Bu gün Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyilə AXCP sədrinin müavini Gözəl Bayramlının kassasiya şikayətinə baxılıb. Məhkəmə sədr müavinin cəzasını 2 ay azaldaraq 3 ildən 2 il 10 aya endirib.
Vəkil nə deyir:
Gözəl Bayramlı Azərbaycanda Cinayət Məcəlləsinin 206.1 (qaçaqmalçılıq) maddəsilə həbsdə saxlanılan yeganə şəxsdir. Digərlərinə həbslə bağlı olmayan alternetiv cəzalar verilir.
Aşağı instansiya məhkəmələrində G.Bayramlının işinə baxılarkən verilən 14 vəsatətin heç biri təmin olunmayıb.
Sərhəd-buraxılış məntəqəsindəki kamera görüntülərinin alınmasını istənilsə də, cavab verilib ki, görüntülər saxlanılmayıb.
G.Bayramlı Gürcüstanda olarkən də xüsusi xidmət orqanları tərəfindən izlənilib. Bunu Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinin məktubları da sübut edir. Həmin məktublar cinayət işinin materialları arasında var.
G.Bayramlı gömrük postunu keçmədən saxlanılıb. Gömrük postundan keçmədiyi halda, ona istintaqın versiyasına uyğun olaraq, qaçaqmalçılıqla pul keçirmək ittihamı irəli sürülüb.