Mayın 31-də vəkili REAL Partiyası Ali Məclisinin üzvü Azər Qasımlı ilə görüşüb.
AzadlıqRadiosuna bu barədə məhbusun həyat yoldaşı Samirə Qasımlı məlumat verib. Samirə Qasımlı deyib ki, həyat yoldaşı ona qarşı fiziki təzyiqlərin olmadığını bildirib.
“Ancaq A.Qasımlı deyib ki, ailəsinə özünün zəng etməməsi ilə bağlı deyilənlər həqiqət deyil. Ona zəng vurmağa şərait yaradılmayıb”.
S.Qasımlı onu da deyib ki, ona yaxın günlərdə görüşə icazə veriləcəyi bildirilib. Belə ki, ona bu gün həyat yoldaşı ilə görüşməsinə icazə verilməyib.
“Dünən, mayın 30-da da gəlmişdim. Çox təkid elədim, görüş vermədilər. Dedilər ki, sənədləşdirmə başa çatmayıb. Ancaq həm də qeyd etdilər ki, sabah mayın 31-də gəlsən, görüşə şərait yaradılacaq. Sonra da dedilər ki, istəsəniz, sizə zəng də vura bilər. Razılaşdım… Dedilər ki, səhər saat 10-dan 12-yə kimi zəng vura bilər. Bu gün saat 12-yə qədər gözlədim, Azər zəng vurmadı. Gəldim bura. İndi isə deyirlər ki, bütün görüş otaqları bağlıdır, təmir gedir”.
Bunlarla yanaşı A.Qasımlıya gətirilən ərzaq da qəbul edilməyib. Təcridxana nəzarətçisi bunu dövlətin özünün saxlananlara yemək verməsi ilə izah edib.
AzadlıqRadiosu baş verənlərlı bağlı Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinin rəhbərliyindən və başqa rəsmi qurumlardan münasibət ala bilməyib.
Mayın 28-də Bakının mərkəzində 28 May – Respublika Günü münasibətilə REALın təşəbbüsü ilə yürüş keçirilib.
Polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını bildirərək, onun sona kimi davam etməsinə imkan verməyib.
Mayın 29-da Yasamal Rayon Məhkəməsində REAL Partiyası Ali Məclisinin üzvü A.Qasımlıya polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs cəzası verilib
Mayın 30-da REAL Partiyası Ali Məclisi üzvü Elmin Həmzəyə 25, Nizami Rayon Məhkəməsində Nəriman İsmayılova 30, Yasamal Rayon Məhkəməsində isə Ərəstun Baxışəliyevə də 30 sutka həbs cəzası verilib.
REAL Partiyasının fəallarının hamısı İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə ittiham edilib. Söhbət polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaqdan gedir.








