Azərbaycanlı kinodramaturq, yazıçı Rüstəm İbrahimbəyov Rusiyanın “Dojd” telekanlına müsahibə verib. O, müsahibədə 2013-cü ildə prezidentliyə vahid namizəd kimi seçilməsindən də danışıb.
Haqqın.az saytının müsahibədən çıxarışları:
İbrahimbəyovun Heydər və İlham Əliyevlə münasibətləri
Mənim Heydər Əliyevlə münasibətlərim xeyli mürəkkəb idi, o, hakimiyyətdən gedəndən sonra münasibətimiz yaxşılaşdı. O, Moskvada olanda biz onla danışırdıq, onda heç kim onun dönəciyini ağlına belə gətirmirdi. O qayıdanda bizim əlaqəmiz yarandı, mənim və qardaşımın yubileyində iştirak etdi. İlham Əliyevlə münasibətim isə həmişə çox yaxşı olub. O, çox savadlı, hörmətcil, yaşlılarla hörmətlə ünsiyyət quran adamdır, münasibətlərimiz həmişə çox yaxşı olub.
“Qafqaz triosu” filminə görə tənqidlərə reaksiya
Öz mahiyyəti etibarilə Azərbaycan hakimiyyəti yekcins deyil. Bir neçə il əvvəl Bakıda mənə təhlükə yaranmışdı. Təhlükə kifayət qədər ciddi idi. Mən qardaşımın dəfni üçün Bakıya gedəndə bəzi yüksək vəzifəli şəxslər dedilər: “Ah, bizim hökumətimiz necə də humanistdir, sizə qardaşınızın dəfnində iştirak etməyə icazə verdik”.
Mən təbii ki, onlara güldüm. Hər yerdə olduğu kimi, Azərbaycanda hökumət yekcins deyil. Orada kifayət qədər radikal qüvvələr var ki, yarım il bundan əvvəl “Qafqaz üçlüyü” filminə görə mənim üstümə hücum çəkmişdilər. Yarım il əvvəl bir dənə də olsun media orqanı yox idi ki, mənə palçıq atmasın.
Bunu sizə deməliyəm ki, bu, doğrudur, 5 ay əvvəl mənim titul və mükafatlarımdan məhrum edilməyimlə bağlı fərman prezidentə təqdim olunanda o, bunu cırıb atıb və “bu biabırçılığı yığışdırın” deyib. Buna görə də mən deyirəm ki, hakimiyyət yekcins deyil.
Prezident seçkilərində iştirak
Bütün məsələ ondadır ki, təxminən 2013-cü ildə Azərbaycanda vətəndaş cəmiyyəti ilə bağlı çox ciddi problemlər yaranmışdı. Ziyalılar praktiki olaraq, ölkənin həyatında hansısa əhəmiyyətli bir rol oynamağı dayandırmışdılar. Mən uzun müddət hamını çağırırdım ki, belə olmaz, Azərbaycanda ziyalılar var, amma ziyalılarlar sosial təbəqə kimi yoxdur. Əvvəlcə Ziyalılar Forumu yaratdım, sonra bu forum tədricən dağıdıldı, bu səbəbdən mən və yoldaşlarım, necə deyərlər, radikallaşdıq və yeni qurum yaradaraq onu Demokratik Qüvvələrin Milli Şurası adlandırdıq. Və mən 25-30 il ərzində ilk dəfə özünü müxalifət adlandıran bütün gücləri birləşdirdim, məhz ona görə ki, siyasətdən kənar insan idim. Onlar bir-biri ilə vuruşurdular və bu gün də vuruşmağa davam edirlər, amma çoxları deyirdilər ki, bu Şuraya sənə görə daxil olacağıq və daxil də oldular.
Mən uzun müddət onlara izah etdim ki, prezident fəaliyyətindən mənim qədər uzaq olan adam yoxdur. Dedilər, onda biz gedəcəyik. Və nəticədə onlar dağılışdılar, çünki mən öz namizədliyimi irəli sürmür və qəti surətdə bundan imtina edirdim. Bundan əlavə, onları xəbərdar edirdim ki, Azərbaycan vətəndaşı olmaqla bərabər, mən həm də Rusiya vətəndaşıyam və bu səbəbdən böyük problemlər olacaq. Və qabaqcadan gördüyüm kimi, mənə Rusiya vətəndaşlığından vaxtında çıxmaq imkanı vermədilər. Prinsip etibarilə, bu məni çox sevindirdi. Və nəticədə mən, necə deyərlər, prezident yeri uğrunda mübarizədən çıxdım.