Mətbuat Şurasının sədri Əflatun Amaşov parlamentin bu gün keçirilən plenar iclasında “Onlayn media haqqında” qanun layihələrinin hazırlanması ilə bağlı təklif irəli sürüb.
Deputat Fazil Mustafa təkliflə bağlı fikrini belə izah edib:
Hesab edirəm ki, buna indiki dövrdə ehtiyac var və qanun layihəsinin hazırlanması sürətləndirilməlidir.
İclasda onlayn media ilə yanaşı sosial medianın da tənzimlənməsi ilə bağlı fikirlər səsləndirilib.
Sosial şəbəkələr barədə iradlar:
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov:
Bəzi hallarda təhqirlər anonim adlar altında yazılır. Bununla da mənəvi terror həyata keçirirlər. Bu, onların ağlının məhsulu deyil, xaricdə oturan bəzi dairələrin göstərişidir. Onlar bilmir ki, 25-30 ildir, siyasətlə məşğuluq, mexanizmi də çox yaxşı bilirik. Onlar bu cür addımlarla bizi qlobal siyasətimizdən döndərə bilməzlər.
Milli Məclisin sədri Oqtay Əsədov:
Mən xaricdə yaşayanları demirəm. Ancaq ölkə daxilində təhqirə yol verənlərin qarşısının alınması haqqında düşünməliyik. Onların yazılarına baxanda adam xəcalət çəkir. Dövlət qurumları haqqında ağızlarına gələni yazırlar.
Deputat Sahib Alıyev:
Ya bununla bağlı ayrıca qanun qəbul olunmalı, ya da mövcud qanunvericiliyə dəyişikliklər edilməlidir. Çünki, xüsusilə bu gün sosial şəbəkələrdə təhqirlər baş alıb gedir.