Qaradağ Rayon Məhkəməsində Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəylinin məhkəməsi başlayıb.
Meydan TV yazır ki, məhkəmə hakim Fuad Hüseynovun sədrliyilə keçirilib.
Prokurorun elan etdiyi ittiham aktında yazılıb ki, Ə.Sadıqbəyli Dövlət Yol Polisinə “Nikoyl” bankın kreditilə aldığı “Niva”ya görə borclu qaldığı 5100 manatın banka tam ödənməsi barədə saxta arayış təqdim edib, maşını öz mülkiyyətinə keçirib, daha sonra satıb.
Məhkəmədə “Nikoyl” bankın nümayəndəsi deyib ki, banka dəymiş 10 min 800 manat ödənilib. Amma ziyanın məbləği daha böyükdür, ona görə yeni mülki iddia qaldırırlar.
Nümayəndə ilə sual-cavabdan məlum olub ki, Ə.Sadıqbəylinin kreditilə bağlı bankdakı sənədləri, o cümlədən müqavilə yoxa çıxıb. Bankın nümayəndəsi sənədlərin yoxa çıxmasının səbəbini izah edə bilməyib.
Ə.Sadıqbəyli ifadəsində bildirib ki, onun həbsi siyasi fəaliyyətinə görədir. Müstəntiq də ona dindirmədə əsasən siyasi fəaliyyətilə bağlı suallar verib:
“Bir saatlıq söhbətin cəmi 10 dəqiqəsi bank kreditilə bağlı oldu. Mənə verilən suallar da bu idi ki, gənclər təşkilatının nə qədər üzvü var, hansı işləri görürsüz və s. Soruşmuşdu ki niyə tez-tez xaricə gedirsən, niyə Gürcüstana gedirsən?”.
Məhkəmə prosesi 6 fevrala qədər təxirə salınıb.
Nə baş verib: Noyabrın 21-də Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli barəsində Səbail Rayon Məhkəməsi 3 aylıq həbs qətimkan tədbiri seçib. Sadıqbəyli CM-nin 178 ( dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham olunur.
Fəal ittihamı rədd edir və həbsdini Müsavat Partiyasındakı fəaliyyəti ilə əlaqələndirir