Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə axund və imamlara göstəriş verib ki, İlham Əliyevə səs verilməsi üçün çağırış etsinlər. Şeyxülislam bunu din xadimləri ilə görüşündə deyib və vurğulayıb ki, dini liderlərin bu gün seçkilərlə bağlı qəbul etdiyi müraciət bu həftənin cümə günü xütbə zamanı xalqa çatdırılmalıdır. APA xəbər verir ki, Şeyxülislam onu da qeyd edib ki, heç kimi kiməsə səs verməyə məcbur etmək olmaz: “Bizim borcumuz xalqa həqiqəti çatdırmaqdır. Ona görə də axund və imamlardan bu cümə xütbələrdə bunu etmələrini istəyirəm. Onu da deyim ki, bunun yerinə yetirilməsinə tərəfimizdən nəzarət olacaq“.
O qeyd edib ki, Sovet İttifaqı dövründə müsəlmanlar əziyyət çəkib, yalnız müstəqillikdən sonra rahat ibadət edilməyə başlanılsa da, Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə müsəlmanlar birləşməyə başlayıb: “Bu gün biz Azərbaycanda dindarlara yaradılan şəraitdən narazılıq etsək, Allaha da xoş getməz. Ona görə də şükr edək. Mən ölkə müsəlmanlarını İlham Əliyevə səs verməyə çağırıram. Məscidlərdə, xütbələrdə siz dindarlar öz haqq sözünüzü deməlisiniz. İnsanlar həqiqətləri bilməlidirlər. Biz nəzarət edəcəyik buna, bu, bizim bir vətəndaş borcumuzdur.”.
A.Paşazadə görüşdə onu da əlavə edib ki, bu gün hər kəs Yaxın Şərqdə baş verənlərə baxıb Azərbaycandakı əmin-amanlığa şükür etməlidir:
“Bu əmin-amanlığın sükanı arxasında prezident İlham Əliyev dayanıb. Ətrafda baş verən qanlı-qadalı hadisələrin içində Azırbaycandakı əmin-amanlığı qiymətləndirməliyik, İlham Əliyev cənablarının ətrafında sıx birləşməliyik. Bu əmin-amanlığı elə öz həyatımız, rifahımız naminə qiymətləndirib, qoruyub saxlamalıyıq”.