ABŞ prezidenti Donald Tramp İsrailin Qolan təpələri üzərində suverenliyini tanıyan qərar imzalayıb. ABŞ prezidenti həm də hesab edir ki, bu ölkənin Qəzzanı hədəfləyən hücumları özünü müdafiədir və o, İsrailin baş naziri Benyamin Netanyahunu dəstəkləyib. BMT və Avropa İttifaqı isə Qolan təpələri üzərində İsrailin suverenliyini tanımayıb. Eləcə də Suriya, Türkiyə, Rusiya və İngiltərə ABŞ-ın bu qərarını beynəlxalq hüququnun heçə sayılmağı kimi qiymətləndirib.
Qolan təpələri nədir və niyə bu qədər əhəmiyyətlidir? Niyə bu məsələdə ABŞ İsrailin mövqeyini dəstələyir?
Mikroskop Media bu sualların cavabını araşdırıb.
1
Qolan İsrail üçün niyə bu qədər vacibdir?
Qolan Suriyanın cənub-qərbində, İsrailin şimal-şərqində yerləşən təpəlik ərazidir. Bu ərazi özünün zəngin su qaynaqları ilə tanınır. İsrail ümumi su ehtiyacının üçdə bir hissəsini buradakı Şeria, Banyas və Kadı çayından əldə edir. İsrailin Suriyaya axan çaylar üzərində qurduğu 4 baraj isə iki ölkə arasındakı gərginliyi artıran amillərdən biridir.
Təpəliyin İsrail üçün həm də təhlükəsizlik baxımından önəmi böyükdür, çünki bura strateji əhəmiyyətli ərazidir. Qolan Livan və İordaniya ilə sərhəddədir. Bura Suriyanın paytaxtı Şama 60 kilometr uzaqdadır və buna görə də müharibə vəziyyətində İsrailə üstünlük qazandırır.
Yəhudilərin müqəddəs hesab etdiyi mətnlərdə Qolan təpələrinin adı bir neçə dəfə çəkilib. Buna görə də bir çox dindar bu ərazini müqəddəs torpaq sayır.
2
İsrail Qolan təpələrini necə əldə edib?
1967-ci ildə “Altı gün döyüşü” zamanı İsrail bu əraziyə nəzarəti ələ keçirib. 1973-cü ildə Suriya ərazini geri almaq üçün Yom Kippur döyüşünü başlatsa da istəyinə nail ola bilməyib. 1981-ci ildə isə İsrail ərazini ilhaq edib.
1974-cü ildən 2009-cu ilə kimi BMT Sülhməramlı Qüvvələri Qolan təpələrində Suriya ilə İsrail arasındakı atəşkəsin qorunmasına nəzarət edib.
2000-ci ildə Qolan təpələrinin Suriyaya qaytarılması üçün ABŞ-ın vasitəçiliyi ilə müzakirələr başlasa da nəticəsiz qalıb.
8 il sonra bu dəfə Türkiyənin vasitəçiliyi ilə iki ölkə arasında danışıqlar başlayıb. İsrailin Qazzaya hücumu, eyni zamanda həmin dövrdə ölkəmnin baş naziri Ehud Barakın korrupsiyada adı hallandığından istefa verməyi müzakirələri dayandırıb.
2009-cu ildə İsrailin yeni baş naziri seçilən Benyamin Netanyahu bəyan edib ki, Qolan təpələri ilə bağlı siyasətlərini daha da sərtləşdirəcəklər. Həmin il ABŞ-da hakimiyyətə gələn Barak Obama İsrail və Suriya arasında danışıqların yenidən başlayacağını deyib, amma bu istiqamətdə ciddi addım atılmayıb.
2017-ci ildə kabinet yığıncağını ilk dəfə Qolan ərazisində keçirən B.Netanyahu mətbuat konfrasında deyib:
İsrail Qolan təpələrinə əbədiyyən hökmranlıq edəcək.
3
ABŞ Qolan təpələri məsələsində niyə İsralin tərəfindədir?
2014-cü ildən bəri Qolan təpələrində neft və təbii qaz yataqları aşkarlanır. Hətta burada İsraillə ABŞ-ın birgə yaratdığı “Genie Energy Co.” adlı neft şirkəti də var. Şirkətin rəhbəri 1973-cü ildəki döyüşə rəhbərlik edən general Effie Eytamdır. Şirkət rəhbərliyi arasında Rupert Mördok (mediamaqnat), Dik Çeyni (ABŞ-ın 46-cı prezidentinin köməkçisi) və Ceykob Rotşild (Məşhur Rotşild ailəsinin hazırki baronu) də var. D. Trampın İsraili dəstəkləməsinə səbəbin buradan əldə edilən neft gəlirlərinin olduğu ehtimal edilir.
Bundan başqa uzun müddətdir ki, Tramp İsrailin lobbiçilik vasitəsilə təzyiqi ilə üzləşir. Dəstəyin ehtimal olunan digər bir səbəbi də lobbi dairələri ilə yaxınlığı və onu itirmək istəməməsidir.
ABŞ prezidentinin bu addımı atmaqla həm də İranı hədəf aldığı da səbəblər arasındadır. Baş nazir Benyamin Netanyahunun ABŞ prezidenti ilə görüşdən sonra Twitterdə yazdıqları da ipucu verir:
At a time when Iran seeks to use Syria as a platform to destroy Israel, President Trump boldly recognizes Israeli sovereignty over the Golan Heights. Thank you President Trump! @realDonaldTrump
— Benjamin Netanyahu – בנימין נתניהו (@netanyahu) March 21, 2019
İranın Suriyadan platforma kimi istifadə edərək İsraili yox etmək istədiyi vaxtda Tramp cəsarətlə İsrailin Qolan təpələri üzərindəki suverenliyini tanıdı.
Politoloqlar onu da deyir ki, Qolan təpələri ilə bağlı qərarın İsraildə aprelin 9-da baş tutacaq seçki ərəfəsində açıqlanmağı da təsadüfi deyil. Onlar bu addımı Netanyahu üçün hədiyyə kimi qiymətləndirirlər.
4
Hazırda Qolanda kimlər və necə yaşayır?
Qolan təpələrində 20 minə yaxın yəhudi və druz təriqətindən olan 20 mindən çox suriyalı yaşayır. 1967-ci ildəki müharibəyə qədər həmin ərazidə 100 mindən çox suriyalı yaşayıb. 1967 və 1973-cü illərdə baş verən döyüşlərin nəticəsi kimi ərazinin az qala hər yerində minalar, əl bombaları və bomba tapmaq mümkündür. Həmin minalara görə 2 minə yaxın suriyalı müxtəlif bədən xəsarətləri alıb.
Qolanda yaşayanlarla Suriyadakılar o qədər yaxın ərazidə yaşayır ki, hətta bir-birilərini çılpaq gözlə görə bilirlər. Buna baxmayaraq burada yetişdirilən Qolan almalarının Suriyaya çatdırılması üçün hər il BMT və Qızıl Xaç Komitəsi diplomatik missiya yeritməli olur. Bəşər Əsədin göstərişi ilə 2005-ci ildən etibarən Suriya Qolanda yetişdirilən almaları alır. Bazar qiymətindən daha baha alınan almalar Suriyanın sərhədin digər tərəfində yaşayan vətəndaşlarına verdiyi maddi və mənəvi dəstəyin simvolu hesab edilir.