Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Azərbaycanda ötən gün keçirilən növbədənkənar pprezident seçkiləri ilə bağlı ilkin bəyanatını açıqlayıb. Bəyanatda qeyd olunur ki, SMDT seçki prosesində bütün mərhələləri namizədlərin irəli sürülməsi, seçkiqabağı təşviqat, seçki günü səsvermə və səslərin sayılması prosesləri üzrə müşahidə edib.
SMDT bəyanatında qeyd edir ki, seçki günü səsvermə və səslərin sayılması prosesini zədələyən ənənəvi və ciddi qanun pozuntuları qeydə alıb.
Qeyd olunan pozuntular bunlardır:
Seçki məntəqələrinin 47 faizində adları seçici siyahısında olmayan seçicilərin səsvermədə iştirakı
Seçki məntəqələrinin 53 faizində seçki qutusuna saxta bülletenlərin atılması
Seçki məntəqələrinin 53 faizində bir şəxsin bir neçə dəfə səsverməsi halları
Məlumatların daxil olduğu seçki məntəqələrinin yalnız 8 faizində ciddi qanun pozuntularının yer almadığı bildirilir. “Seçki günü həmçinin müstəqil müşahidəçilərə və jurnalistlərə qarşı ciddi təzyiqlər qeydə alınıb. Bu təzyiqlər seçki məntəqələrində qanun pozuntularına irad bildirən və səslərin sayılmasını izləmək istəyən vətəndaşlara qarşı baş verib” – deyə bəyanatda qeyd olunur.
SMDT həmçinin seçici fəallığı ilə bağlı rəqəmlərin rəsmi rəqəmlərdən çox fərqli – xeyli aşağı olduğunu müşahidə edib. Rəsmi nəticələr üzərində detallı analiz sayəsində SMDT elan olunmuş rəqəmlərlə bağlı ciddi uyğunsuzluqlar müəyyən edib. Bu nəticələr seçki məntəqələrinin yarısından çoxunda seçki qutularına toplu bülletenlərin atılması halları iddia etməyə və seçici fəallığının süni şəkildə şişirdildiyini ifadə etməyə əsas verir, o cümlədən ümumi nəticələrin etibarlılığını şübhə altına qoyur.
SMDT hesab edir ki, 11 aprel 2018-ci il növbədənkənar prezident seçkisi siyasi azadlıqlara təzyiqlər, bərabər və həqiqi rəqabət imkanları, o cümlədən alternativ seçim şəraitinin məhdudlaşması ilə müşayiət olunaraq, azad və ədalətli seçkilər üzrə milli qanunvericiliyin və beynəlxalq standartların pozulması şəraitində keçirilib.