ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyası Azərbaycanda keçiriləcək olan növbədənkənar seçkilərlə bağlı aralıq hesabatını yayıb.
Hesabat seçki öncəsi siyasi durum, media azadlığı, təşviqat kampaniyası və başqa mövzular olmaqla 13 başlıq altında yayımlanıb.
Seçki Müşahidə Missiyasının hesabatından bəzi çıxarışlar:
Seçki kampaniyası hal-hazırda ümumiyyətlə zəif hiss olunur. DTİHB Seçki Müşahidə Missiyasının (SMM) bir çox müsahibi bildirib ki, onlar seçkilərin həqiqətən rəqabətli əsasda keçiriləcəyini gözləmirlər. Bir neçə müxalifət partiyası seçkiləri ya boykot etməyə çağırır, ya da seçkilərdə iştirak etmir.
Seçki komissiyaları yaxşı təmin olunmuş və peşəkar təəssürat bağışlayır. Məntəqə Seçki Komissiyalarına təlimlər keçirilib.
DTİHB SMM-in bir çox müsahibləri ənənəvi mətbuatın qərəzsiz və müstəqil olmadığını qeyd ediblər.
Hesabat müddəti ərzində hələ ki, məhkəmələrə, MSK-ya və görüş keçirilmiş DSK-lara heç bir şikayət daxil olmayıb.
Hakimiyyət nümayəndələri DTİHB SMM-ə növbədənkənar seçkilərin 2025-ci ildə prezident və parlament seçkilərinin üst-üstə düşməməsi üçün zəruri olduğunu bildiriblər.
DTİHB SMM-in bir çox müsahibi bu seçkilərin həqiqətən rəqabətli keçiriləcəyinə inanmadıqlarını qeyd edərək iddia ediblər ki, bu seçkidə hazırkı prezidentə rəqib olan namizədlər ya alternativ siyasi platforma təqdim etmirlər, ya da hətta hazırkı prezidenti açıq şəkildə dəstəkləyirlər.
Bir neçə müxalifət partiyası seçkiləri boykot etməyə çağıraraq bildiriblər ki, onlar bu seçkilərdə iştirak etməyəcəklər, çünki hesab edirlər ki, bu seçkilər rəqabətsiz mühitdə baş verir.
Həmçinin bir siyasi hərəkat da qeyd edib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarına baxmayaraq, İlqar Məmmədovun seçkilərdə namizəd kimi iştirakının qarşısı alınıb.
Bir çox müsahib DTİHB SMM-ə toplaşma və birləşmə azadlığı baxımından üzləşdikləri qadağalar haqqında məlumat veriblər, onlardan bəziləri davamlı olaraq polis nəzarəti altında olduqlarını bildiriblər.
İctimai-siyasi həyatda qadınlar az sayda təmsil olunurlar, hazırkı parlamentdə 125 yerdən 21-ni qadınlar tutur, 14 dövlət komitəsi sədrindən yalnız bir nəfəri qadındır və heç bir qadın nazir yoxdur. Prezidentliyə namizəd olan səkkiz nəfərin hamısı kişidir.
Bütün ölkəni əhatə edən 11 televiziya stansiyası Azərbaycanda siyasi məlumatların əsas mənbəyi olaraq qalmaqdadır, lakin çap mediasının dövriyyəsi azalmaqda davam edir. Ölkə əhalisinin təxminən 80 faizinin internetə çıxışı var. DTİHB SMM-in bir çox müsahibi ənənəvi mətbuatın müstəqilliyinə və qərəzsizliyinə etibar etmədiklərini ifadə edirək vebsayt və sosial medianın yeganə tənqidi məlumat mənbələri olduğunu iddia ediblər.
2017-ci ilin mart ayından “İnformasiya, İnformasiya Təminatı və İnformasiyanın Qorunması haqqında” Qanuna edilmiş düzəlişlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə heç bir məhkəmə qərarı olmadan məzmunları səbəbindən mətbu nəşrlərin olduğu vebsaytları bloklamaq hüququ verir. DTİHB SMM qeyd edib ki, gündəlik siyasi məlumatlar təqdim edən bir çox vebsaytlara Bakıda və regionlarda ümumimiyyətlə daxil olmaq mümkün deyil.
Seçki Məcəlləsində müəyyən olunur ki, bütün MnSK-ların beşdə ikisindən çoxunda nəticələr ləğv olunarsa və bu səsvermə məntəqələrində qeydiyyata alınmış seçicilərin sayı dairədə qeydiyyata alınmış bütün seçicilərin 25 faizindən çox olarsa, MSK seçkiləri ləğv edə bilər. Prezident seçkisinin nəticələri həmçinin MSK nəticələrinin tabulyasiyasının pozuntusu əsasında Apelyasiya Məhkəməsinin qərarı ilə ləğv oluna bilər.
DTİHB SMM müsahibləri öz peşəkar fəaliyyətləri ilə əlaqədar olmayan səbəblərə görə hal-hazırda həbs cəzalarını çəkməkdə olan bir sıra jurnalist və bloqer ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Hesabatı originaldan oxumaq üçün