Səudiyyə ərəbistanlı jurnalist Camal Qaşıqçının öldürülməsində rolu olduğunu əsas gətirərək ABŞ 16 nəfər Səudiyyə Ərəbistanı vətəndaşının ölkəyə girişinə qadağa qoyub.
Anadolu Agentliyi yazır ki, bu barədə xarici işlər naziri Mayk Pompeo adından yazılı açıqlama verilib.
Siyahıda Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd İbn Salmanın keçmiş baş məsləhətçisi Suud əl-Kahtaninin də adı var. Siyahıda ötən il ABŞ Xəzinə Nazirliyinin açıqladığı siyahıdakılardan birinin – Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Məhəmməd əl-Katibinin adı yoxdur.
Ötən ilin noyabr ayında, Qaşıqçı cinayətindən 45 gün sonra Xəzinə Nazirliyi 17 nəfərin adı olan siyahı hazırlayıb. Siyahıdakıların ABŞ-dakı əmlakına həbs qoyulub və onlara amerikalılarla ticarət əlaqələri qurmaq qadağan edilib.
Nə baş verib: 2018-ci il, noyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda jurnalist Camal Qaşıqçı öldürülüb. Səudiyyə Ərəbistanı ilə yanaşı, ABŞ vətəndaşı da olan jurnalistə qarşı sui-qəsdi vəliəhd şahzadə Məhəmməd İbn Salmanın təşkil etdiyi iddia olunur.