Apple ötən gün Macebook Air, Mac Mini və iPad cihazlarının yeni modellərini təqdim edib. Uzun müddətdir yenilənməyən cihazlar əvvəlki modellərdən nə qədər fərqlənir? Yeni nələr təklif olunur? Proqramçı Ələkbər Məmməddən xahiş etdik ki, şirkətin yeni modellərində nələr təklif etdiyini bizə izah etsin.
Çoxdandır yenilənməyən Macbook Air və Mac Mini cihazlarının yenilənməsi Apple müştərilərini xeyli sevindirib.
“Ucuz və güclü” məntiqi ilə hazırlanan yeni modeldə Retina ekran texnologiyasından istifadə edilib, 13,3 düym olan ekran əvvəlki modeldən 50% daha nazikdir. 1.34 kq çəkisi olan köhnə Macbook Air-dən fərqli olaraq yeni modelin ağırlığı 1.24 kqdır. Bu da şirkətin istehsal etdiyi ən yüngül kömpüter hesab olunur. Yeni modelin nəzərə çarpan digər parametrləri:
Intel şirkətinin 8-ci nəsil i5 prosessoru
16 GB-ə qədər RAM və 1,5 TB-ə qədər SSD (yaddaş qurğusu) dəstəyi
4 milyon piksellik ekran
İki ədəd USB-C (Type-C) və bir ədəd 3,5 mm qulaqcıq girişi
Touch ID (barmaq izi) skayneri və digər təhlükəsizlik prosesləri üçün T2 çipi (bu çip Macbook Pro modelində istifadə olunub)
Daha geniş Force Touch – 20%
Modelin başlanğıc səviyyəsi; 8 GB RAM və 128 GB SSD-yə malik olan versiyası 1199$-dan başlayaraq satılır. Elə təqdimat mərasimində elan edilib ki, ön sifariş açıqdır və satışlar noyabrın 7-dən başlayacaq. Dörd ildən çoxdur yenilənməyən Mac Mini cihazının da artıq yeni versiyası var. Mac Mini azad monitor seçiminə imkan verən modeldir. Cihazı TV-lərə, ayrıca satılan monitorlara və s. qoşmaq mümkündür. Cihazın yeni modeli ilk versiyadan 5 dəfə daha sürətlidir, dizayn isə əvvəlki modeldən bir o qədər fərqlənmir. Bu cihazda Touch ID olmayacaq. Digər parametrləri;
Altı nüvəyə qədər, masaüstü səviyyədə prosessor (3,6 Ghz-ə qədər prosessorun sürət imkanı)
T2 təhlükəsizlik çipi
64 GB-a qədər artırıla bilən RAM
4 ədəd Thunderbolt 3 portu
2 ədəd USB-A portu
10 qiqabitə qədər dəstəkləyən internet portu
128 GB SSD yaddaş qurğusu, 1 TB-a qədər dəstək
8 GB RAM, səkkizinci nəsil Intel i3 model prosessor və 128 GB SSD-yə malik cihaz 799$-dan satışda olacaq. Cihazın digər bir versiyasında isə Intel i5 model prosessor və 8 GB RAM var və yaddaş qurğusu 256 GB-dır. Yeni model Mac Mini bundan əvvəlki iMac-dən daha güclüdür. Mac Mini də önsifarişə açıqdır və onun da satışı noyabrın 7-dən başlayacaq. Təqdimatın ən çox gözlənilən hissəsi isə yeni iPad-in təqdimatı olub. Tamamilə yenilənmiş iPad-in təqdimatından öncə onunla bağlı bəzi statistik məlumatlar yayımlanıb:
iPad dünyadaki bütün noutbuk markalarından daha çox satılıb
İndiyə qədər 400 milyon iPad satılıb və bu da onu bütün planşet markalarından daha üstün edir.
Yeni modelin xüsusiyyətlərinə gəlincə isə, yeni iPad iki fərqli – 11 və 12,9 düymlük versiyada təqdim olunub. Yeni iPad-in gövdə kənarları tamamilə yastılaşdırılıb və bu modeldə şirkət iPhone X təcrübəsini tətbiq edib, ənənəvi “Home” düyməsindən imtina edib. Hər iki versiyanın qalınlığı 5,9 mm-dir və təhlükəsiz üçün Face ID (üz tanıma sistemi) texnologiyasını təklif edir. Cihazın digər parametrləri:
Səkkiz nüvəli, yeni A12X Bionic adlanan prosessor. Bu prosessorun köməyilə cihaz 90%-ə qədər daha optimal işləyir
64/256/512 GB və 1 TB-lıq yaddaş seçimləri
USB Type-C girişi. Şirkət ilk dəfə olaraq öz xüsusi “lightning” adlanan portundan istifadə etmir
iPad vasitəsilə öz iPhone-u şarj etmək imkanı
iPad-lə birlikdə yeni Apple Pencil 2 də təqdim olunub. Yeni model iPad Pro ilə tamamilə uyğundur və maqnitlə ona yapışır.
Cihazın mobil şəbəkə dəstəkləyən versiyası mövcuddur.
Yeni modelin 11 düymlük versiyasının qiyməti 799$-dan, 12,9 düymlük versiyası isə 999$-dan başlayır.