Fevralın 10-dan başlayaq Bayıl ətrafında baş verən sürüşməyə görə evindən çıxmağa məcbur olan vətəndaşlara veriləcək kirayə pullarının məbləği açıqlanıb.
Nazirlər Kabineti tərəfindən 98 ailənin 11 aylıq kirayə haqları müəyyən olunub. Normativlərə uyğun olaraq:
- ailə tərkibi 1-5 nəfər arası olanlara 200 manat,
- ailə tərkibi 6-7 nəfər olana 250 manat,
- ailə tərkibi 8-dən çox olanlara 300 manat müəyyən olunub.
Bunu “Qafqazinfo”ya açıqlamasında Səbail Rayon İcra Hakimiyyətinin sözçüsü İsrafil Kərimov deyərək əlavə edib ki, pullar bu günədək sənədlərini təqdim edən 67 ailə üçün “Beynəlxalq Bank”ın Səbail filialında açılmış hesaba köçürülüb və artıq sakinlər onlar üçün ayrılan məbləği almağa başlayıblar.
Bəs Bakıda kirayə qiymətləri necədir? Və dövlət tərəfindən verilən məbləğ vətəndaşların evlə təmin olunmasına bəs edirmi?
2017-ci ilin oktyabrında Modern.az-a müsahibə verən daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib ki, 2017-ci ilin sentyabr ayının yekunlarına görə kirayə mənzil bazarında 4,63 faiz qiymət artımı müşahidə edilib. İlin əvvəli ilə müqayisə etsək 0,21 faiz artım olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 3,1 faiz artım qeydə alınıb.
Azərbaycanda olan daşınmaz əmlak saytlarında etdiyimiz axtarışlara görə ailə tərkibi 1-5 nəfər arası olanlara verilən 200 manatlıq yardım ilə yalnız bir otaqlı evləri kirayə tutmaq mümkündür. Həmin evlərinsə əksərinin əşyası yoxudur.
6-7 nəfərlik ailələr üçün nəzərdə tutulan 250 manata isə yalnız 2 otaqlı evlər tapmaq olur ki, onların da əksəriyyəti əşyasızdır. Bu evlərin bir qismi Biləcəri qəsəbəsi, Suraxanı rayonu və s. mərkəzdən uzaq yerlərdə yerləşir. Mərkəzə nisbətən yaxın, İnşaatçılar metro stansiyası yaxınlığında olan evlər isə tamamilə əşyasız və təmirsiz vəziyyətdədir.
250 manata 2 otaqlı evlər tapmaq olur, lakin çoxu əşyasızdır. Əşyasızlıqdan əlavə 6-7 nəfərlik ailənin 2 otaqlı evdə məskunlaşmağı qəliz məsələdir.
300 manata da təklif olunan 2 otaqlı evlər var.
Maklerlər deyir ki, şəhərin 28 May metrosu ətrafı, R.Behbudov küçəsində bir otaqlı mənzillərin kirayəsi 200, 2 otaqlı evlərin kirayəsi isə 450 manata qədərdir. Elmlər Akademiyası metrosu ətrafında isə 1 otaqlı evlər 300, 2 otaqlı evlər isə 550 manata təklif edilir.
Yəni, şəhərin bəzi hissələrində hətta 1 otaqlı evi də dövlətin evsiz Bayıl sakinlərinə təklif etdiyi məbləğə uyğun kirayələmək mümkün deyil.