Həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva onun səhhətindəki problemin hələ də qaldığını deyib. Bu barədə Facebook sosial şəbəkəsində yazan Leyla Mustafayeva bildirib ki, bu gün onunla telefonla danışıb və jurnalist ciyərlərində ağrıdan da şikayətlənib:
“Müayinə olunub və rentgen edən həkim deyib ki, ağ ciyərində ləkə görünür. Başqa bir həkim baxıb, deyib ciddi bir şey yoxdur. Həkimlərin müxtəlif rəy verməyi elə məndə, də özündə də narahatlıq yaratmışdı. Ötən həftələr ərzində həkimlərin yazdığı dərmanları göndərmişik. Qəbul edib. Bu gün yenə də deyirdi ki, sinə nayihəsində ağrıları var. Səbəb sadəcə soyuqlamadırsa, qəbul etdiyi dərmanlardan sonra adamın yenə şikayəti varsa, bu o deməkdir ki,o yenidən müayinə olunmalıdi və təcrübəli və normal həkim nəzarətindən keçməlidir”.
Əvvəlki telefon zənglərində isə jurnalist nəbzinin 100-dən artıq, təzyiqinin isə yuxarı olduğunu deyib:
“Hər dəfə danışanda deyir nəbzi 100-dən yuxarı vurur. Tiflisdə müayinələr zamanı onun səhhətində belə bir hal müşahidə edilməmişdi. Otən həftə zəng edəndə demishdi ki, təzyiqi 100-150 arasındadır və başağrıları olur. Vəkil Nemət Kərimli baş idarə ilə danışandan sonra təcridxanadan Əfqana deyiblər ki, kənardan yaxşı həkim axtarırlar. Lap istəyirsə, Bakıdan həkim gətirə bilərlər”.