Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının fəalı Azad Həsənovun işi üzrə iclas davam edib.
Prosesdə şahid ifadəsi dinlənilib.
Vəkil Osman Kazımov Azadlıq Radiosuna deyib ki, şahidin məhkəmədə söylədikləri ilə istintaqa verdiyi ifadə arasında bir sıra uyğunsuzluqlar olub. Vəkil daha əvvəl şahid qismində ifadə vermiş iki polis əməkdaşının yenidən dindirilməsi barədə vəsatət qaldırıb:
Hər ikisi A.Həsənovun üzərində narkotik olduğu barədə operativ məlumatın mənbəyi haqqında məhkəmənin sualını cavablandırmaqdan imtina etmişdilər. Bu isə təqsirləndirilən şəxsin ədalətli məhkəmə təhqiqatı hüququnun pozuntusu deməkdir
Vəkilin sözlərinə görə, hal şahidi onun iradlarına cavab verə bilməyib və məhkəmə vəsatəti təmin edib. Növbəti iclas aprelin 9-na təyin olunub.
Nə baş verib: Azad Həsənov 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə 2018-ci ilin oktyabrında onun Bakıya gəldiyi açıqlanıb. Müdafiə tərəfinin bildirdiyinə görə, o, oktyabrın 11-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4-cü (külli miqdarda qanunsuz narkotik vasitələrin dövriyyəsi) maddəsi ilə cinayət işi qaldırılıb. Barəsində həbs-qətimkan tədbiri seçilib. A.Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür.