Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov sponsorunun olmadığına dair ötən gün yaydığı açıqlamaya siyasi don geyindirildiyini deyir. Report yazır ki, 33 yaşlı qrossmeyster həm də bir neçə sponsorluq təklifləri də alıb.
“Əfsuslar olsun ki, mənim qəlbimin harayına siyasi xarakterli rəylər verilib. Bildirmək istəyirəm ki, mən canım Azərbaycanım üçün mübarizə aparmaqdan qürur duyuram”.
Şahmatçı bildirib ki, son 5 il ərzində aidiyyəti qurumlardan yalnız İddiaçılar Turniri üçün maliyyə dəstəyi alıb və milli komanda üçün dövlət büdcəsindən ayrılan pulun onun şəxsi büdcəsi kimi təqdim edilməyini ədalətsizlik hesab edir.
Şahmatçı çoxsaylı turnirlərdə iştirakının səbəbinə yenə aydınlıq gətirib və bunu maliyyə çatışmazlığı ilə əlaqələndirib:
“Eyni zamanda, qeyd etmək istəyirəm ki, yarışlarda qazandığım uğurlar üçün möhtərəm prezidentimiz tərəfindən dəfələrlə mükafatlandırılmışam və bunu çox yüksək qiymətləndirirəm. Bundan əlavə, bəzi vəzifəli şəxslər dəstək nümayiş etdirərək, şəxsən mənə kömək ediblər. Lakin yarışlarda uğurlu olmaq və dünya miqyasında rəy bildirmək üçün mütəmadi hazırlığa və maliyyə dəstəyinə ehtiyac var”.
Sonuncu dəfə 6 il əvvəl sponsorluq üçün şirkətlərə müraciət etdiyini deyən şahmatçı dünya səviyyəsində “20-liyə” daxil olan idmançı üçün tələb olunan komanda tərkibini də açıqlayıb:
Menecer
İki məşqçi-sekundant
Psixoloq
Fiziki hazırlıq üzrə məşqçi
Təlim-məşq toplanışlarının keçirilməsi üçün güclü sınaqçı-rəqiblər