“ATƏT-in müşahidə missiyasının Müsavat Partiyasının başqanı ilə, İcra Aparatının rəhbəri Gülağa Aslanlı ilə regionlarda bəzi partiya rayon təşkilatlarının rəhbər şəxsləri ilə görüşləri olub. Sadəcə bizim nümayəndələrin görüşlərdə qeyd etdikləri problemləri hesabatlarında demək olar vurğulamayıblar”. Bu fikirləri Müsavat Partiyasının başqan müavini Səxavət Soltanlı Mikroskop-a açıqlamasında deyib.

Səxavət Soltanlı hesab edir ki, ümumiyyətlə seçki ilə bağlı müşahidə aparmaq mənasızdır:
“Azərbaycandakı ümumi durumu, mənzərəni təsəvvür etmək üçün heç bir xüsusi müşahidəyə ehtiyac yox idi. Seçkiöncəsi durum, seçki qanunvericiliyi hesabatlarında deyildiyi kimi ideal deyil, seçki komissiyaları əsasən 15-25 ildir seçkiləri saxtalaşdıran komissiyalardır, hansı ki, bundan əvvəlki prezident seçkilərinin saxtalaşdırıldığını ATƏT özü açıqlamışdı. ATƏT-in seçkilərə ümumi yanaşmasına görə hansı ki, o komissiya üzvləri cinayət məsuliyyətinə cəlb edilməliydi, həbs edilməliydi”.

Ölkədə ifadə və sərbəst toplaşma azadlığının vəziyyətindən danışan başqan müavini əlavə edib ki, bu sahədə problemlər müşahidə missiyası nümayəndələrinin də diqqətinə çatdırılıb:
“Ölkədə ifadə azadlığı yox, sərbəst toplaşma azadlığı yox, xeyli sayda siyasi məhbuslar var, əsas müxalifət partiyalarının regionlarda fəaliyyət imkanı demək olar məhv edilib, faktiki seçki əsas alternativlər olmadan keçirilir, bu erkən seçki qərarı sonuncu saxta referendum nəticəsində mümkün olub. Bütün bu faktlardan sonra, bu faktları Müsavat Partiyasının nümayəndələri görüşdükləri müşahidə missiyasının diqqətinə çatdırdığı halda o faktların və görüşlərin nəzərə alınmaması başa düşülən deyil. Konkret olaraq ATƏT in müşahidə missiyasının fəaliyyəti ürəkaçan deyil, inanmıram ki, son hesabatları da real vəziyyəti ifadə edəcək”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü İlham Hüseyn isə hesab edir ki, bu hesabat çox zəifdir və daha kəskin olmalı idi:
“ATƏT-in hesabatını çox zəif və dişsiz hesabat kimi qiymətləndiririk. Çünki heç bir seçki mühitinin olmadığı, alternativlərin iştirak etmədiyi, söz azadlığının məhv edildiyi, mətbuatın sıradan çıxarıldığı ölkə ilə bağlı hesabat hazırlanır və bu hesabat daha kəskin və reallıqları daha aydın ifadə edən hesabat olmalı idi. Hətta ATƏT-in əvvəlki aralıq hesabatları bundan daha güclü hesab oluna bilər”.

İlham Hüseyn də ümumilikdə məhz bu seçkinin müşahidə edilməsini mənfi qiymətləndirib və əlavə edib ki, AXCP rəhbərliyi də ATƏT-in müşahidə missiyasının nümayəndələri ilə görüşlər keçirib:
“Bu görüşlərdə ölkədəki real vəziyyət, seçkilərin hansı rüsvayçılıq şəraitində keçirilməsi, ölkədəki qanun pozuntularının hamısı missiyanın diqqətinə çatdırılıb. Hətta Milli Şuranın razılaşdırılmış mitinqlərinə hökumətin qanunsuz müdaxilələri, məsələn, AXCP-nin təkcə 100-dən artıq üzvünün polisə çağırılması, onlarla mitinq çağırışçısının inzibati qaydada həbs olunması belə ATƏT nümayəndələrinin diqqətinə çatdırılıb”.
Partiya funksioneri hesabatda rəqabət mühitinin olmadığı, real müxalifətin seçkini boykot etdiyi, seçki kampaniyasının qənaətbəxş olmadığı, yenə də əsas informasiya mənbələrinin hökumətin əlində cəmləşdiyi barədə yer alan fikirləri müsbət qiymətləndirsə də seçki ilə bağlı daha obyektiv hesabatın hazırlanmalı olduğunu deyib:
“Azərbaycan kimi ölkədə, belə bir şəraitdə keçirilən seçkilərdə obyektiv, qərəzsiz, prinsipial mövqenin qoyulmasını tələb edirik. Müşahidə missiyasını həyata keçirən adamlara, ölkələrə, təşkilatlara onu demək istəyirik ki, bu cür vəziyyətdə Azərbaycanda hər şeyin çılpaq göründüyü reallıqda boyalı, reallığı əks etdirməyən hesabatlar vermək həmin təşkilatların özlərinin bioqrafiyasına qara xətlər salır. Ona görə də belə məqamlarda hökumətlərin deyil, xalqların, qanunun, hüququn üstünlüyü göstərilməlidir və bu maraqlardan çıxış edilməlidir, şəxsi maraqların təminatı burada əsas rol oynamamalıdır”.
ATƏT-in Demokratik Təhsisatlar və İnsan Haqları Bürosunun Seçkiləri Müşahidə Missiyasının dünən seçki ilə əlaqədar aralıq hesabat yayıb.