Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Penitensiar Xidmətin Qobustandakı həbsxanasına gedib.
Bu barədə Ombudsman Aparatı məlumat yayaraq bildirib ki, başçəkmə xəbərdarlıqsız həyata keçirilib.
Məlumata görə, məqsəd məhbusların saxlanma şəraitinin, rəftarın və daxil olan müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.
MPQ-nin həkim üzvünün də qatıldığı başçəkmə zamanı həmin müəssisədə bir çox məhkum təkbətək qəbul edilib:
“Saxlanılma şəraiti, görüş, telefon danışığı, tibbi yardımla bağlı məsələlər araşdırılıb, habelə bir sıra müraciətlər yerində təmin olunub. Araşdırmanın nəticələri ilə bağlı aidiyyəti qurumlara müraciət olunacaq”.
Nə baş verib: Son günlər Qobustandakı həbsxanada cəza çəkən “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırov və hərəkatın üzvü Abbas Hüseynovun işgəncəyə məruz qalmaları ilə bağlı məlumatlar yayılıb. Penitensiar Xidmət isə bu iddiaları təkzib edib.