Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının hesabatının Azərbaycanla bağlı hissəsinə münasibət bildirirb.
O deyib ki, rəsmi Bakı hesabata cavab verib və qəti şəkildə hesabatdakı fikirlərin heç birinin həqiqətə uyğun olmadığı çatdırılıb.
APA yazır ki, M. Qurbanlı Azərbaycanda dini etiqad azadlığının dünyada ən qabaqcıl ölkələrdən belə yüksək səviyyədə olduğunu deyib.
“ABŞ-da səfərdə olduğumuz zaman da bu məsələni müzakirə etdik. ABŞ səfirliyinə də bu barədə məlumat verilib. Həmin sənəddə çoxlu yanlışlığa yol verilib, 2-3 il əvvəlki faktı builki fakt kimi yazıblar. Azərbaycanda dini fəaliyyətə heç bir təqib yoxdur. Əgər bu və ya digər şəxs cinayət məsuliyyətinə cəlb edilərək məhkəmə hökmü ilə cəzalandırılıblarsa, bu şəxslər Cinayət Məcəlləsində bu və ya digər maddələri pozduğuna görə cəzalandırılıblar. Bunları dini fəaliyyət, etiqad azadlığı ilə əlaqəsi yoxdur”.
ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası 2018-ci il üçün növbəti illik hesabatının Azərbaycanla bağlı hissəsində ölkədə dini azadlıqların məhdudlaşdırıldığı qeyd edilib.
Hesabatda 16 ölkə “xüsusi narahatlıq doğuran ölkələr” kateqoriyasına daxil edilib və 2017-ci ildə 28 ölkədə dini azadlıqlar sahəsində baş vermiş tərəqqi və pozuntular sənədləşdirilib.
Azərbaycanla bağlı hissədə 2015-ci il Nardaran hadisələri, bunun nəticəsində Müsəlman Birliyi Hərəkatı üzvlərinin 12 nəfərinin müxtəlif ittihamlarla 12 ildən 17 ilədək azadlıqdan məhrum edilməsi yer alıb.