçün hökumətin çalışdığına nə qədər inanır?

Gürcüstan uzun müddətdir ki, həm Avropa İttifaqına, həm də NATO-ya üzv olmaq istədiyini bildirir. Qafqaz Araşdırma Resurs Mərkəzinin (The Caucasus...

Read more

Venesiya Komissiyası “Siyasi Partiyalar haqqında” yeni Qanunda nəyi bəyənməyib?

by Mikroskop
15 Mart 2023
0
Venesiya Komissiyası “Siyasi Partiyalar haqqında” yeni Qanunda nəyi bəyənməyib?

Venesiya komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanda yeni qəbul olunan “Siyasi Partiyalar haqqında” Qanunla bağlı birgə...

Read more
Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

  • Azərbaycan